Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. DÇ-2026-nın seçmə mərhələsinin oyunları davam edir.
Dünən maraqlı qarşılaşmalardan biri Osloda keçirildi. ''Ullevol'' stadionunda Norveç İtaliyanı qəbul etdi.
Düşünmək olardı ki, son iki mundialdan kənar qalmaqla fanatlarına şok yaşadan İtaliya bu dəfə seçmə mərhələyə daha məsuliyyətli yanaşacaq.
Ancaq dördqat dünya çempionu yenə futbol ictimaiyyətini pis mənada təəccübləndirdi.
Aleksander Sörlot, Antonio Nusa və Erlinq Holannın hələ ilk yarıda vurduğu qollarla Norveç güclü rəqibini 3:0 hesabı ilə darmadağın etdi!
Bir neçə gün öncə Çempionlar Liqasının qalibi olan və finalda qapısını toxunulmaz saxlayan Canluici Donnarumma bu dəfə bir hissəyə 3 top buraxdı.
Holann Norveçin heyətində ardıcıl 5-ci oyunda meydanı qolsuz tərk etmədi.
Böyük fərqlə bu komandanın tarixinin ən məhsuldar oyunçusu statusunda olan ulduz forvard yığmada 42-ci oyunda vurduğu qolların sayını 41-ə yüksəltdi.