Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Hər gün milyonlarla insan elektron poçtuna, sosial şəbəkələrə və bank tətbiqlərinə daxil olmaq üçün login və şifrədən istifadə edir. Bu söz artıq gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Ancaq çox az adam bilir ki, "login" sözünün yaranma tarixi kompüterlərlə deyil, dənizçiliklə bağlıdır.
Milli.Az xəbər verir ki, bu sözün tarixi bir neçə əsr əvvələ gedib çıxır.
Maraqlıdır ki, onun mənşəyi dənizçilərin gəminin sürətini ölçmək üçün istifadə etdikləri adi taxta parçası ilə əlaqələndirilir.
"Login" sözü haradan yaranıb?
İngilis dilində işlədilən "login" sözü "log in" ifadəsindən yaranıb. Bu ifadə hərfi mənada "jurnalda qeydiyyat aparmaq" və ya "qeydiyyatdan keçmək" mənasını verir.
Burada əsas diqqətçəkən məqam "log" sözüdür. Müasir ingilis dilində bu söz hadisələrin qeydə alındığı jurnal mənasında işlədilir. Lakin tarixən onun başqa bir mənası da olub. "Log" sözü əvvəllər ağac kötüyü və ya taxta parçası anlamını daşıyıb.
Bu iki məna arasındakı əlaqəni anlamaq üçün bir neçə əsr əvvələ, yelkənli gəmilərin istifadə edildiyi dövrə nəzər salmaq lazımdır.
Dənizçilər gəminin sürətini necə ölçürdülər?
XVII əsrdə dənizçilər gəminin sürətini müəyyən etmək üçün olduqca maraqlı üsuldan istifadə edirdilər.
Onlar üzərində müəyyən məsafələrlə düyünlər bağlanmış uzun kəndirin ucuna taxta parçası bərkidirdilər. Daha sonra həmin taxtanı dənizə atırdılar.
Gəmi irəlilədikcə kəndir açılırdı. Dənizçilər isə müəyyən vaxt ərzində neçə düyünün keçdiyini hesablayaraq gəminin sürətini müəyyən edirdilər.
Məhz bu üsul nəticəsində "düyün" anlayışı gəmilərin sürətini ölçən vahid kimi dənizçilikdə öz yerini tutub. Sürətin ölçülməsi üçün istifadə edilən həmin qurğu isə ingilis dilində "log" adlandırılırdı.
Taxta parçası necə gəmi jurnalına çevrildi?
Dənizçilər gəminin sürəti ilə bağlı ölçmələrin nəticələrini xüsusi jurnala qeyd edirdilər. Burada gəminin hərəkət istiqaməti, hava şəraiti, qət edilən məsafə və səfər zamanı baş verən digər hadisələr haqqında məlumatlar da yazılırdı.
Bu jurnal ingilis dilində "logbook" adlanırdı. Zaman keçdikcə "log" sözü təkcə sürəti ölçmək üçün istifadə edilən taxta qurğu ilə deyil, həm də hadisələrin qeydə alınması ilə əlaqələndirilməyə başladı.
Beləliklə, sözün istifadə dairəsi genişləndi və o, müxtəlif sahələrdə qeydiyyat və məlumatların saxlanılması mənasında işlədildi.
Dənizçilik termini kompüter dünyasına necə keçdi?
XX əsrin 60-cı illərinin əvvəllərində kompüter texnologiyaları inkişaf etməyə başladı. Həmin dövrdə bir neçə insanın eyni böyük kompüterdən istifadə etməsinə imkan verən sistemlər yaradılırdı.
İstifadəçilər ayrı-ayrı terminallar vasitəsilə eyni kompüterə qoşula bilirdilər. Lakin sistem kimin daxil olduğunu müəyyən etməli və hər bir istifadəçinin məlumatlara giriş hüququnu yoxlamalı idi.
Bu məqsədlə "log in" ifadəsi işlədilməyə başladı. İfadənin erkən istifadə nümunələrindən biri Massaçusets Texnologiya İnstitutunda hazırlanmış CTSS (Compatible Time-Sharing System) adlı kompüter sisteminin sənədlərində rast gəlinir.
Həmin sistemdə işə başlamaq istəyən şəxs əvvəlcə qeydiyyat prosedurundan keçməli idi. Bu proses "log in", yəni sistemdə özünü qeydiyyata almaq adlandırılırdı.
Sonrakı illərdə ifadə tədricən birləşərək "login" formasını aldı. Fərdi kompüterlərin, daha sonra isə internetin geniş yayılması nəticəsində bu söz bütün dünyada məşhurlaşdı.
Niyə "login" həm giriş, həm də istifadəçi adı deməkdir?
İngilis dilində "log in" ifadəsi əsasən sistemə daxil olmaq hərəkətini bildirir. "Login" isə isim kimi işlədilərək giriş məlumatlarını və ya istifadəçinin sistemdəki identifikatorunu ifadə edə bilir.
Gündəlik danışıqda isə bu anlayışlar çox vaxt bir-birinə qarışır. Məsələn, insanlar həm "loginlə daxil olmaq", həm də "logini unutmaq" ifadələrindən istifadə edirlər.
Birinci halda söhbət sistemə giriş prosesindən, ikinci halda isə istifadəçinin hesabına aid addan və ya identifikatordan gedir.
Bu gün elektron poçtdan tutmuş bank tətbiqlərinə qədər müxtəlif rəqəmsal xidmətlərdə həmin anlayışdan istifadə olunur.
Beləliklə, hər gün istifadə etdiyimiz sadə bir sözün arxasında əsrlərlə davam edən maraqlı tarix dayanır. Bir vaxtlar dənizçilər gəminin sürətini ölçmək üçün suya taxta parçası atır, nəticələri xüsusi jurnala yazırdılar. Əsrlər sonra isə kompüter sistemlərində qeydiyyat aparmaq üçün eyni söz işlədilməyə başladı.
İndi taxta parçasını kompüterlər, gəmi jurnalını isə elektron məlumat bazaları əvəz edib. Ancaq "log" sözü müasir texnologiyaların dilində yaşamağa davam edir./Lent.az