Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Dekabrın 5-də Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.
Konfransda dünyanın 60-dan çox ölkəsini təmsil edən 100-ə yaxın qonaq, Azərbaycandan 100-dən çox ekspert, alim, ictimai xadim və dövlət rəsmiləri, Milli Məclisin deputatları iştirak ediblər.
Konfransın açılışında Qərbi Azərbaycan İcmasının ölkədaxili və beynəlxalq fəaliyyətindən, Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Qərbi Azərbaycan məsələsinə həssas münasibətindən bəhs edən film nümayiş etdirilib.
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı və Qayıdış üzrə Təşəbbüs Qrupunun sədri Əziz Ələkbərli İcmanın əsas missiyasının 200 ildən artıq müddətdə mərhələ-mərhələ Ermənistandan qovulmuş azərbaycanlıların dinc, təhlükəsiz və ləyaqətli şəkildə öz yurdlarına qayıdış hüququnu təmin etmək olduğunu deyib və Ermənistanla sülh prosesinin irəliləməsi fonunda erməni və azərbaycanlıların birgəyaşayışının yeganə yolunun qayıdış hüququnun tanınması olduğunu vurğulayıb.
O, beynəlxalq ictimaiyyəti bu ədalətli prosesə dəstək verməyə çağırıb.
Xarici qonaqlar adından Türkiyə Böyük Millət Məclisinin deputatı, Qərbi Azərbaycan İcmasının fəxri üzvü Şamil Ayrım çıxış edərək qardaşlıq mesajını çatdırıb və Qərbi azərbaycanlıların deportasiyalarının insanlığa qarşı törədilmiş ağır cinayət, regionda balansı pozmuş tarixi ədalətsizlik olduğunu qeyd edib.