Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi başlanıb.
Bəs, abituriyentlər bu seçimdə nəyə diqqət etməlidirlər?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirdi ki, bu gündən etibarən ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və 11 illik baza əsasında orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi mərhələsi başlanır:
"Bu proses sentyabr ayının 3-nə qədər davam edəcək. Burada abituriyentlər diqqətli olmalıdırlar. Onlar daha real qəbul imkanları olan ixtisaslara, hansı istiqamətdə qəbul şansları yüksəkdirsə, həmin ixtisaslara üstünlük verməlidirlər. Əsasən əmək bazarı araşdırılmalıdır. Daha çox əmək bazarında tələb olunan ixtisas istiqamətlərinə üstünlük verilməlidir, istər ali təhsil müəssisələrinə qəbulda, istərsə də orta ixtisas təhsili müəssisələrinə qəbulda. Əsas perspektivli sahələr informasiya texnologiyaları yönümlü, kompüterlə bağlı sahələr, o cümlədən iqtisadi və tibbi ixtisaslardır. Xüsusilə də kənd təsərrüfatı yönümlü ixtisaslara üstünlük verməlidirlər. Çünki hazırda ölkəmizdə kənd təsərrüfatı istiqamətində əmək bazarında kadrlara kifayət qədər ehtiyac var. Ona görə də həmin sahələr üzrə təhsil alanların gələcəkdə iş imkanları daha yaxşı ola bilər. Eyni zamanda, illik təhsil haqqı məsələsini də mütləq diqqətə almalıdırlar. Əgər ödəyə bilməyəcəkləri məbləğdə illik təhsil haqqı varsa, maksimum təhsil haqqı olan ixtisasları deyil, imkanları daxilində olan minimum təhsil haqqını əsas götürərək prosesdə iştirak etməlidirlər".
NURİYYƏ