Keçmişdən gələcəyə
Icma.az bildirir, 525.az portalına istinadən.
Esmira FUAD
Türk Dünyası Qadınlarının İkinci Uluslararası Qurultayının nümayəndəsi və məruzəçisi
Türk Dünyası Qadınlarının İkinci Uluslararası Qurultayı öncül və təşəbbüskar iş qadınlarını Bakıda bir araya gətirdi. Bu görüş UMAY ANA Türk Dünyası Qadınlar Birliyinin təşəbbüsü, Xəzər Universitetinin ev sahibliyi ilə gerçəkləşdi.
UMAY ANA Türk dünyası qadınlar birliyi deyəndə, səsləniş qulağa cazib gəlir. Son dərəcə çəkici bir addır, deyilmi?.. Və...
Haşiyə: Bu cazibədar birliyi 19 noyabr 2021-ci il tarixində Türk dünyasının öncül, istedadlı, təşəbbüskar və işgüzar qadınlarını bir araya gətirmək, onların birliyinə nail olmaq amacı ilə tarixçi alim, ictimai xadim, İstanbul Universiteti Ədəbiyyat fakültəsi Ümumi türk tarixi bölməsinin professoru Mualla Uydu Yücel yaradıb. Onun imza atdığı "Birinci Rus salnamələrinə görə türklər", "Türk-İslam tarixi", "Türk-İslam bütünləşməsi", "Balkanlarda kalmıklar", "Qıpçaqlar", "Qazax Türklərinin milli oyunlarında at yarışları", "Xəzər xanlığı", "Peçeneqlər", "Uzlar və Kumanlar", "Türküstandan Dunaya qədər peçeneqlər", "Balkanlarda peçeneqlər", "Kumanlar (Qıpçaqlar)", "Monqolların tarixi", "Kuman torpaqlarının sınırları", "Slavyan/Rusların Xristianlığı qəbul etməsi və Rus Pravoslav kilsəsinin təməli", "XX əsrdə Rus-Bizans-Türkiyə Münasibətləri" kimi sanballı araşdırmalarının adı yetər ki, türkün gerçək tarixinin sorağı ilə Balkanlardan Altaylara, Anadoludan Türküstana və Çinə qədər yol gedən və əski türklərin yaşadığı geniş coğrafiyanın xəritəsini cızan bir elm fədaisinin türksoylu xalqlar arasında birlik yaratmaq istəyinin qutsallığına inanasan...
Fəaliyyət prinsipi "Türklüğümüz özümüz, birliyimiz gücümüz!" formulu olan Türk Dünyası Qadınlar Birliyinin də UMAY ANA adlandırılması təsadüfi deyil. UMAY ANA Yer Tanrıçası da sayılır, Orxon-Yenisey yazılarında mələk Tanrıça mənasını daşıyır. Qadın və uşaqları, xalqı qoruyan, ona xoşbəxtlik, həyat bəxş edən, bərəkət "verən" simvoldur. Bu adda da araşdırdığı və tədqiqatlarında bir araya gətirdiyi türk qövmünün nəsil ağacını qorumaq qutsal missiyası saxlıdır... Oxucular üçün də maraqlı gələn bu Birliyin yaranma nədənlərini Türk dünyası qadınlarına və dünyaya ötürmək istədiyi mesajlar, sanal dünyaya açılış səhifələrindəki paylaşımlar bəlirləyir. Onlardan ən başda gələni UMAY ANA Türk Dünyası Qadınlar Birliyinin feysbuk səhifəsində Gənçlik qollarının üzvü İlknur Olgunun hazırlayıb paylaşdığı, "Türk qızı"nın kimliyini anladan eyniadlı şeirdir:
Qırx qız ismiylə dünyanı titrədən Türk qızı!
Nədir bu cəsur ürəklinin adı?
Altı oğlu əl-pənçə olmuş Vətənimin tək evladı...
Bir yanın qılınclarla hörülü, bir yanın ipəklərlə sarılı...
Ey Türk qızı! Sən babanın cəsur komutanı,
Annənin naif sultanı... Ölkənin qara gözlü, ağ gərdanı...
Torpağımın qoxusu, düşmanımın qorxusu,
əngin dağların türküsü...
İlmək-ilmək işlənən bu Vətənin ən gözəli sənsən,
Cahanın ilk xaqanı, altı oğullu babanın tək sultanı da sən...
Mervelinin atası... Sarkopun qoruyucusu da sənsən!..
Söylə, Türk qızı, sən kimsən?
- Mən qırgız qızı... Qırx qızıyla cəng edən Gülayam!..
Mən Allahyardan olma, Aksuluvdan doğma Gülayam...
Mən sənin bildiyin həm Tomris, həm də Qara Fatmayam...
Aktamkər yoldaşam, Sərvinaz sirdaşam,
Qırx qızımla cəng edən cahan hökmdarı mənəm...
Uca Arslan Bəyin eşi də Mən...
Mənim nəslim, necə ola ki...
Qadın hökmdar təkrar doğa!..
Qadın bu cahanda təkrar var ola!..
Göründüyü kimi, "Türk qızı" adlı bu şeir bütün türk dünyasında qadınların gücünü, cəsarətini, liderlik missiyasını poetik biçimdə anlatmaq amacı ilə qələmə alınıb... Şeirdə Qırğızıstanı və Türküstanı təmsil edən cəsur qırğız qızını müəllif Gülay adı ilə tanıdır, onu Tomris və Qara Fatma kimi əfsanəvi qadın obrazları ilə qiyaslayır. Cəsarətli, qüdrətli qadın lider kimi təsvir edir, "qırx qızla düşmənlərlə döyüşən", "dünyanın hökmdarı", "Böyük Arslan bəyin xanımı" kimi tərənnüm edir. Türk qadınının "Umay Ananın şəfqət və mərhəmətinin, Tomris Xatunun cəsarətinin, Nənə Xatunun müdrikliyinin" daşıyıcısı olduğu önə çəkilir. Böyük Səlcuqlu dövlətinin qurucularından olan Xorasan valisi Çağrı bəyin oğlu, Səlcuqlu Sultanı Tuğrul bəyin qardaşı oğlu Alp Arslan bəyin həyat yoldaşı-Akca-Aka Xatun", "Aktemker (qədim)" və "Sərvinaz" kimi sunulan sirdaşlarının olması onun həm ailə həyatında, həm də savaşlarda öncül mövqeyini nümayiş etdirir. Türk qadının sadəcə "sadəlövh, saf və ilk sultan" deyil, eyni zamanda "atasının igid sərkərdəsi", yerin ətri, sal qayalı dağların türküsü, düşmənin qorxusu kimi güclü və mərd şəxsiyyət olduğu vurğulanır, qadın hökmdarların yenidən doğulması və dünyada qadın gücünün dirçəlməsi arzulanır, güclənmiş qadınlar tərənnüm edilir.
Bu günümüzün Tomrisləri, Qara Fatmaları, Gülayları - aslan ürəkli türk qadınları, elm-sənət xadimləri 01 oktyabr 2025-ci il tarixində Qarabağımızın erməni tapdağından azad olunmasının - möhtəşəm Zəfərimizin beş ilinin tamamında odlar-alovlar yurdu Azərbaycana, baş şəhərimiz Bakıya gəldilər. Xəzər Universitetində qızıl payızın ilk iki günündə (2-3 oktyabr) "Türk dünyasında qadın" - "Türk dünyasının qabaqcıl və təşəbbüskar-işgüzar qadınları" mövzusunda Türk dünyası qadınlarını birləşdirən və Turana doğru bir addım olan II Uluslararası qurultay (çalıştay) xəyal deyildi, böyük reallıq, bir gerçək idi.
UMAY ANA Türk dünyası qadınlar birliyinin təşkil etdiyi çalıştay Xəzər Universiteti, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi, Xaricdə Yaşayan Türklər və Əqrəba Topluluqlar Təşkilatı, Türk Dünyası və Qohum Toplumlar Təşkilatı, Türk Dünyası Birliyinin təşkilati tərəfdaşlığı və koordinasiyası ilə təşkil olunan və Axıska Türkləri Dərnəyi, Kipr Türk Qadın Sahibkarlar Dərnəyi, Türk Qadın Akademiklər Dərnəyi, İstanbul Gedik Universiteti, İstanbul Gedik Universiteti Qadın Sahibkarlıq Tətbiqi və Araşdırma Mərkəzi və İstanbul-Azərbaycan Dostluq Dərnəyinin iş birliyi ilə gerçəkləşdi və Ahıska türkləri, Azərbaycan, Bolqarıstan, Şərqi Türküstan, Qaqauziya Muxtar Bölgəsi, İraq türkmanları, Qazaxıstan, Krım, Kosova, Şimali Kipr Türk Cümhuriyyəti, Özbəkistan, Türkmənistan və Türkiyə Cümhuriyyətini təmsil edən tanınmış qadın alimlər, yazıçılar, ictimai fəallar, QHT və dövlət qurumlarının nümayəndələrinin (60 nəfərdən çox) qatılımçılığı ilə böyük uğurla keçirildi.
Qurultay öz işinə dərin məna qapsayan yüksək səviyyəli açılış çıxışları ilə başlayıb. Tədbirdə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri, prof. dr. Birol Akgün, Umay Ana TDKB, TÜRKKAB və Qurultay Təşkilat Komitəsinin sədri, prof. dr. Mualla Uydu Yücel, Xəzər Universitetinin rektoru dr. Raziyə İsayeva, Dünya Alpaqut Federasiyasının prezidenti və Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müşaviri Jalə Əhmədova, DATÜB baş katibi Fuad Uçar, Bolqarıstan Dulova şəhərinin meri Nevhis Lütfi Mustafa, Kosovo millət vəkili Fidan Brina Jilta, Azərbaycan millət vəkilləri Sevil Mikayılova, Səbinə Salmanova, TÜRKPA sədri dr. Tamam Cəfərova, Qaqauziya mədəniyyət naziri Marina Semyonova və KKTC-nin Azərbaycandakı nümayəndəsi, səfir Ufuk Turganer çıxış ediblər.
Umay Ana Türk Dünyası Qadınlar Birliyinin, TÜRKKAB və Qurultayın Təşkilat Komitəsinin sədri, prof. dr. Mualla Uydu Yücel açılış nitqində tarixdə türk qadınının önəmli rolundan bəhs edərək vurğuladı ki, tarix boyu müxtəlif coğrafiyalarda yaşayan türk qadınları bütün zamanlarda öz ərlərinin, ata və babalarının, qardaşlarının, sevdiyi igidin yanında və arxasında olublar. Biz öz fəaliyyətimizlə, yayımladığımız kitab və dərgilərlə türk birliyini möhkəmləndirəyə, qırılmış bağlarımızı bərpa etmək uğruna çaba veririk...
İki gün davam edən elmi proqram çərçivəsində ümumilikdə beş sessiya təşkil olunub:
"Tarixi prosesdə Azərbaycan" adlı açılış sessiyasına Xəzər Universitetinin Təbiət elmləri və mühəndislik fakültəsinin dekanı dr. Fəxrəndə Əfəndiyeva sədrlik edib. Sessiyada "Azərbaycanın dövlətçilik tarixi", "Əsrin soyqırımı: Xocalı", "Xocalı soyqırımının Azərbaycan qadınları üzərində təsiri", "İkinci Qarabağ müharibəsinin nəticələri" və "Türkiyə-Azərbaycan münasibətləri" mövzularında məruzələr dinlənilib.
Prof. dr. İradə Hüseynovanın sədrliyi ilə keçən "Türk dünyasının ədəbiyyat və mətbuatda öncül qadınları" sessiyasında "Şəfiqə Qaspıralı", "Azadə Musayeva", "Zeynə Qəniyeva", "Sürəyya Ağaoğlu" və "Türkmən ədəbiyyatında öncü qadınlar" kimi mövzular müzakirə edilib.
"Türk dünyasının elmdə və akademiyada öncül qadınları" sessiyasına Xəzər Universitetinin Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı dr. Milana Abbasova rəhbərlik edib. Burada Türkiyə, Qazaxıstan, Qırğızıstan və Şərqi Türküstandan olan elmi lider qadınlar haqqında məruzələr təqdim olunub.
"Türk dünyasının ictimai həyatda öncül qadınları" sessiyasının yönətimini prof. dr. Meşkure Yılmaz edib və sessiyada "Ailə birliyinin qorunmasında qadınların rolu", "Sürgün dövründə qadınların taleyi", "Bəxtiyar Vahabzadənin yaradıcılığında Ana qonusu", "Mücahid qadınlar" kimi mövzular yer alıb.
"Nəzihe Muhiddin və Qadınlar Xalq Firqəsi", "Süni intellekt dövründə qadın liderliyi", "Nailə xanım İsayevanın uğur hekayəsi", "Türkiyədə qadın sahibkarlığı" və "Özbəkistanda qadınların biznesdə rolu" mövzularında çıxışları isə çalıştayın qatılımçıları Xəzər Universitetinin Təbiət elmləri, sənət və texnologiya yüksək təhsil fakültəsinin dekanı dr. Günel Bahəddinovanın sədrlik etdiyi "Türk dünyasının idarəçilik və sahibkarlıqda öncül qadınları" adlı son sessiyada dinləyiblər.
Dostluq, qardaşlıq və ortaq dəyərlər çərçivəsində türk birliyinin və həmrəyliyinin güclənməsinə mühüm töhfə verəcək və böyük məna kəsb edən çıxışlarla gerçəkləşən qurultay Türk dünyasında qadınların tarixi, mədəni və sosial sahələrdəki rolu elmi əsaslarla araşdırılıb, onların ictimai həyatda, elm və sahibkarlıq sahəsində oynadığı mühüm rollar geniş müzakirə edilib, həmçinin gələcək nəsillər üçün güclü və təsirli türk qadını modelinin formalaşdırılması istiqamətində əhəmiyyətli nəticələr əldə olunmasına yönəlik fikirlər yürüdülüb... Çalıştayın elmi proqramına uyğun şəkildə məruzələrin dinlənildiyi beş sessiyada Türk dünyasında qadınların sahibkarlıq potensialı və liderlik rollarına dair elmi müzakirələr aparıldı və müxtəlif elm sahələrini və peşəkar səviyyələri təmsil edən qadınların da böyük marağına səbəb oldu. Türk dünyası qadınları üçün daha güclü gələcək üçün strateji gələcəyə baxış yaratmaq, regionlararası kommunikasiya şəbəkələrini gücləndirmək məqsədi daşıyan bu önəmli çalıştay yüksək səviyyəli institusional əməkdaşlığı ilə də diqqət çəkib.
Kökümüz Altayda, qanımız Bozqırda,
Atalarımızın səsi eşidilir hər bir sırda.
İgidlik dastanı, tariximizin işığı,
Türk milləti bir bütündür, sonsuz bir işıq...
Birlikdə olduğumuz üç gün boyunca Türk millətinin böyük bir millət, bir bütün, sonsuz bir işıq olduğuna bir daha əmin olan qonaqların və digər qatılımçıların ürəyi qürur, fərəh duyğularından vəcdə gəlirdi...
Bakı küçə və xiyabanlarının təmizliyindən, insanların isti münasibətindən və mehribanlığından, əski və müasir tipli binaların yüksək zövqlə inşa edilməsindən və Qarabağda igid əsgərlərimizin şücaətindən, sessiyalardan sonra ifa edilən möhtəşəm musiqimizdən sevgi ilə bəhs edən Türksoylu qonaqlarımız sanki Uluyurdumuzu yenidən tanıyıb kəşf edir, onlara hədiyyə olaraq bağışladığım Xarıbülbül döş nişanını da fərəhlə yaxalarında gəzdirir, yeri gəldikcə xorla mahnılar, ən çox da Nurlan Naxçıvanlının "Yaşa, Azərbaycan" şərqisini bir ağızdan oxuyur, "Türk birliyimiz davamlı, əbədi olsun!.. - deyirdilər...


