Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
2026-cı ilin ilk 6 ayında dünyada müxtəlif sahələrə təxminən 538 milyard dollar dəyərində transsərhəd investisiya yatırılıb.
Yeniavaz.com “fDi Intelligence”ə istinadən xəbər verir ki, bu investisiyalara yalnız yeni layihə və obyektlərin yaradılmasına yönələn birbaşa xarici investisiyalar daxildir.
Bildirilir ki, ən çox investisiya rabitə sektoruna yönəlib. Bu sahəyə ilin ilk yarısında 139,3 milyard dollar sərmayə yatırılıb. Bunun əsas hissəsini isə məlumat mərkəzləri təşkil edib. Məlumat mərkəzlərinə 131 milyard dollardan çox investisiya cəlb edilib.
2026-cı ilin ilk yarısında ən çox investisiya alan 10 sektor belə olub:
Rabitə – 139,3 milyard dollar;
Bərpa olunan enerji – 73,3 milyard dollar;
Kömür, neft və qaz – 44,7 milyard dollar;
Yarımkeçiricilər – 38,8 milyard dollar;
Nəqliyyat və anbar – 24,9 milyard dollar;
Daşınmaz əmlak – 23,9 milyard dollar;
Metallar – 23,7 milyard dollar;
Sənaye avadanlığı – 14,6 milyard dollar;
Elektron komponentlər – 13,7 milyard dollar;
Proqram təminatı və İT xidmətləri – 13,7 milyard dollar.
Məlumat mərkəzlərinə yatırılan investisiyaların böyük hissəsinin süni intellektlə bağlı olduğu bildirilir. Çünki böyük süni intellekt modellərinin hazırlanması və işlədilməsi üçün yüksək hesablama gücü tələb olunur.
May ayında Yaponiyanın “SoftBank” şirkəti Fransada məlumat mərkəzlərinin yaradılması üçün 50 milyard dollardan çox investisiya planını açıqlayıb.
Süni intellektə marağın artması enerji sektoruna da təsir göstərir. Məlumat mərkəzlərinin böyük həcmdə elektrik enerjisinə ehtiyacı olduğundan bərpa olunan enerji 73,3 milyard dollar, kömür, neft və qaz sektoru isə 44,7 milyard dollar investisiya cəlb edib.
Murad Məmmədov