Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Son illər Azərbaycan təhsil sistemində həyata keçirilən islahatların mərkəzində müəllimlərin peşəkar hazırlıq səviyyəsinin qiymətləndirilməsi, yəni sertifikasiya prosesi dayanır. Təhsilin keyfiyyətinin yüksəldilməsi və şagirdlərin müasir tələblərə cavab verən kadrlar tərəfindən təlim-tərbiyə alması baxımından bu proses müstəsna əhəmiyyət daşıyır. Lakin imtahan nəticələrində hər il müəyyən sayda müəllim minimal keçid balını toplaya bilməyərək sertifikasiyadan kənarda qalır. Sertifikasiyadan uğur qazanmayan müəllimlərin ucqar kəndlərə göndərilməsi müzakirə mövzusudur.
Təhsil eksperti İlqar Orucov mövzu ilə bağlı fikirlərini Modern.az-a açıqlayıb. Onun sözlərinə görə, bu yanaşma çox yanlışdır.
"Təhsil menecmenti, qanunvericilik və pedaqoji ədalət prinsipləri baxımından yanaşdıqda, sertifikasiyadan kəsilən müəllimlərin güzəşt kimi kənd məktəblərinə göndərilməsi həm hüquqi, həm də konseptual olaraq qeyri-mümkündür və tamamilə yanlış bir yanaşmadır.
Bunun fundamental səbəblərindən biri odur ki, regional bərabərlik prinsiplərinə görə, ucqar kəndlərdə və rayonlarda oxuyan şagirdlərin də keyfiyyətli təhsil almaq hüququ şəhər şagirdləri ilə eynidir".
Ekspertin sözlərinə görə kənd məktəblərinə ən səriştəli, yüksək bal toplayan müəllimlər təşviq edilməlidir.
"İki cəhddən sonra bu minimal tələbi ödəyə bilməyən kadrların kənd məktəblərinə yönləndirilməsi təklifi dolayısı ilə “kənd yerlərində təhsilin keyfiyyəti aşağı da ola bilər” kimi təhlükəli bir stereotip yaradır. Əksinə, bölgələrdəki şagirdlərin potensialını üzə çıxarmaq üçün kənd məktəblərinə ən səriştəli, yüksək bal toplayan müəllimlər təşviq edilməlidir. Kənd məktəbləri zəif kadrlar üçün bir sığınacaq olmamalıdır".
İlqar Orucov qeyd edib ki, belə bir qərar qanunla ziddiyyət təşkil edər.
"Digər tərəfdən, Azərbaycan Respublikasının əmək qanunvericiliyinə və təhsil qaydalarına əsasən, təkrar sertifikatlaşdırmadan keçə bilməyən təhsilverənlərin əmək müqaviləsinə qanuni əsaslarla xitam verilir. Həmin şəxslərin müəllimlik hüququ formal olaraq dayandırıldığı üçün hüquqi statusunu itirmiş bir şəxsin hər hansı digər dövlət məktəbində, o cümlədən kənd məktəbində yenidən müəllim kimi fəaliyyətə başlaması qanunla ziddiyyət təşkil edir. Qanunvericilik bu şəxslərin müəllim kimi sistemə qayıtmasını yalnız Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanında yenidən uğur qazanmaq şərtinə bağlayır. Eyni zamanda, bu şəxslərin məcburi şəkildə ucqar kəndlərə göndərilməsi həm haqlı sosial narazılıq doğurar, həm də həmin müəllimlərdə dərin motivasiya əskikliyi yaradar. Öz fənnini zəif bilən bir müəllimin resursları məhdud olan kənd məktəbində effektiv nəticə göstərməsi pedaqoji baxımdan real deyil.
Dövlətin müvafiq qurumları tərəfindən bu kateqoriyadan olan vətəndaşların sosial statusu qiymətləndirilə və onlar təhsil müəssisələrində müəllimlikdən kənar digər inzibati və ya texniki vəzifələrə yönləndirilə bilərlər. Lakin onları birbaşa kənd məktəblərinə göndərmək region təhsilinə kömək deyil, əksinə, ordakı keyfiyyət göstəricilərinə ciddi zərbə olar. Fikrimcə, pedaqoji ekosistemin sağlamlığı naminə kənd məktəbləri savadlı müəllimlərin müasir innovasiya mərkəzinə çevrilməlidir".
Lamiyə Cənnətzadə