Kulis.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır. Kulis.az Nihat Pirin "Dərzi qız üçün elegiya" yazısını təqdim edir.
Mən eynilikdən qaçan adamam. Sənə deyim, elə olur, evdəki əşyaların yerini dəyişirəm. Divan bu həftə bu yanda, gələn həftə o yanda.
Stol bu həftə tam ortada, gələn həftə bir küncdə. Kompüter masası bu həftə yatağın düz qarşısında, gələn həftə eyvanda. Yəni belə.
İşdən evə, evdən işə adlı həyatımda hər axşam eyni mənzərəni görməkdən sıxılaram. Bezərəm. Tükənərəm. Tez-tez kirayə mənzil də dəyişirəm.
Gəl elə söhbətin bu yerindəcə otuz illik ömrə sığal çəkəcək bir yalan da uydurum: ona görə öz evim yoxdur. Ona görə özümə ev almıram.
Ona görə özümə ev almaq istəmirəm. Mən inandım bu yalanlara, ən əziz oxucu, mən inandım, sən də inan.
Bir müddətdir, yeni kirayə mənzilimə öyrəşməklə məşğulam. Hər yeni kirayə mənzil yeni nələrsə deməkdir həm də.
Yeni küçələr, yeni avtobus nömrələri, yeni binalar, yeni restoranlar... Beləcə hər günüm yeni kəşflərlə keçir. Keçirdi.