Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı şəhəri Nərimanov rayonunda “Keşlə bazarı” kimi tanınan bazar söküləcək.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən APA-ya bildirilib.
Məlumata görə, bu, həmin ərazidə nəqliyyat sıxlığının azaldılmasında böyük rol oynayacaq yeni yolun çəkilişi ilə əlaqədardır.
Qeyd edilib ki, Bakı şəhərinin perspektiv inkişafı nəzərə alınmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisi ilə əlaqədar layihənin icrasına start verilib.
Layihənin xüsusi dövlət əhəmiyyəti nəzərə alınmaqla Heydər Əliyev prospektində və Ziya Bünyadov prospektində nəqliyyat vasitələrinin sıxlığının azaldılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulur.
Sözügedən layihə çərçivəsində yol hərəkətinin təşkilinin texniki xarakteristikalarının qısa analizinin nəticələri nəzərə alınaraq, ərazidə nəqliyyat problemlərinin əsaslı həlli, əsas nəqliyyat yollarının birbaşa əlaqələndirilməsi, mühüm nəqliyyat funksiyasını yerinə yetirən yollar üzrə optimal birləşmənin təmin edilməsi və alternativ marşrutların yaradılması, habelə ərazidəki nəqliyyat yollarının məntiqi birləşməsinin təmin edilməsi, ərazinin küçə-yol şəbəkəsinin nəqliyyat planlaşdırma sxeminin tamamlanması məqsədilə layihənin icra edilməsi mütləq olaraq məqsədəuyğun hesab edilir.
Layihənin əsas üstünlükləri Həsən Əliyev küçəsinin davamı olaraq Yusif Vəzir Çəmənzəmənli küçəsinə düzxətli davam etməklə şərq hissədə Ələsgər Qayıbov və Xəlil Rza Ulutürk küçələrinə birləşdirilməsi nəticəsində Təbriz küçəsi ilə Ağa Nemətulla və Əhməd Rəcəbli küçələrinin kəsişmələrində və "Nərimanov" metro stansiyası ətrafında müşahidə olunan nəqliyyat sıxlığı azalmış olacaq, habelə "Gənclik" və "Nərimanov" metro stansiyaları ətrafındakı ərazilərdən "Koroğlu" metro stansiyası istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin fasiləsiz yerdəyişmələrinin təmin edilməsinə şərait yaradılmış olacaq.