Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yusif Bağırzadə
Politoloq Yusif Bağırzadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistan parlamentinin yeni tərkibdə ilk iclasında II Qareginin dəvət olunmaması əslində ölkə daxilində dövlət–kilsə münasibətlərindəki gərginliyin hansı həddə olduğunu göstərir. Məlumdur ki, Ermənistan tarixində Apostol Kilsəsi yalnız dini institut funksiyasını yerinə yetirmir, eyni zamanda milli kimliyin formalaşmasında və ictimai-siyasi proseslərdə mühüm rol oynayan aktorlardan biri kimi çıxış edir. Buna görə də katolikosun parlamentin açılış mərasimindən kənarda qalması sadə məsələ deyil. Bu, faktiki olaraq hakimiyyətin dövlət institutları ilə dini qurumlar arasındakı münasibətlərə yeni çərçivə vermək cəhdidir.
Baş nazir Nikol Paşinyan hakimiyyətinin son illərdə həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biri Ermənistanın xarici siyasətində daha praqmatik və balanslı yanaşma formalaşdırmaqdır. Bakı və Ankara ilə münasibətlərin normallaşdırılması, regional kommunikasiyaların açılması və uzunmüddətli sülh gündəliyinin irəli aparılması bu kursun əsas elementləridir və əslində Ermənistanın öz maraqları baxımından da vacib olan məsələlərdir. Bu baxımdan kilsənin ənənəvi olaraq daha millətçi və şovinist mövqelərlə əlaqələndirilən siyasi təsir imkanlarının məhdudlaşdırılması hakimiyyətin daxili və xarici siyasət prioritetlərini uyğunlaşdırmaq cəhdi kimi qiymətləndirilə bilər.
“Azərbaycan və Türkiyənin əsas gözləntiləri ilk növbədə dayanıqlı sülhün təmin olunması, qarşılıqlı ərazi bütövlüyünün hüquqi müstəvidə də tanınması, yəni Konstitusiyadan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının çıxarılması, eləcə də regional əməkdaşlıq imkanlarının yaradılması ilə bağlıdır. Bununla yanaşı, uzunmüddətli sabitlik üçün yalnız siyasi sənədin imzalanması kifayət etmir. Ermənistanın konstitusion yanaşmaları, təhlükəsizlik konsepsiyası və qonşu dövlətlərlə münasibətlərə təsir edən bəzi ideoloji yanaşmalar da regional etimad mühitinə təsir edən amillərdir. Bu səbəbdən Bakı və Ankara üçün əsas məsələ Ermənistanın praktiki siyasətində sülh və əməkdaşlıq xəttinin möhkəmlənməsidir.
Kilsə ilə hakimiyyət arasındakı qarşıdurmanın güclənməsi isə Paşinyan hökuməti üçün daxili siyasi risklər yarada bilər. Ermənistan cəmiyyətinin müəyyən hissəsi əvvəlki qədər olmasa da, hələ də kilsəni milli-mənəvi dəyərlərin qoruyucusu kimi qəbul edir. Buna görə də dini institutun siyasi çəkisinin azaldılması cəmiyyətin müəyyən hissəsində narazılıq doğura bilər. Amma hakimiyyətin və o cümlədən hakimiyyət tərəfdarlarının bu addımı müasir, dünyəvi dövlət modelinin gücləndirilməsi kimi təqdim edəcəyinə də şübhə yoxdur”, – deyə əlavə edib.
Politoloqun fikrincə, əslində hakimiyyətlə kilsə arasında olan qarşıdurma Ermənistanın Rusiya ilə münasibətlərində baş verən dəyişikliklərin də tərkib hissəsi hesab oluna bilər. Çünki erməni Apostol Kilsəsi hazırda faktiki olaraq Rusiyanın “beşinci kolonu” qismində çıxış edir və Moskva hesab edir ki, İrəvanın Rusiyanın ənənəvi təsir dairəsindən uzaqlaşaraq Avropa, ABŞ, Türkiyə və Azərbaycanla daha fəal əməkdaşlıq xətti götürməsi Cənubi Qafqazda qüvvələr balansına təsir göstərə bilər.
“Rusiya üçün Ermənistan uzun müddət regiondakı əsas strateji dayaqlardan biri olub. İrəvanın xarici siyasətinin diversifikasiyası Moskvanın hərbi-siyasi təsir imkanlarını azalda, eyni zamanda regionda yeni diplomatik formatların yaranmasına səbəb ola bilər.
Odur ki, II Qareginin parlament mərasimindən kənarda qalması əslində daha geniş siyasi transformasiyanın simvolik göstəricisi kimi qiymətləndirilməlidir. Real dəyişikliklər isə yalnız institusional addımlarla deyil, Ermənistanın qonşuları ilə münasibətlərində həyata keçirdiyi konkret siyasət və qəbul etdiyi qərarlarla ölçüləcək. Cənubi Qafqazda davamlı təhlükəsizlik qarşılıqlı etimadın formalaşması, sülh sazişinin reallaşdırılması və region dövlətlərinin yeni əməkdaşlıq modelinə uyğunlaşmasından keçir”, – deyə o vurğulayıb.
İradə Cəlil, Bizimyol.info