Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.
O bildirib ki, "işıq pulu" kimi ödədiyi ödənişlərin bir hissəsi yoxa çıxıb. Daha dəqiq desək, edilən ödənişlər qurum tərəfindən qeydə alınmayıb.
E.Əfəndi başına gələnləri Ölkə.az-a danışıb.
"2023-cü ilin sentyabr ayından köçdüyüm ünvana 10 gündür ki, yenidən qayıtmışam. Gələndən elektrik enerjisi qaydasında verilib. Sentyabrın 29-da gecə saat 23.30-dan işıq sönüb. Düşündüm ki, yəqin ödənişin olmaması ilə bağlıdır. Baxdım ki, 11 manat 10 qəpik borc var və ödədim.
Gözlədim ki, yəqin indi işıq yanar, amma yanmadı. Qəza xidməti ilə əlaqə saxladım, bildirildi ki, sizin sayağacınız 2023-cü ilin oktyabr ayında dəyişdirilib. Buna görə də, smart tipli sayğaca ödədiyiniz ödəniş hesaba oturmur, gərək kart olsun. Deyirəm, yaxşı, sayağac dəyişilibsə, mənə niyə məlumat verilməyib ki, bir abonent olaraq sizin sayağacınız dəyişdirilir. Hətta bir həftədə iki dəfə sayağac yenilənib. Amma heç birindən mənim abonent olaraq məlumatım olmayıb.
Baxıram, sayağac dəyişilib, lakin köhnə qutusu qalıb. Qutunu açdıqdan sonra yeni sayağac olduğunu görmüşəm. Sayğac yenidir amma kart yoxdur. Deyirlər, baxın kartı oralara hardasa qoya bilərlər. Baxıram, heç yerdə də kart yoxdur. Sonra dedilər ki, sabah yaxınlaşıb yenidən kart götürün. Qiyməti 15 manatdır. Evdə də iki uşaq, biri körpə, biri də məktəbli. İşıq yoxdur deyə, bilirsiniz ki, işığa bağlı olan digər prosedurları da icra etmək olmur.
ASAN kommunala müraciət eləmişəm və yeni kart veriblər. “Azərişıq”ın əməkdaşından soruşuram ki, bəs mənim bu vaxta qədər ödədiyim ödənişlər necə olacaq? Müxtəlif dövrlərdə ödəniş etdiyim təsdiqləndi və deyildi ki, həmin ödənişlərdən sabit tarif əsasında 8 manat tutulub, qalan hissə də karta yatırılıb. Evə gəldim, kartı yaxınlaşdırdım sayağaca, yenə də işıq yanmadı. Sonra “Azərişıq”ın Yasamal rayon şöbəsinə yaxınlaşdım. Qutunun dəyişilməsi və elektrik verilişinin bərpası üçün nümayəndə göndərmələrini rica etdim. Karta da təkrar 70 manat ödədim və yenidən 8 manat tutuldu. Yaxşı, bu 8 manat nə üçün tutuldu? Axı bura qədər ödədiyim ödənişdən sabit tarif üçün tutulma olmuşdu?
15 manat pul verib kart almışam, əvvəl ödədiyim ödənişlər ümumiyyətlə yoxa çıxıb. Dünən ödədiyim 11 manat 10 qəpik də hara yoxa çıxdı, məlum deyil. 2 dəfə də 8 manat tutulub. Bir saatdan sonra “Azərişıq”ın əməkdaşı yaxınlaşıb, kartı yükləyib və ondan sonra işıq bərpa olunub. Dünən saat 12-nin yarısından işığımız sönüb və 12 saatdan çox işıqsız qalmışıq.
Bu nə deməkdir, bu nə dərəbəylikdir? Həqiqətən də çox vicdansız yanaşmadır? Təxmini hesablamalarıma görə 50-100 manat yoxa çıxıb. Yəni təxminən 80-90 manata yaxın hissə görünmür. Hara yoxa çıxıb, bu neçə aylarda ödənən ödənişlər necə olub məlum deyil".
Ölkə.az məsələ ilə bağlı "Azərişıq" ASC-yə sorğu göndərib.