Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Fərhad Bədəlbəyli məsələsi daha dərindir...
"Mədəniyyət hiss olunur. Konsert olmasa, hamı görür. Təhsilin çöküşü isə yavaşdır, səssizdir. Onun nəticəsi 10 ildən sonra görünür..."
"15 illik geriləmə o deməkdir ki, bizim məzunumuz dünya əmək bazarına girəndə rəqibi ilə eyni yarışda deyil. O, artıq 15 il geridə başlayır. Bu, fərdin yox, millətin gələcəyi məsələsidir..."
Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti İlham Əhmədovun Azərbaycanda elm və təhsilin problemləri barədə "Mədəniyyətin səsi, təhsilin sükutu: Fərhad Bədəlbəyli məsələsi daha dərindir..." başlıqlı növbəti elmi analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:
Son günlərin gündəmi mədəniyyətlə bağlıdır. Xalq artisti, professor Fərhad Bədəlbəyli mədəniyyətin vəziyyəti haqqında açıq danışdı. Onun sözləri cəmiyyətdə rezonans doğurdu, çünki o, çoxlarının ürəyindən keçəni dilə gətirdi.
Bəli, Fərhad müəllim düz deyir. Mədəniyyətimiz çöküb. Amma məsələ tək mədəniyyətdə deyil. Mədəniyyət, səhiyyə və təhsil eyni sistemin üç dayağıdır. Biri çökəndə digərləri də ayaqda qala bilməz...
Bədəlbəyli hadisəsi təkcə mədəniyyət problemi deyil, Azərbaycanın insan kapitalı böhranının simvoludur. Əsl həyəcan təbili isə hələ çalınmayıb. O, elm və təhsil üçün çalınmalıdır...
23 il danışdıq, amma insan kapitalı yaratmadıq...
Son 23 ildə Azərbaycanda ən çox işlədilən anlayışlardan biri "insan kapitalı" olub. Dövlət proqramlarında, strategiyalarda, çıxışlarda dəfələrlə deyilib ki, əsas sərvətimiz neft yox, insandır. Bu, düzgün tezisdir. Problem ondadır ki, bu tezis kağızda qaldı.
Biz 23 ildə keyfiyyətli insan kapitalı yarada bilmədik. Daha ağrılısı odur ki, mövcud insan kapitalının da qədrini bilmədik. Ölkədə dünya səviyyəli alimlər, bəstəkarlar, həkimlər, müəllimlər, mühəndislər var idi. Biz onlardan sistemli şəkildə faydalanmadıq. Onları qərarvermə prosesinə cəlb etmədik. Onların bir qismi xaricə köçdü, burda qalanların isə biliyini gənc nəslə ötürmək üçün mexanizm yaratmadıq. İndi isə onları bir-bir təqaüdə yollamağa hazırlaşırıq…
Əvəzləri isə çox azdır. Bu, ən təhlükəli demoqrafik və intellektual boşluqdur. Bir nəsil gedir, yerinə eyni səviyyədə nəsil gəlmir. Çünki yetişdirmə sistemi işləmir. Fərhad Bədəlbəyli kimilər sonuncu körpüdür. O körpü qırılsa, keçmişlə gələcək arasında əlaqə kəsiləcək…
İnsan kapitalı təkcə diplom sayı deyil. İnsan kapitalı tənqidi düşünə bilən, cəsarətli, yarada bilən, məsuliyyət daşıyan, dünyaya açıq vətəndaşdır. Biz isə diplom istehsalını insan kapitalı ilə qarışdırdıq. Universitet sayı artdı, tələbə sayı artdı, amma keyfiyyət artmadı…
2. Süni İntellekt dövründə ən strateji sahə: Elm və Təhsil…
Dünya süni intellekt dövrünə qədəm qoyub. Bu dövrdə güc artıq neft quyusunda, tankda və ya ərazidə deyil. Güc alqoritmdə, məlumatda, elmi kəşfdə və insan beynindədir.
Bu səbəbdən bu gün ən strateji sahə elm və təhsildir. Ən strateji qurum isə Elm və Təhsil Nazirliyidir. Əgər bir ölkə süni intellekt dövründə rəqabət aparmaq istəyirsə, onun birinci investisiya obyekti məhz ETN olmalıdır.
Reallıq acıdır: elm və təhsilimizin durumu mədəniyyətin durumundan da aşağıdır. Mədəniyyət heç olmasa danışılır, müzakirə olunur, onun simaları var. Təhsil isə illərdir sükut içində çökür. Mədəniyyətdə Fərhad Bədəlbəyli kimi danışan var. Təhsildə isə danışan yoxdur…
Bu, təsadüfi deyil. Mədəniyyət hiss olunur. Konsert olmasa, hamı görür. Təhsilin çöküşü isə yavaşdır, səssizdir. Onun nəticəsi 10 ildən sonra görünür. Uşaq bu gün pis təhsil alırsa, biz bunu 2036-cı ildə, o, işə girəndə hiss edəcəyik. Ona görə təhsil böhranı ən təhlükəli böhrandır: gec aşkarlanır…
3. Rektorların sükutu: Akademik azadlıq yoxdur, yoxsa cəsarət yoxdur?..
Fərhad müəllimin etirafı qarşısında ən vacib sual budur: Niyə rektorlarımızın arasında onun kimi danışan yoxdur?
Universitetlər elm və təhsilin, intellektual inkişafın mərkəzi olmalıdır. Rektor isə sadəcə inzibatçı deyil, intellektual lider olmalıdır. O, cəmiyyətə həqiqəti deməlidir: təhsildə nə səhvdir, elm niyə inkişaf etmir, gənclər niyə ölkədən gedir, vəziyyəti necə düzəldə bilərik?..
Amma rektorlar susur. Niyə? İki ehtimal var…
Birinci ehtimal: "Akademik azadlıqları azdır."
Universitetlər həqiqətən muxtar deyil. Rektor təyinatla gəlir, büdcə yuxarıdan verilir, proqram yuxarıdan təsdiqlənir, qərar yuxarıdan gəlir. Belə sistemdə rektor risk edə bilmir. Danışmaq karyera riski deməkdir. O zaman universitet idarəetmə obyekti olur, intellektual mərkəz olmur...
İkinci ehtimal: "Bu durum onları qane edir…"
Yəni susmaq daha rahatdır. Problemləri deməmək, hesabatlarda hər şeyin yaxşı olduğunu göstərmək, reytinq yarışında kağız üzərində uğur qazanmaq daha asandır. Həqiqəti demək isə məsuliyyət yaradır.
Hansı ehtimal doğrudur? Həqiqət yəqin ki, ikisinin qarışığıdır. Amma nəticə eynidir: Universitetlər real problemlərdən danışmır. Problemlər yoxdur yəni? Əlbəttə var.
4. Universitetlər qlobal inkişafdan 15 il geridədir…
Analitik qiymətləndirməyə görə, Azərbaycan universitetləri bu gün qlobal inkişafdan orta hesabla 15 il geridədir. Bu, təkcə texnika və bina fərqi deyil. Bu, düşüncə fərqidir.
Dünya universitetləri artıq nə edir?..
Onlar fənn yox, problem öyrədir. Tələbə mühazirə dinləmir, layihə edir. Professor bilik ötürmür, bələdçilik edir. Universitet divarları yoxdur, sənaye ilə, startaplarla, beynəlxalq laboratoriyalarla birgə işləyir. Süni intellekt, biotexnologiya, yaşıl enerji, məlumat elmi kimi sahələr kurikulumun mərkəzindədir.
Bizdə isə nə var? Hələ də 30 il əvvəlki mühazirə - seminar modeli. Hələ də əzbərə əsaslanan imtahan. Hələ də müəllimin diktə etdiyi, tələbənin köçürdüyü konspekt. Hələ də elmi məqalə sayına görə qiymətləndirmə, amma real elmi nəticə yoxdur...
15 illik geriləmə o deməkdir ki, bizim məzunumuz dünya əmək bazarına girəndə rəqibi ilə eyni yarışda deyil. O, artıq 15 il geridə başlayır. Bu, fərdin yox, millətin gələcəyi məsələsidir...
Dosent İlham Əhmədov