Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Dekabrda Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, kirayədən əldə olunan gəlirlərdən vergi 14 faizdən 10 faizə endirildi. Əmlakını kirayə verən şəxs 10 faiz vergi ödəməli, vergi uçotuna alınıb, bəyannamə verməlidir.
Kirayə gəlirindən ödənilən vergi 14 faizdən 10 faizə endirildiyi halda, niyə kirayə bazarında qiymətlərin əksinə, bahalaşması proqnozlaşdırılır?Əmlak məsələləri üzrə ekspert Şahin Hüseynov bunu Bizimyol.info xəbər portalına belə izah edib: “Əvvəl vergi 14 faiz olsa da, o vergini ödəyənlərin sayı çox az idi. Evini kirayə verənlərin uzağı 10-20 faizi rəsmi müqavilə bağlayıb, vergi ödəyirdi. Müqavilə bağlayanların əksəriyyəti evini əcnəbilərə kirayə verənlər olurdu. Çünki Azərbaycanda yaşayış icazə almaq üçün onlara bu cür rəsmi sənədlər lazım olur. Elə şəxslər də var ki, onların kirayə haqqını iş yerləri ödəyir. Bu adamlar da rəsmi müqavilə bağlamaqda maraqlı olurlar. Əsasən bu kateqoriyadan olan adamlarla müqavilə bağlanırdı. İndi isə vəziyyət fərqlidir. Vergi 4 dərəcə azaldılsa da, müqaviləsiz olan kirayə mənzilləri vergiyə cəlb etmək üçün inzibati metodlar işə salınacaq. Belə olan halda, vergi ödəmək məcburiyyətində qalan mənzil sahibi qiyməti qaldıracaq”.
Başqa sözlə, ekspertlər verginin kirayə qiymətlərinin üzərinə gələcəyini proqnozlaşdırır.
Şahin Hüseynov hesab edir ki, mənzil sahibləri cərimə və sanksiyalardan çəkinərək, müqavilə bağlayacaqlar. Onun sözlərinə görə, artıq bu istiqamətdə aktivlik müşahidə olunur: “Bir sıra mənzil sahibləri müqavilə bağlayırlar, rəsmiləşdirirlər. Gələcəkdə cərimələnmək istəmirlər. Son vaxtlar telekanallarda bu istiqamətdə təbliğat gedir, hiss olunur ki, bu məsələnin üstünə düşüblər”.
Ekspert əlavə edib ki, əvvəlki dövrlərlə müqayisədə hazırda kirayə bazarında mənzil azdır. Onun sözlərinə görə, bunun da iki mümkün səbəbi ola bilər: “Ya kirayə mənzillərə tələbat həddindən artıq çoxdur, ya da insanlar şərtlərin dəyişməsindən sonra mənzillərini kirayə vermək istəmirlər. Nəticədə kirayə mənzil bazarında qıtlıq yaranıb. Tələbin təklifdən çox olması da qiymətin bahalaşmasına gətirib çıxarır”.
Aytən, Bizimyol.info