Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Atçılığın konkur növü üzrə Azərbaycan çempionatı keçirilib.
Azərbaycan Respublikası Atçılıq Federasiyasının məlumatına görə 3 kateqoriya üzrə təşkil olunmuş budəfəki yarışlarda qələbə uğrunda 7 klub və cəmiyyətin 70-ə qətər konkurçusu yarışıb. Hündürlüyü 70-80 santimetr olan maneələrin dəf olunmasında ən yaxşı nəticəni Respublika Atçılıq və Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin yetirməsi, “Barat” ləqəbli atla yarışan Viktoriya Nduka göstərib. Onun komanda yoldaşı, “Burla” atının konkurçusu Cavid Qurbanəliyev 2-ci, “Nabat” atı ilə starta çıxan “Sərhədçi” Əhəd Məmmədov 3-cü olub. Bu kateqoriyada ilk 5-liyi “Elite” klubunun üzvləri, “Ayla” atı ilə yarışan Mədinə Məmmədova və “Məğrur” atı ilə mübarizə aparan Anar Hümbətov qapayıb.
Əvəzində Anar Hümbətov “Zirvə” atı ilə hündürlüyü 100-115 santimetr olan maneələrin dəf olunmasında fəxri kürsünün zirvəsini fəth edib. “Elite” klubundan Seyid Musayev “Parlaq” və “Uca” ləqəbli atlarla ona çatmayaraq müvafiq olaraq 2 və 3-cü yerlərlə razılaşıb. “Kartanio” atı ilə yarışan “Gilan” idmançısı Rahib İsmayılovun 4-cü olduğu bu kateqoriyada “Sərhədçi” Azad Şükürovun “Nabat”ı 5-ciliklə kifayətlənib.
Hündürlüyü 125-130 santimetr olan maneələrin dəf olunmasında marşrutu cərimə balı olmadan yalnız bir iştirakçı keçib. Bu da “Omar” Atçılıq Klubundan Kənan Novruzovun “Tutu MNM” ləqəbli atını kateqoriyanın qalibi edib. Seyid Musayev “Zidan” atı ilə 2-ci olduğu yarışda 3-cü nəticəni digər “Sərhədçi” Ramil İbrahimovun “Şirin”i göstərib.
Qaliblər və fərqlənmiş idmançılar Azərbaycan Respublikası Atçılıq Federasiyasının və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin diplomları, medalları ilə, çempionlar isə kubokla təltif olunublar. Mükafatları qaliblərə Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev təqdim edib.
Qabil YUSİFOĞLU
XQ