Icma.az bildirir, 525.az portalına istinadən. Esmira FUAD Türk Dünyası Qadınlarının İkinci Uluslararası Qurultayının nümayəndəsi və məruzəçi
Bu görüş UMAY ANA Türk Dünyası Qadınlar Birliyinin təşəbbüsü, Xəzər Universitetinin ev sahibliyi ilə gerçəkləşdi.
UMAY ANA Türk dünyası qadınlar birliyi deyəndə, səsləniş qulağa cazib gəlir. Son dərəcə çəkici bir addır, deyilmi?.. Və...
Haşiyə: Bu cazibədar birliyi 19 noyabr 2021-ci il tarixində Türk dünyasının öncül, istedadlı, təşəbbüskar və işgüzar qadınlarını bir araya gətirmək, onların birliyinə nail olmaq amacı ilə tarixçi alim, ictimai xadim, İstanbul Universiteti Ədəbiyyat fakültəsi Ümumi türk tarixi bölməsinin professoru Mualla Uydu Yücel yaradıb.
Onun imza atdığı "Birinci Rus salnamələrinə görə türklər", "Türk-İslam tarixi", "Türk-İslam bütünləşməsi", "Balkanlarda kalmıklar", "Qıpçaqlar", "Qazax Türklərinin milli oyunlarında at yarışları", "Xəzər xanlığı", "Peçeneqlər", "Uzlar və Kumanlar", "Türküstandan Dunaya qədər peçeneqlər", "Balkanlarda peçeneqlər", "Kumanlar (Qıpçaqlar)", "Monqolların tarixi", "Kuman torpaqlarının sınırları", "Slavyan/Rusların Xristianlığı qəbul etməsi və Rus Pravoslav kilsəsinin təməli", "XX əsrdə Rus-Bizans-Türkiyə Münasibətləri" kimi sanballı araşdırmalarının adı yetər ki, türkün gerçək tarixinin sorağı ilə Balkanlardan Altaylara, Anadoludan Türküstana və Çinə qədər yol gedən və əski türklərin yaşadığı geniş coğrafiyanın xəritəsini cızan bir elm fədaisinin türksoylu xalqlar arasında birlik yaratmaq istəyinin qutsallığına inanasan...
Fəaliyyət prinsipi "Türklüğümüz özümüz, birliyimiz gücümüz!" formulu olan Türk Dünyası Qadınlar Birliyinin də UMAY ANA adlandırılması təsadüfi deyil.
UMAY ANA Yer Tanrıçası da sayılır, Orxon-Yenisey yazılarında mələk Tanrıça mənasını daşıyır.
Qadın və uşaqları, xalqı qoruyan, ona xoşbəxtlik, həyat bəxş edən, bərəkət "verən" simvoldur.