Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Yeni düzəninin formalaşması istiqamətində gedən geosiyasi mübarizələr fonunda 28 May -Respublika Günündə Azərbaycan-Türkiyə-Pakistan dövlət başçılarının Zirvə toplantısı, xüsusən də belə bir mötəbər toplantının Şərqi Zəngəzurda - Laçın şəhərində keçirilməsi heç də təsadüfi xarakter daşımırdı.
Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.
Deputat bildirib ki, belə bir Zirvə görüşünün Şərqi Zəngəzurda keçirilməsi dünyaya və bəlli mərkəzlərə ünvanlanan ciddi bir mesaj idi: “Ona görə də bu Zirvə görüşünün keçirilməsinin mesajı düzgün oxunmalı və bundan lazımi nəticələr çıxarılmalıdır.
Cənab Prezident İlham Əliyev də çıxışında bəyan etdi ki, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin bizimlə bərabər bu bayram tədbirlərində iştirakı, bizə göstərilən dəstək və həmrəylik artıq tamamilə yeni dünya miqyasında reallıqlar yaradır.
“Bizim gücümüz birliyimizdədir. Bu gün birliyimizi üçtərəfli formatda bir daha təsdiqlədik.
Əminəm ki, azad edilmiş Laçından üç ölkənin bu gün dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq”, - Prezident İlham Əliyev bəyan edib.
Təbii ki, çox mürəkkəb geosiyasi proseslərin cərəyan etdiyi bir zamanda Laçında Bakı-Ankara-İslamabad müttəfiqliyinin daha yüksək müstəviyə qaldırılması istiqamətində atdıqları addımlar, verdikləri bəyanatlar qlobal miqyasda yeni reallıqlar yaratmaqdadır.