Icma.az, 525.az portalına istinadən məlumat verir.
"Azərbaycan manatı uzun müddətdir ABŞ dollarına faktiki olaraq indekslənib. Bu bağlılıq xüsusilə 2017-ci ildən sonra daha sabit şəkildə müşahidə olunur. Hazırda manatın məzənnəsi əsasən dolların beynəlxalq bazarlardakı hərəkətlərinə uyğun dəyişir. Yəni dollar bahalaşanda manat da möhkəmlənir, dollar ucuzlaşanda isə manat zəifləyir. Bu dəyişikliklər daxili iqtisadi amillərlə deyil, qlobal maliyyə bazarlarında dolların digər valyutalarla nisbətinə görə baş verir. Manatın məzənnəsindəki dəyişikliklərin əksəriyyəti Azərbaycan iqtisadiyyatından deyil, beynəlxalq valyuta münasibətlərindən qaynaqlanır. Nəticədə, dolların mövqeyi avro və digər əsas valyutalara qarşı dəyişdikdə, bu, dolayı yolla manata da təsir göstərir".
Bu sözləri iqtisadçı ekspert Xalid Kərimli söyləyib. Ekspertin dediyinə görə, manatın ABŞ dollarına indekslənməsinin həm üstünlükləri, həm də çatışmazlıqları mövcuddur: "Müsbət tərəflərindən biri odur ki, məzənnə sabitliyi müəyyən dərəcədə inflyasiyanın nəzarətdə saxlanmasına kömək edir. Digər tərəfdən, manatın dollara sıx şəkildə bağlı qalması qeyri-neft sektorunun inkişafına mane ola bilər. Rəqabət qabiliyyətinin zəifləməsi, ixrac potensialının aşağı düşməsi və valyuta siyasətinin çevikliyinin məhdudlaşması bu siyasətin mənfi nəticələrindəndir. Çünki manatın dəyəri real iqtisadi şəraitdən yox, əsasən dolların beynəlxalq bazarlardakı hərəkətindən asılıdır. Bununla yanaşı, Azərbaycan iqtisadiyyatı neft və qaz ixracına əsaslandığı üçün bu məhsulların beynəlxalq bazarda əsasən dollarla satılması manatın dollara bağlanmasını müəyyən mənada əsaslandırır. Mərkəzi Bank da hazırkı mərhələdə bu siyasətin inflyasiya və makroiqtisadi sabitliyin təmin olunması baxımından ən uyğun seçim olduğunu hesab edir".
İqtisadçı millət vəkili Vüqar Bayramov hesab edir ki, milli valyutanın məzənnəsi maliyyə sabitliyinin gücləndirilməsi baxımından əsas meyarlardan biridir. Onun sözlərinə görə, bu baxımdan məzənnə siyasəti makroiqtisadi sabitliyin əsas istiqamətlərindən birinə çevrilib.
Millət vəkili qeyd edib ki, növbəti dövrdə manatın məzənnəsinə ən çox təsir göstərəcək amil ölkəyə daxil olan valyutanın həcmi olacaq. O bildirib ki, neftin dünya bazarındakı qiyməti Azərbaycanın tədiyyə balansına ən çox təsir edən amillərdən biri olaraq qalır. Onun sözlərinə görə, yüksək neft qiymətləri, eləcə də qeyri-neft ixracındakı artım 2026-cı ilin ilk 7 ayında Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldonun qorunmasına imkan yaradıb: "2026-cı ilin ilk 7 ayında Azərbaycan ixracatı nominal ifadədə 39 faiz, real ifadədə isə 11 faiz artaraq 20,1 milyard dollara çatıb. Qeyri-neft-qaz ixracatında isə 2 dəfəyə yaxın artım qeydə alınıb. Bu müddətdə Azərbaycan 5,9 milyard dollarlıq qeyri-neft-qaz məhsulları ixrac edib".
O əlavə edib ki, digər mühüm məqam idxalın azalmasıdır. Azərbaycanın idxalı 43 faiz azalaraq 9,8 milyard dollara düşüb. Bu isə 10 milyard dollardan çox müsbət ticarət saldosunun formalaşması ilə nəticələnib. Deputatın sözlərinə görə, 2026-cı ilin geridə qalan aylarında xarici ticarət və tədiyyə balansındakı müsbət dinamika valyuta bazarında tarazlığın qorunmasına imkan yaradıb: "Mərkəzi Bank da dollara tələbin azalması fonunda sterilizasiya tədbirləri həyata keçirərək valyuta ehtiyatlarını artırıb. 2026-cı ilin ilk 9 ayında Mərkəzi Bankın valyuta ehtiyatları 3,8 milyard dollar artıb. 2025-ci ili 11,5 milyard dollar ehtiyatla başa vuran Mərkəzi Bankın hazırda 15,3 milyard dollar rezervi var. Bu ilin geridə qalan dövründə Mərkəzi Bankın valyuta ehtiyatları hər ay əvvəlki aya nisbətən artıb", - deyə deputat vurğulayıb.
O bildirib ki, mövcud göstəricilər valyuta bazarındakı tarazlığın qorunmasına imkan verir. Azərbaycanın üzən məzənnə rejiminə keçmədiyini nəzərə alaraq, orta və uzunmüddətli dövrdə manatın məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq.
Sevinc QARAYEVA