Icma.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Lənkəranda qadın sahibkarlar üçün həyata keçirilən “Qadın Sahibkarlar üçün Yaşıl Biznes və Eko-Liderliyin İnkişafı Proqramı” başa çatıb.
“29 İqlim söhbəti: COP29-a gedən yol” təşəbbüsü çərçivəsində iqlim dəyişmələri, onun həssas qruplar üzərində təsiri və bununla mübarizə yolları tez-tez müzakirə olunmaqdadır.
Bu səbəblə 4-5 noyabr tarixlərində Lənkəran şəhərində qadın sahibkarlar üçün yaşıl bacarıqlar və dayanıqlı biznes təcrübələrini əhatə edən layihə icra olunub.
“Qadın Sahibkarlar üçün Yaşıl Biznes və Eko-Liderliyin İnkişafı Proqramı” “Trendyol”un maliyyə, BMT-nin Azərbaycandakı Ofisinin təşkilati dəstəyi ilə Gender Hub Azerbaijan tərəfindən həyata keçirilmişdir.
Proqram Azərbaycanın Lənkəran, Masallı, Cəlilabad, Beyləqan, Biləsuvar, Bərdə, Gəncə və Mingəçevir bölgələrindən olan, gender stereotipləri, maliyyə çətinlikləri və resurslara əlçatanlığın olmaması kimi əhəmiyyətli maneələrlə üzləşən 35 qadının iştirakı ilə baş tutmuşdur.
Keçirilən təlim, vörkşop və panel müzakirələrdə qadınların ekoloji cəhətdən təmiz sahibkarlıq sahəsində praktik bacarıqları müzakirə olunmuş, onların həm iqlim dəyişikliyi ilə mübarizə, həm də yerli iqtisadi inkişafa töhfə vermələri istiqamətində bilik və bacarıqları möhkəmləndirilmişdir.
Dayanıqlılıq və COP29-a yönəlmiş qlobal hərəkata uyğun olaraq, proqramda uğurlu qadın sahibkarların çıxışları, yaşıl liderlik mövzusunda panel müzakirələri və sosial media idarəçiliyi, rəqəmsal marketinq və resurslardan istifadə üzrə praktiki vörkşoplar yer almışdır.