Kinli və miskin Kin! köşə

28.08.2025

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Robbi Kin Budapeştdəki ilk oyundan sonra demişdi ki, “Qarabağ”ın futbolçularının qələbəni belə emosional şəkildə qeyd etməsi mənim futbolçularım üçün özünəməxsus motivasiya mənbəyi olacaq.

Adamın üstündə Allah var; irlandiyalı mütəxəssis bu mənada sözünü tutdu, cavab oyununda “Qarabağ”a gücünü göstərdi, dünən stadionda və ekran qarşısında oyunu izləyən hər kəs son 10 dəqiqədə öldü-öldü, qayıtdı. Amma adam necə böyük futbolçu olur-olsun, məğlubiyyət halında da ləyaqətini və təmkinini, ədalətli oyun anlayışını qorumalı, bir sözlə, həyatın bütün epizodlarında böyüklüyünü qorumalıdı. Vaxtilə xüsusən də İngiltərə klublarının heyətində sərgilədiyi əzmkar oyunla Azərbaycanda da özünə çoxlu pərəstişkar qazanan Robbi Kin budəfəki sınaqdan üzüağ çıxa bilmədi.
Oyundan sonra Qurban Qurbanova yaxınlaşıb əlini sıxmaması, təbrik etməməsi başına dəysin! – bununla tərbiyə və əxlaq səviyyəsini, miskinliyini göstərib. Amma məni qəzəbləndirən başqa detallar da var.
Mətbuat konfransında iştirak edən yeganə macarıstanlı jurnalistin hazırladığı hesabat adamı dəli edir. Burdaca bir haşiyə çıxmaq istəyirəm: istər ölkədaxili turnirlərdə, istərsə də klubların və yığmaların beynəlxaq oyunlarında baş məşqçilərin fikirləri düzgün tərcümə olunmur – həm ingiliscədən, həm də ruscadan dilimizə tərcümə zamanı. Şəxsən mən bununla bağlı iradımı klublara çatdırmışam. Veclərinə almırlar, hər kəs problemi malalamaq yolunu tutur. Amma bu sahədə ciddi böhran yaşandığı başqa dilləri bilən, sonra da tərcümə variantını eşidən hər kəsə aydındı.
Bilirsizmi, miskin Kin Bakıda jurnalistlərin ona qol sevincini hədsiz emosional şəkildə qeyd etməsi ilə bağlı ünvanladığı suala necə cavab verib:

"Sizin başınız xarab olub?! Siz də qol vuranda qeyd etdiz, hamı ağlını itirmişdi. Sizin baş məşqçi qolu qeyd etmədi? Baş məşqçi robot olmalıdı?”

Kinin “Qarabağ”la bağlı dediklərindən də zəhər-zəhrimar yağır:

"Bu klubun Azərbaycan millisinə heç bir aidiyyatı yoxdu. "Qarabağ" əcnəbi oyunçuları götürür. Klub öz yığmasına kömək etmək istəyirsə, bizim yolumuzla getməlidi. Bir çox matçımızda 5-6 macar futbolçu oynayır. 6 oyunçumuz Macarıstan millisinə dəvət alıb".

Bir sözlə, Kinin oyunsonrası mətbuat konfransında ingiliscə dediyi sözlər dilimizə ya yumşaq tərcümə olunub, ya da bəzi fikirlər heç tərcümə olunmayıb. Amma Kin bütün hallarda bizim yadımızda kinli və miskin bir varlıq kimi qalacaq. Növbəti görüşə qədər!
HUŞƏNG
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью