Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Körfəz regionunda davam edən müharibə Yaxın Şərqin iqtisadi və geosiyasi mənzərəsini dəyişdirir. Münaqişənin yaratdığı iqtisadi itkilər, enerji ixracındakı problemlər və nəqliyyat marşrutlarının pozulması region ölkələrinə fərqli təsir göstərir. Lakin bu prosesdə Oman gözlənilməz şəkildə üstünlük qazanır.
“The Economist”in təhlilinə görə, Oman müharibənin yaratdığı şəraitdən iqtisadi baxımdan faydalanan ölkələrdən birinə çevrilib. Bunun əsas səbəbi onun coğrafi mövqeyi, xüsusilə Hörmüz boğazından asılılığının digər Körfəz ölkələri ilə müqayisədə daha aşağı olmasıdır. İranın Hörmüz boğazında yaratdığı məhdudiyyətlər digər Körfəz dövlətlərinin ixrac imkanlarına mənfi təsir göstərdiyi halda, Oman dünya bazarlarına çıxışını nisbətən sərbəst saxlaya bilir.
Məqalənin diqqətçəkən məqamlarından biri Omanın iqtisadi artım perspektivləridir. Ölkə iqtisadiyyatının 2026-cı ildə 4,5 faiz böyüyəcəyi proqnozlaşdırılır. Bu göstəricinin Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Qətərin iqtisadi artım tempini üstələyəcəyi gözlənilir.
Omanın üstünlüyü yalnız coğrafi mövqeyinə görə deyil. Son illərdə həyata keçirilən maliyyə islahatları, dövlət borcunun azaldılması, liman və avtomobil yollarına yatırılan investisiyalar ölkənin iqtisadi dayanıqlılığını gücləndirib. Eyni zamanda, Oman regional ticarət üçün alternativ tranzit mərkəzinə çevrilmək imkanlarını genişləndirir.
Ölkə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində də fəal siyasət yürüdür. Xüsusi iqtisadi zonalarda yaşıl hidrogen, polad, neft-kimya sənayesi və hətta peyk buraxılışı kimi sahələrə investisiyalar cəlb olunur.
Beləliklə, münaqişə bir sıra ölkələr üçün ciddi iqtisadi risklər yaratsa da, Oman coğrafi mövqeyini, infrastrukturunu və iqtisadi islahatlarını üstünlüyə çevirə bilir.
XQ