Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Kələm turşusu payızın soyuğunda süfrələrin sevilən təamı olmaqla yanaşı, sağlamlıq üçün də faydalı xüsusiyyətlərə malikdir. Bağırsaqların fəaliyyətini yaxşılaşdıran, immun sistemini dəstəkləyən bu qida düzgün və ölçülü qəbul edildikdə orqanizmə bir sıra müsbət təsirlər göstərir.
“Yeni Sabah” kələm turşusunun sağlamlıq üçün faydalarını təqdim edir.
Kələm turşusu fermentasiya yolu ilə, yəni kələmin təbii şəkildə mayalanması nəticəsində hazırlanır. Bu proses zamanı faydalı bakteriyalar yaranır. Həmin bakteriyalar bağırsaqlardakı mikrofloranın tarazlığını qorumağa və həzm sisteminin normal fəaliyyətinə kömək edir. Bakıda online alış-veriş
Bağırsaqların sağlamlığı isə immun sisteminin fəaliyyəti ilə də sıx bağlıdır. Buna görə də təbii üsulla hazırlanmış kələm turşusunun müntəzəm, lakin ölçülü şəkildə qəbulu orqanizmin müdafiə mexanizmlərini dəstəkləyir.
Bu qidanın digər üstünlüyü C vitamini və antioksidantlarla zəngin olmasıdır. C vitamini immun sisteminin normal fəaliyyəti üçün vacibdir. Antioksidantlar isə hüceyrələri zərərli təsirlərdən qorumağa kömək edir. Kələmin tərkibindəki bəzi təbii birləşmələr, xüsusilə qlükozinolatlar və onların parçalanması nəticəsində yaranan maddələr də elmi araşdırmalarda xərçəng riskinə mümkün təsirləri baxımından öyrənilir.
Kələm turşusu xüsusilə qəbizlikdən əziyyət çəkənlər üçün faydalı qidadır.. Tərkibindəki liflər bağırsaqların fəaliyyətini dəstəkləyir, həzmi asanlaşdırır və nəcisin yumşalmasına kömək edir. Bu isə qəbizlik zamanı yaranan narahatlığı azaldır. Bundan başqa, kələm turşusunda K vitamini və B qrupu vitaminləri, həmçinin dəmir, kalsium və maqnezium kimi minerallar da mövcuddur. K vitamini qan laxtalanması və sümük sağlamlığı üçün vacibdir. Tərkibindəki C vitamini isə kollagenin yaranmasında iştirak edərək dərinin sağlamlığını dəstəkləyir. Aşağı kalorili olması kələm turşusunu çəkisinə nəzarət edənlər üçün də münasib qidaya çevirir. Lifli tərkibi toxluq hissinin daha uzun müddət davam etməsinə kömək edir. Onu salatlarda, əsas yeməklərin yanında, sendviç və digər yeməklərin tərkibində istifadə etmək mümkündür.
Kələm turşusunun bəzi məqamlarına isə xüsusi diqqət yetirmək lazımdır. İlk növbədə, bu məhsulun tərkibində duzun miqdarı yüksək olur. Buna görə də yüksək təzyiqdən əziyyət çəkənlər və duz qəbulunu məhdudlaşdırmalı olanlar ehtiyatlı davranmalıdırlar.
Həmçinin, həddindən artıq kələm turşusu yemək bəzi insanlarda qaz, şişkinlik və mədə narahatlığı yarada bilər. Təbii fermentasiya olunmuş, keyfiyyətli məhsullara üstünlük vermək, gündəlik qidalanmada isə miqdarı aşmamaq tövsiyə olunur.