Icma.az bildirir, Cebheinfo portalına istinadən.
Şimali Koreya lideri Kim Çen Inın beyin qanaxması keçirdiyi, komaya düşdüyü və müalicə üçün Çinə aparıldığı barədə yayılan iddialardan sonra onun vəfat etdiyi də irəli sürülüb.
“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, Çin Demokratiya Partiyasının sədri kimi tanınan Vancun Sye sosial şəbəkədəki paylaşımında Kim Çen Inın öldüyünü iddia edib. O, bu barədə “X” hesabında məlumat yayıb.
Sosial şəbəkələrdə sürətlə yayılan ölüm xəbəri hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib. Şimali Koreya və Çin rəsmiləri də məsələ ilə bağlı hər hansı rəsmi açıqlama verməyiblər. Britaniyanın “The Sun” qəzetinin gündəmə gətirdiyi məlumatlarda Kim Çen Inın beyin qanaxması keçirdiyi və vəziyyətinin ağırlaşması nəticəsində komaya düşdüyü iddia olunurdu. Şimali Koreyada tibbi imkanların məhdudluğu səbəbindən ölkə liderinin müalicə üçün Çinin paytaxtı Pekinə aparıldığı da irəli sürülmüşdü.
Kim Çen Inın öldüyü ilə bağlı təsdiqlənməmiş xəbərlər Şimali Koreyada mümkün hakimiyyət dəyişikliyi məsələsini də gündəmə gətirib.
Ölkənin idarəçiliyini kimin üzərinə götürə biləcəyi müzakirə olunarkən liderin bacısı Kim Yo Conq və 13 yaşlı qızı Kim Cu Aenin adları ön plana çıxıb.
Şimali Koreya Fəhlə Partiyasının rəhbərliyində mühüm vəzifələr tutan Kim Yo Conq, xüsusilə Cənubi Koreyaya qarşı sərt bəyanatları və ölkə rəhbərliyindəki nüfuzu ilə tanınır.
Kim ailəsinin ölkədəki siyasi gücü nəzərə alınarsa, mümkün hakimiyyət dəyişikliyi zamanı onun adı potensial varislər arasında çəkilir. Bununla belə, Kim Yo Conqun rəsmi şəkildə varis elan edildiyinə dair heç bir açıqlama yoxdur. Kim Çen Inın qızı Kim Cu Ae isə son illərdə atasının müşayiəti ilə qatıldığı hərbi mərasimlər və rəsmi tədbirlər sayəsində diqqət çəkir. O, ilk dəfə 2022-ci ilin noyabrında raket sınağı zamanı ictimaiyyətə təqdim edilib.
Sonrakı dövrdə hərbi paradlarda və silah istehsalı müəssisələrinə səfərlər zamanı da atasının yanında görüntülənib.
Cəmi 13 yaşında olduğu bildirilən Kim Cu Aenin dövlət tədbirlərində getdikcə daha çox görünməsi onun gələcəkdə ölkə rəhbərliyinə hazırlanması ilə bağlı ehtimallara yol açıb. Lakin Şimali Koreya rəhbərliyi onu da rəsmi şəkildə varis elan etməyib. Qeyd edək ki, Kim Çen In 2020-ci ildə təxminən üç həftə ərzində ictimaiyyət qarşısına çıxmadığı üçün oxşar iddiaların hədəfinə çevrilmişdi.
Həmin vaxt onun səhhətinin ağırlaşdığı və hətta vəfat etdiyi barədə şayiələr yayılmışdı. Lakin Şimali Koreya lideri daha sonra zavodun açılış mərasimində görüntülənərək bu iddiaları təkzib edən şəkildə yenidən ictimaiyyət qarşısına çıxmışdı.
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin