Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Son illərdə cəmiyyətin sosial strukturu nəzərəçarpacaq dərəcədə dəyişir.
Ənənəvi kollektiv yaşam və birlik dəyərlərinin yerini getdikcə daha çox fərdi seçimlər, şəxsi maraqlar və fərdi inkişaf prioritetləri tutur.
Bu dəyişikliklər təkcə mədəni və sosial faktorlarla deyil, həm də texnologiyanın, sosial şəbəkələrin və müasir həyat tərzinin təsiri ilə daha da sürətlənir.
Nəticədə insanlar arasındakı münasibətlərin forması, ünsiyyət tərzi və sosial bağların gücü yenidən formalaşır. Bu proses isə həm yeni imkanlar yaradır, həm də bir sıra sosial və psixoloji sualları gündəmə gətirir.
Bəs cəmiyyətdə fərdiləşmənin artmasının əsas səbəbləri nələrdir?
Sosioloq Hüseyn İbrahimov “Cebheinfo.az”-a bildirib ki, cəmiyyətdə fərdiləşmə prosesinin artması qlobal miqyasda müşahidə olunan mühüm sosial tendensiyalardan biridir:
“Qloballaşmanın sürətlə genişlənməsinə baxmayaraq, paralel şəkildə fərdiləşmə meyilləri də güclənir və bu iki proses sanki bir-birinə zidd istiqamətdə inkişaf edir. Bir tərəfdən qlobal dəyərlər və ümumi tendensiyalar güclənir, digər tərəfdən isə cəmiyyətlərin mikro səviyyəsində fərdiyyətçilik daha çox ön plana çıxır.
Ölkəmizdə bu proseslərə təsir edən əsas amillərdən biri informasiya texnologiyalarının sürətli inkişafıdır. Bir çox hallarda insanlar kollektiv şəkildə işləmək əvəzinə, fərdi şəkildə, xüsusilə evdən işləməyi üstün tuturlar. Eyni zamanda fərdlər öz fikir və mülahizələrinə əsaslanaraq qərar verməyə daha çox önəm verirlər. Bu isə cəmiyyətdə kollektiv düşüncənin zəifləməsi ilə paralel şəkildə gedən bir prosesdir.
Fərdiləşmənin artmasına təsir edən əsas səbəblərdən biri də ailə institutunda baş verən dəyişikliklərdir. Ailə və sosial strukturlardakı transformasiyalar insanlar arasında kollektiv asılılığı azaldır və fərdi düşüncə tərzini gücləndirir. Texnologiya və sosial şəbəkələr müasir dövrdə bu prosesə güclü təsir göstərən əsas amillərdən biridir. İnsanlar sosial platformalar vasitəsilə öz fikir və düşüncələrini daha geniş auditoriyaya çatdırır, bu isə fərdi mövqelərin daha çox ön plana çıxmasına şərait yaradır.
Eyni zamanda bu texnologiyalar fərdlərin öz düşüncələrini təsdiqləmə və möhkəmləndirmə prosesini də sürətləndirir. Fərdiləşmənin cəmiyyətə həm müsbət, həm də mənfi təsirləri mövcuddur. Müsbət tərəfdən baxdıqda, bu proses ideya müxtəlifliyini artırır, kreativliyi gücləndirir və yeni yanaşmaların ortaya çıxmasına şərait yaradır.
Lakin digər tərəfdən, fərdiləşmə həddindən artıq gücləndikdə kollektiv dəyərlərin zəifləməsinə, sosial bağların qırılmasına və ictimai həmrəyliyin azalmasına səbəb ola bilər. Fərdiləşən cəmiyyətləri iki istiqamətdə qiymətləndirmək mümkündür: “fərdiləşərək sosiallaşma” və “fərdiləşərək özünəqapanma”. Xüsusilə onlayn asılılığın artması bu prosesin mənfi nəticələrindən biri kimi qeyd olunur”.
Sosioloq qeyd edib ki, əgər fərdiləşmə ümumi ictimai maraqlardan uzaqlaşma yaratmırsa, bu proses cəmiyyət üçün faydalı ola bilər:
“Lakin ailə və sosial dəyərlərdən uzaqlaşma tendensiyası gücləndikdə, bu hal bir sıra sosial problemlərə gətirib çıxara bilər. Məsələn, boşanma hallarının artması, gənclərin ailə qurmağa gecikməsi və ya bu prosesdən uzaq durması bir çox ölkələrdə fərdiləşmənin artması ilə izah edilir”.
Aişə Abdulova
“Cebheinfo.az”
Açar sözlər: iş Hüseyn İbrahimov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin