Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.
“Əvvəllər İctimai Televiziyanın (İTV) kifayət qədər uğurlu verilişləri olub və biz bunu təqdirlə qarşılayırıq. “Açıq dərs” kimi verilişlərdə təhsil, dil problemləri, eləcə də alimlərin və elm adamlarının nailiyyətləri müzakirə edilirdi. Bu tip verilişlərin istər köhnə, istərsə də yeni formatda —yenidən efirə qaytarılması olduqca zəruridir”.
Gununsesi.info bildirir ki, bu fikirləri deputat Fazil Mustafa Milli Məclisin iclasında deyib:
“Televiziya, xüsusilə də İTV dili sadəcə əks etdirmir, desək yanılmarıq dili formalaşdırır. Efir dili auditoriyanın gündəlik danışıq tərzinə, gənc nəslin dil vərdişlərinə, hətta yazı mədəniyyətinə birbaşa təsir göstərir.
Bu səbəbdən efirdə səslənən hər söz, hər intonasiya və hər ifadə ictimai məsuliyyət daşıyır. Bu baxımdan hesab edirəm ki, İctimai TV-nin Yayın Şurasının yeni tərkibi qarşısında bir sıra mühüm vəzifələr dayanır. Üstəlik, bu mənəvi məsuliyyət dairəsi təkcə İTV ilə məhdudlaşmamalı, digər televiziya kanallarını da əhatə etməlidir. Çünki dil problemi yalnız televiziya ilə məhdudlaşan məsələ deyil.
Dövlət İmtahan Mərkəzinin nəticələrinə diqqət yetirsək görərik ki, Azərbaycan gəncləri ən yüksək nəticəni ingilis dilindən, ən aşağı nəticəni isə Azərbaycan dilindən göstərirlər. Halbuki ana dili , doğma dil mahiyyət etibarilə yaşanaraq öyrənilir.
Biz uşaqlıqdan dili qrammatika üzərindən öyrənmirik. Xarici dillər isə əsasən qrammatik qaydalar vasitəsilə mənimsənilir. Yaşanaraq öyrəndiyimiz dili sonradan qrammatik sistemə köçürə bilmədiyimiz, onunla uzlaşdıra bilmədiyimiz üçün əsas problem Azərbaycan dilinin mənimsənilməsində ortaya çıxır”.
Şəbnəm