Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Avropa İttifaqının yeni strateji xəritəsində Azərbaycanın imzası Bugünlərdə Lüksemburqda keçirilən “Regionlararası təhlükəsizlik və bağlantılar” mövzusundakı xüsusi toplantı Avropa İttifaqının (Aİ) dəyişən strateji prioritetlərinin və Avrasiyaya yönəlik yeni baxışının aydın təzahürü oldu.
Qara Dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiya kimi üç əhəmiyyətli regionu eyni diplomatik platformada bir araya gətirən tədbir Brüsselin geniş və praqmatik bağlantılar arxitekturası qurmaq əzmini nümayiş etdirdi.
Avropanın Şərqə uzanan enerji və nəqliyyat damarlarının təhlükəsizliyinin qarantı rolunda isə Azərbaycan çıxış edir.
Lüksemburqda keçirilən sessiyalar Avropanın Şərqə uzanan yeni strateji nəqliyyat və enerji dəhlizlərinin memarlıq planının müzakirəsi idi.
Toplantının tərkibi və gündəliyi onun strateji əhəmiyyətini bütün detalları ilə ortaya qoyur.
Aİ-nin ali nümayəndəsi Kaya Kallas, genişlənmə üzrə komissar Marta Kos, beynəlxalq tərəfdaşlıq üzrə komissar Jozef Sikela kimi əsas liderlərin, üzv ölkələrin xarici işlər nazirlərinin və Şərq Tərəfdaşlığı, Türkiyə və Mərkəzi Asiya ölkələrinin yüksək vəzifəli şəxslərinin bir araya gəlməsi müzakirə olunan məsələlərin nə qədər əhəmiyyətli olduğunu göstərir.
Bu, Avropanın şərq cinahında yeni təhlükəsizlik və əməkdaşlıq forması yaratmaq cəhdidir.