Liberal demokratların dilemması

19.08.2026

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Börnhemlə yaxınlaşmaq, yoxsa öz yolu ilə getmək?

Britaniya siyasətinin ən maraqlı paradokslarından biri hazırda müxalifətin davranışında özünü göstərir. Adətən, yeni baş nazirin ilk həftələri müxalifətin sərt hücumları ilə müşayiət olunur. Lakin bu dəfə mənzərə fərqlidir. Endi Börnhem hakimiyyətə gəldikdən sonra ölkənin üçüncü böyük siyasi qüvvəsi olan Liberal Demokratlar ona qarşı hücum mövqeyi seçmək əvəzinə, gözləmə taktikasına üstünlük veriblər. Bu, Britaniya siyasətinin özünü yenidən qiymətləndirməsindən irəli gəlir.

Son on ildə Vestminster siyasəti daha çox qarşıdurma üzərində qurulub. Brexit, pandemiya, iqtisadi böhranlar və ard-arda dəyişən hökumətlər parlamenti fikir mübadiləsi məkanından çox siyasi döyüş meydanına çevirib. Məhz bu səbəbdən Börnhemin hakimiyyətə gəlişi müəyyən dairələrdə siyasi üslubun dəyişməsi kimi qəbul edilir. O, baş nazir postuna gəldikdən sonra əməkdaşlığa açıq, daha az qarşıdurmalı siyasət vəd edib. Liberal demokratların bu mərhələdə ehtiyatlı davranmasının səbəbi də budur. Partiya rəhbərliyi hesab edir ki, əgər Börnhem həqiqətən də siyasi diskussiyanı “yarış” formatından çıxarıb konstruktiv müstəviyə keçirə bilsə, buna imkan vermək lazımdır. Onların sözügedən yanaşması müəyyən mənada məntiqlidir. Çünki seçicilər uzun müddətdir siyasi çəkişmələrin yorğunluğunu yaşayırlar. Daimi qalmaqallar, şəxsi hücumlar və informasiya mübarizələri seçicinin gündəlik problemlərini həll etmir.

Amma bir məqam da var ki, partiya Börnhemin uğursuzluğunu istəməməklə yanaşı, onun uğurunun kölgəsində qalmaq da istəmir. Çünki partiya hökumətin atdığı addımları davamlı şəkildə dəstəkləyərsə, seçicidə haqlı sual yarana bilər ki, onda liberal demokratlara niyə ehtiyac var? Bu nüans partiya üçün xüsusilə təhlükəlidir. Çünki Britaniya siyasəti hazırda yenidən ikiqütblü sistemə doğru hərəkət edir. Sol mərkəzdə leyboristlər yeni lider ətrafında toparlanmağa çalışır, sağda isə həm mühafizəkarlar, həm də populist qüvvələr öz mövqelərini gücləndirmək uğrunda mübarizə aparırlar. Bu şəraitdə mərkəzdə dayanmaq kifayət etmir və seçiciyə fərqli səbəb təqdim etmək lazım gəlir.

Əslində, bu, liberal demokratların tarixi problemidir. Partiya çox vaxt hökumət olmaq üçün kifayət qədər böyük, etiraz dalğasının əsas ünvanı olmaq üçün isə radikal görünmür. Bu səbəbdən tez-tez "ağıllı alternativ" rolunda qalsa da, həmin alternativi seçdirəcək siyasi emosiyanı yaratmaqda çətinlik çəkir. Börnhemin populyarlığı bu problemi daha da dərinləşdirə bilər. Yeni baş nazir ölkədə ümidi geri qaytarmaq və siyasi sistemə nəfəs vermək kimi mesajlarla çıxış edir. Əgər o, iqtisadi çətinliklərin bir hissəsini yumşalda və ictimai əhval-ruhiyyəni dəyişə bilsə, liberal demokratların "mərkəzçi alternativ" arqumenti zəifləyəcək. Nəzərə alınmalıdır ki, seçici alternativ axtarmağa yalnız mövcud hakimiyyətdən narazı olduqda başlayır.

Bununla belə, partiyanın qarşısında imkan pəncərəsi də açılır. Əgər liberal demokratlar özlərini konkret ideyaların daşıyıcısı kimi təqdim edə bilsələr, onlar yeni siyasi məkandan faydalana bilərlər. Seçki islahatları, yerli özünüidarəetmənin gücləndirilməsi, Avropa ilə münasibətlərin dərinləşdirilməsi və sosial xidmətlərin yenidən qurulması kimi mövzular partiyanın fərqlənə biləcəyi sahələrdir.

Yeri gəlmişkən, Endi Börnhem siyasətdə yeni fiqur hesab edilmir.

ARAYIŞ: 2001-ci ildə ilk dəfə parlamentə seçilib və 2007–2010-cu illərdə hökumətdə müxtəlif vəzifələrdə çalışıb. Xəzinənin baş katibi, mədəniyyət, media və idman naziri olub. Bir müddət səhiyyə naziri vəzifəsində çalışıb. O, 2017-ci ildə Böyük Mançester meri vəzifəsinə seçilib, 2021 və 2024-cü illərdə yenidən qalib gəlib. Böyük Mançesterdə avtobus şəbəkəsinin yenidən ictimai nəzarətə keçirilməsinə rəhbərlik edib. 2026-cı ilin iyununda parlamentə qayıdaraq Makerfield dairəsindən deputat seçilib, iyulda isə leyboristlərin lideri olub və dərhal sonra baş nazir vəzifəsini tutub.

Börnhemin siyasi obrazının maraqlı tərəfi onun mərkəzdən sola yaxın mövqeyi ilə praqmatik idarəçilik imicini birləşdirməsidir. O, xüsusilə regional inkişaf, sosial xidmətlər, ictimai nəqliyyat və yerli idarəetmənin gücləndirilməsi mövzularına fokuslanır. Baş nazirliyinin ilk həftələrində onun şəxsi populyarlığı diqqət çəkib. “Ipsos”un avqustun əvvəlində keçirdiyi sorğuda Börnhem baş nazir kimi Naycel Farac və Kemi Badenokdan üstün tutulub. Eyni sorğuda leyboristlər 28 faizlə Reform UK-ni üç faiz qabaqlayıb. Amma bu populyarlığın arxasında ciddi siyasi risk də var ki, sorğuda britaniyalıların 70 faizi hökumətin ölkəni idarə etməsindən narazı olduğunu bildirib.

Sonda bu qənaətə gəlmək olar ki, Börnhemin şəxsi reytinqi hökumətə olan ümumi etimadla eyni səviyyədə deyil. Onun ilk ciddi sınaqları da başlayıb. Xüsusilə həbsxanalardakı sıxlıq səbəbindən tətbiq edilən erkən azadlığa buraxılma proqramı hökuməti çətin vəziyyətə salıb. Yaxın perspektivdə vəziyyətin dəyişəcəyi ehtimal olunur.

Züriyyə QARAYEVA,
politoloq

Liberal demokratların konstruktiv mövqeyi, böyük ehtimalla, Börnhem hökumətinin ilk büdcəsi və əsas sosial-iqtisadi qərarlarına qədər davam edəcək. Hökumət səhiyyə və sosial xidmətlərdə gözlənilən dəyişiklikləri həyata keçirmək, yaşayış böhranına təsirli cavab verə bilmək və ya dövlət xərclərini azaltmaq üçün sosial müdafiə proqramlarına toxunarsa, partiya daha sərt mövqe tutmağa məcbur qalacaq. Seçki sisteminin proporsional əsaslarla dəyişdirilməsi, yerli hakimiyyətlərə daha geniş səlahiyyətlərin verilməsi və vətəndaş azadlıqları kimi liberal demokratlar üçün prinsipial məsələlərdə Börnhemin geri addım atması da bu dönüşü sürətləndirə bilər. Çünki konstruktiv müxalifət hökumətin bütün müsbət təşəbbüslərini dəstəkləyərkən ciddi fikir ayrılıqlarını açıq göstərməlidir.

Digər həlledici amil seçki rəqabəti olacaq. Əgər leyboristlər Börnhemin daha mərkəzçi və populizmə qarşı yönəlmiş siyasi xətti sayəsində liberal demokratların ənənəvi seçici bazasına yaxınlaşarsa, partiyanın yumşaq münasibəti onun müstəqil siyasi kimliyini zəiflədə bilər. Xüsusilə yerli seçkilər ərəfəsində reytinqlərin aşağı düşməsi və seçicilərin liberal demokratlarla leyboristlər arasında ciddi fərq görməməsi partiyanı daha tənqidi ritorikaya sövq edəcək. Buna görə də sərtləşmə Börnhem hökumətinin verdiyi vədlərlə real siyasəti arasında fərqin görünməyə başladığı anda baş verə bilər.

Nəzin ELDARQIZI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью