Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan Kinematoqrafçılar İttifaqı ətrafında yaranmış süni ajiotaj səngimir...
Bir tərəfdə milli kinomuzun təəssübünü çəkən, onun inkişafını, dünya arenasına çıxışını, ən əsası mütərəqqi kino xadimlərinin birliyini arzu edən qocalı-cavanlı kinematoqrafçılar... Digər tərəfdə isə, nə istədiyini kəsdirə bilməyən 15-20 nəfərdən ibarət və olsa-olsa, Don Kixota parodiya adlana bləcək kiçik bir qruplaşma...
Qəribə də olsa, bu qruplaşmanın öz Don Kixotu da var, Sanço Pansosu da. Hətta onlar özləri üçün xəyali bir Dulsineya da "yapıblar" - yaşı çox olsa belə. Bu "dostların" Rosinant adlı "hayı gedib vayı qalmış" qoca bir yabıları, eləcə də Don Kixotun, nəhəng devlər saydığı yel dəyirmanları da var...
Onların tək bircə, amma ən vacib personajı çatmır -- Servantesi!
Bu yaşa gəlmişəm amma hələ də mənə çatmır ki, nəyə görə bəzi adamlar ciddi məsələlərə münasibət bildirəndə başlarından daha çox, -üzr istəyərəm -, digər girdə yerləri ilə düşünürlər?..
Haşiyə çıxaraq ərz edim ki, onların ədalət və reallıq hissindən savayı hər şeyləri var: samballı "day-dayları", orden-medalları, ad-sanları, dolanışıqları və sairə və ilaxır.
Birincilər (o cümlədən, mən də) AKİ -nin ümumi konfransının və sədr seçkilərinin ciddi şəkildə qanunla, nizamnamə tələblərinə uyğun olaraq, demokratik, tam şəffaf və alternativli, yəni çoxnamizədli keçirilməsi təşəbbüsü ilə çıxış edirlər.
İkincilər isə, iki ayaqlarını bir başmağa pərçim edibən, əsl bolşevik inadkarlığı ilə: "AKİ sədri seçkiylə yox, təyinatla olmadır!deyirlər.
Niyə təyinatla? Nədən kino ictimaiyyəti öz doğma ittifaqına sədr seçmək hüququndan məhrum olmalıdır? Nə üçün AKİ üzvlərinin, habelə İttifaqın taleyi kənarda, kimlər tərəfindənsə volyuntarizm hikkəsiylə həll edilməlidır?! Bu nonsens deyilsə, onda mən də Roma Papasının xalası nəvəsiyəm...
Davam edirəm:
- birincilər dəlil-sübutla, FAKTlarla danışır...
- ikincilər, tutduğunu buraxmayan kor kimi, - RƏYlərlə. Və heç cürə anlamaq istəmirlər ki, RƏYi hər zaman dəyişmək, inkar eləmək olar, FAKTı isə heç vaxt - nə dəyişmək, nə də inkar etmək olar!
- birincilər əsaslı arqumentlər, ədalətli yanaşma irəli sürür...
- ikincilər əsassız gümanlara və ədalətsiz yollara üstünlük verir...
- birincilər milli kinomuzun sabahını, bədi- sənədli kino yaradıcılığı və kino sənayesinin prospektini düşünür...
- ikincilər ancaq və ancaq öz komformist maraqlarını...
- birincilər milli kino sənətinə yeni nəfəs gətirən yeni nəslin taleyindən nigarandı..
- ikincilər öz şəxsi maddiyyatlarından...
- birincilər Mədəniyyət nazirliyi və onun nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) ilə müştərək iş birliyi qurub milli kinomuzun tərəqqisinə töhfə verməyə çalışır...
- ikincilər bu birlikdən əndişələnib aşkar şəkildə dağıdıcı mövqe sərgiləyirlər...
Əlbəttə, bu misalların sayını istənilən qədər artırmaq olar; ancaq elə bunlar da kifayətdir ki, kimin kim olduğu aydın olsun.
Kobud çıxsa da deməliyəm: "İa-aa!" - bu, uzunqulağ anqırtısının fonetik transkripsiyasıdır. Və məncə, bu gün bunu, Azərbaycan kinosunun inkişafına əngəl törədənlərin, milli kinomuzun büdrəməsinə rəvac verənlərin ən çox istifadə etdikləri səs birləşməsi də hesab etmək olar!..
Mənə görə, eləcə də Azərbaycan Kinematoqrafçılar İttifaqı üzvlərinin əksəriyyətinin fikirincə AKİ artlq öz sədrini seçib. Və lazım gələrsə, dübarə seçkiyə getməyə hazırdı. Təki Don Kixotu yamsılayanlar araya yeni təfriqə salmasınlar, təki işlərin gedişatına süni əngəllər törətməsinlər...
Təki, təki...
Bəli, bizim seçimimiz bəllidir! Və bu seçim milli kinomuzun yaşaması, tərəqqisi naminə bütün varlığı ilə çalışan dəyərli sənətkarımız Əli İsa Cabbarovdu! O Əli İsa Cabbarov ki, AKİ üçün son bir ildə... son 10 il ərzində edilənlərdən qat-qat çox işlər görüb. Pozitiv və alqışlanmalı işlər! Bunları danmaq, şübhəsiz ki, riyakarlıq və nadanlıqdan başqa bir şey deyil.
Haqqında bəhs etdiyim "mehriban dostlar" isə, səd heyif ki, hər bir normal insana xas olan beş hiss üzvündən ən azı ikisini salıb itiriblər - görmə və eşitmə hisslərini!..
Belə olmasaydı, onlar feyk bəyanatlar yaymaz, müxtəlif təşkilatlara donos yazmazdılar...
Nəhayət belə olmasaydı, onlar öz merkantil maraqlarını qorumaq xatirinə və guya daha uzağı görmək, yaxud daha yüksəyə dırmaşmaq üçün... vicdanlarından ayaqaltı düzəltməzdilər!..
Eldəniz Quliyev