Icma.az bildirir, Modern.az portalına istinadən.
Azərbaycanda magistral yollarda təmir-bərpa işlərindən sonra yolların enində azalmalar müşahidə edilir. Bu dəyişkikliklər sürücülərin müəyyən yol əməliyyatlarını həyata keçirməyə mane olur, yollarda qəza riskini artırır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli mövzu ilə bağlı açıqlama verərək yolların darlaşması ilə bağlı hər hansı problemin olmadığını, prosesin standartlara uyğun aparıldığını bildirib.
Yaranmış vəziyyətlə bağlı saytımıza danışan nəqliyyat eksperti Fərhad Eyyubov isə bildirib ki, standartdan kənara çıxma halı ayrı-ayrılıqda xüsusi hal kimi yoxlanılmalıdır:
“Şəhərlərarası yollarımızda elə yerlər var ki, standart ölçülərdən kənara çıxma halı müşahidə edilir. Bəzi şosselərdə nəqliyyat vasitələri yolun çiyni ilə gedə bilmir. İstənilən halda ölçülər beynəlxalq standarta uyğunlaşdırılmalıdır. Ələlxüsus, yol rayonlararası, respublika əhəmiyyətlidirsə, bu nəzərə alınmalıdır”.
Ekspert qeyd edib ki, daralma səbəbləri müxtəlif ola bilər:
“Suötürücülərlə – kanallarla əlaqəli yolun daralması halı yaranır. Və ya elə yerlər var ki, yaşayış məntəqəsinə düşdüyünə görə yol çiyni qısalır, yalnız piyada hərəkəti üçün nəzərdə tutulmuş səki-yol olur. Ona görə də çalışırlar ki, 1-ci dərəcəli magistral yoldursa, yaşayış məntəqəsindən keçməsin. Əgər keçirsə, deməli, dərəcə səviyyəsində istər-istəməz fərq yaranır. Bu zaman ikinci dərəcəli yol kimi yol çiyni yox, piyada yolu təyin edilir.
Yeni çəkilən Bakı – Qəbələ yolunun Şamaxı-Qəbələ hissəsində qeyd etdiyim halı müşahidə etmək olar. Bəzi hissələr yaşayış məntəqələrindən keçir. Bu zaman çiyin salınması mümkün olmur. Bakı-Qəbələ yolu Vəndam qəsəbəsindən də keçir. Orada ensizləşmə, təəssüf ki, yaranıb. Mən isə təklif edərdim, magistral yollar hər hansı şəkildə yaşayış yerləri ilə kəsişməsin. Məsələn, Qəbələ şəhərində mənzərə qənaətbəxşdir. Yol şəhərin kənarındadır. Hərəkət zolağına gəldikdə isə, ona toxunulmur. Zolaqlar xüsusi diqqət və standart tətbiq edilən hissədir.”.
Fərhad Eyyubov əlavə edib ki, yol yeni salınırsa, standartlar gözlənilir:
“Məsələn, Qarabağda salınan yollar maksimal sürət həddi üçün hesablanmış ölçülərdədir. Lakin bərpa işi gedən magistrallarda bəzən bunu etmək mümkün olmur. Səbəb yaxın ərazidə yaşayış məntəqəsinin - evlərin olmasıdır. Müvafiq təşkilatlar da çalışır ki, əhalinin yaşayış zonalarını nəzərə alsınlar. Sakinlərə əziyyət düşməsin. Bir şərtlə ki, təhlükəsizlik şərtləri qorunsun".
Nəqliyyat Yasin Mustafayev Modern.az-a bildirib ki, hazırda Bakı şəhəri daxilində yolların eni ilə bağlı müəyyən dəyişikliklər müşahidə olunur:
"Bu, hərəkətin təşkili baxımından məqsədyönlü nəticələr verdiyi qeyd edilməlidir. Yollar təmir olunmazdan, xətlələnmə aparılmazdan əvvəl hərəkət zolaqlarının eninin 4 metrə qədər olduğu hissələr var idi. Bu cür geniş zolaqlar isə praktik baxımdan səmərəsiz hesab olunurdu və hərəkətin düzgün təşkili üçün əlverişli deyildi.
Hazırda aparılan təkmilləşdirmə işlərindən sonra bəzi ərazilərdə avtomobil yollarında hərəkət zolaqlarının eni təxminən 3 metrə qədər azaldılıb və bu, mövcud normativ standartlara tam uyğundur. Belə ki, magistral və yüksək sürətli yollarda zolaqların eni 2,75–3,75 metr, şəhərdaxili yollarda isə 3–3,20 (3,25) metrə qədər müəyyən edilir və bu göstəricilər standartlara cavab verir.
Məhz bu səbəbdən bəzi yerlərdə zolaqların daraldılması həyata keçirilir. Əvvəllər iki zolaqlı olan yol sahələrində əlavə üçüncü zolaq, üç zolaqlı yollarda isə dördüncü zolaq yaranıb.
Nəticədə hərəkətin xaotik xarakter almasının qarşısı alınıb və nəqliyyat vasitələrinin zolaqlar üzrə daha nizamlı və təhlükəsiz hərəkəti təmin olunub. Bəzi küçələrdə islahat hesabına velosiped zolaqlarının salınması mümkün olub”, - ekspert deyib.