Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ermənistan Konstitusiyasında dəyişiklikdən sonra anklavlar məsələsi gündəmə gətiriləcək.
“Cebheinfo.az”-ın məlumatına görə, “Hraparak” nəşri belə yazıb.
Qeyd edilir ki, Azərbaycan Prezidenti əvvəlcə Qarabağ məsələsinin maneəsiz və tamamilə bağlanmasını, konstitusiyanın preambulasından Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasını, bundan sonra isə Ermənistanın sərhədləri məsələsinə keçmək istəyir.
“Halbuki Kərkinin təhvil verilməsi taleyüklü əhəmiyyət daşıyır. Məsələ burasındadır ki, Kərkinin itirilməsi bizim üçün strateji nəticələrə səbəb olacaq: Vayots Dzor (Keşişkənd) və Zəngəzur Ermənistanın şimal hissəsindən ayrı düşəcək.
Yeri gəlmişkən, “Vətəndaş Müqaviləsi” partiyası daxilindəki bəzi dairələr hələ də “Artsvaşen” (Başkənd) və Kərkinin dəyişdirilməsi mövqeyind qalırlar.
Lakin Paşinyan qəti şəkildə bu varianta qarşı çıxır və guya referendum olmadan Ermənistanın “suveren” ərazisi olan Başkənddən imtina edə bilməyəcəyinə istinad edir”.
Qeyd edək ki, “Hraparak” nəşrinin guya rəsmi mənbələrə əsasən yaydığı məlumatda feyk frazalar üstünlük təşkil edir və daha çox radikal siyasi qüvvələrin mövqeyini əks etdirir.
İlk növbədə, Ermənistan Konstitusiyasına dəyişikliklər məsələsini işğal altındakı anklav kəndlərin Azərbaycana qaytarılması ilə eyniləşdirmək olmaz.
Belə ki, Ermənistan Konstitusiyasının preambula hissəsində Müstəqillik Bəyannaməsinə istinad edilir. Müstəqillik Bəyannaməsinin qəbul olunmasında isə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Ermənistana birləşdirilməsinə dair Ermənistan SSR Ali Sovetinin və DQMV Milli Şurasının 1989-cu il 1 dekabr tarixli qanunsuz qərarı əsas götürülüb.
1995-ci ildə Ermənistan Konstitusiyası qəbul olunan zaman müxalifətin təzyiqi ilə həmin qərar ali qanunun preambulasına daxil edilib. Yəni Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları davam edir.
Bu da öz növbəsində, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin pozulması deməkdir. Ona görə də Azərbaycan tərəfi sülh müqaviləsinin imzalanması üçün Ermənistandan Konstitusiyaya dəyişiklik edilməsini tələb edir. Əks təqdirdə, sülh prosesi pozula bilər.
Dörd anklav kəndə gəlincə, bu yaşayış məntəqələri 1990-1992-ci illərdə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Ona görə də Ermənistan Konstitusiyasına dəyişiklik edilib-edilməməsindən asılı olmayaraq, həmin kəndlər qeyd-şərtsiz Azərbaycana qaytarılmalıdır.
Çünki Ermənistan 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycanla paraflanmış sülh sazişində qarşı tərəfin ərazi bütövlüyünü pozan hərəkətlərə yol verməyəcəyinə və ərazi iddiaları irəli sürməyəcəyinə dair öhdəlik götürüb. Əks təqdiqdə, Azərbaycanın həmin kəndləri güc yolu ilə işğaldan azad etmək hüququ var.
Lakin Ermənistanda revanşist dairələr Sədərək rayonunun Kərki kəndinin ilhaqına nail olmaq üçün uydurma arqumentlər səsləndirir.
Kərkinin yaxınlığından keçən və Ermənistanın şimalını İrəvandan keçməklə İran sərhədi ilə birləşdirən magistral yolun guya Azərbaycan tərəfindən bağlanacağına dair qondarma bəyanatlar verilir.
Halbuki Azərbaycan Zəngəzurdan keçən bütün nəqliyyat-kommunikasiya marşrutlarının açılmasında israr edir, TRIPP layihəsinə dəstək verir. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanacağı təqdirdə, bölgədən keçən bütün nəqliyyat-tranzit yolları açılacaq.
Ona görə də Ermənistanın şimalı ilə cənubunu birləşdirən magistral yolun bloklanacağı barədə iddialar sadəcə Kərki kəndinin Azərbaycana qaytarılmasına mane olmaq üçün ortaya atılıb.
Gədəbəy rayonunun Başkənd kəndi isə Azərbaycanın tarixi torpağıdır və bolşeviklər tərəfindən Sovet dövründə qanunsuz olaraq Ermənistana verilib.
Birinci Qarabağ müharibəsində Ermənistan Azərbaycana qarşı işğalçılıq müharibəsinə başlamaqla və Başkəndi əhatə edən inzibati sərhədləri tanımaqdan imtina etməklə 1991-ci il Almatı Bəyannaməsini pozub.
Ermənistan Qarabağda olduğu kimi, Başkənddə də separatizmə və terrorçuluğa dəstək verib. Ona görə də Ermənistanın yenidən Başkəndə iddia etmək və Azərbaycana məxsus olan ərazinin inzibati statusu ilə referendum keçirmək hüququ yoxdur.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Açar sözlər: Ermənistan Konstitusiyası Qarabağ
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin