Icma.az
close
up
RU
“Mədəniyyətin səsi, təhsilin sükutu: Gündəm niyə Fərhad Bədəlbəylidir?..“

“Mədəniyyətin səsi, təhsilin sükutu: Gündəm niyə Fərhad Bədəlbəylidir?..“

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Fərhad Bədəlbəyli məsələsi daha dərindir...

"Mədəniyyət hiss olunur. Konsert olmasa, hamı görür. Təhsilin çöküşü isə yavaşdır, səssizdir. Onun nəticəsi 10 ildən sonra görünür..."

"15 illik geriləmə o deməkdir ki, bizim məzunumuz dünya əmək bazarına girəndə rəqibi ilə eyni yarışda deyil. O, artıq 15 il geridə başlayır. Bu, fərdin yox, millətin gələcəyi məsələsidir..."

Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti İlham Əhmədovun  Azərbaycanda elm və təhsilin problemləri barədə "Mədəniyyətin səsi, təhsilin sükutu: Fərhad Bədəlbəyli məsələsi daha dərindir..." başlıqlı növbəti elmi analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:

Son günlərin gündəmi mədəniyyətlə bağlıdır. Xalq artisti, professor Fərhad Bədəlbəyli mədəniyyətin vəziyyəti haqqında açıq danışdı. Onun sözləri cəmiyyətdə rezonans doğurdu, çünki o, çoxlarının ürəyindən keçəni dilə gətirdi.

Bəli, Fərhad müəllim düz deyir. Mədəniyyətimiz çöküb. Amma məsələ tək mədəniyyətdə  deyil. Mədəniyyət, səhiyyə və təhsil eyni sistemin üç dayağıdır. Biri çökəndə digərləri də ayaqda qala bilməz...   

Bədəlbəyli hadisəsi təkcə mədəniyyət problemi deyil, Azərbaycanın insan kapitalı böhranının simvoludur. Əsl həyəcan təbili isə hələ çalınmayıb. O, elm və təhsil üçün çalınmalıdır...            

23 il danışdıq, amma insan kapitalı yaratmadıq...

Son 23 ildə Azərbaycanda ən çox işlədilən anlayışlardan biri "insan kapitalı" olub. Dövlət proqramlarında, strategiyalarda, çıxışlarda dəfələrlə deyilib ki, əsas sərvətimiz neft yox, insandır. Bu, düzgün tezisdir. Problem ondadır ki, bu tezis kağızda qaldı.

Biz 23 ildə keyfiyyətli insan kapitalı yarada bilmədik. Daha ağrılısı odur ki, mövcud insan kapitalının da qədrini bilmədik. Ölkədə dünya səviyyəli alimlər, bəstəkarlar, həkimlər, müəllimlər, mühəndislər var idi. Biz onlardan sistemli şəkildə faydalanmadıq. Onları qərarvermə prosesinə cəlb etmədik. Onların bir qismi xaricə köçdü, burda qalanların isə biliyini gənc nəslə ötürmək üçün mexanizm yaratmadıq. İndi isə onları bir-bir təqaüdə yollamağa hazırlaşırıq…

Əvəzləri isə çox azdır. Bu, ən təhlükəli demoqrafik və intellektual boşluqdur. Bir nəsil gedir, yerinə eyni səviyyədə nəsil gəlmir. Çünki yetişdirmə sistemi işləmir. Fərhad Bədəlbəyli kimilər sonuncu körpüdür. O körpü qırılsa, keçmişlə gələcək arasında əlaqə kəsiləcək…

İnsan kapitalı təkcə diplom sayı deyil. İnsan kapitalı tənqidi düşünə bilən, cəsarətli, yarada bilən, məsuliyyət daşıyan, dünyaya açıq vətəndaşdır. Biz isə diplom istehsalını insan kapitalı ilə qarışdırdıq. Universitet sayı artdı, tələbə sayı artdı, amma keyfiyyət artmadı…

2. Süni İntellekt dövründə ən strateji sahə: Elm və Təhsil…

Dünya süni intellekt dövrünə qədəm qoyub. Bu dövrdə güc artıq neft quyusunda, tankda və ya ərazidə deyil. Güc alqoritmdə, məlumatda, elmi kəşfdə və insan beynindədir.

Bu səbəbdən bu gün ən strateji sahə elm və təhsildir. Ən strateji qurum isə Elm və Təhsil Nazirliyidir. Əgər bir ölkə süni intellekt dövründə rəqabət aparmaq istəyirsə, onun birinci investisiya obyekti məhz ETN olmalıdır.

Reallıq acıdır: elm və təhsilimizin durumu mədəniyyətin durumundan da aşağıdır. Mədəniyyət heç olmasa danışılır, müzakirə olunur, onun simaları var. Təhsil isə illərdir sükut içində çökür. Mədəniyyətdə Fərhad Bədəlbəyli kimi danışan var. Təhsildə isə danışan yoxdur…

Bu, təsadüfi deyil. Mədəniyyət hiss olunur. Konsert olmasa, hamı görür. Təhsilin çöküşü isə yavaşdır, səssizdir. Onun nəticəsi 10 ildən sonra görünür. Uşaq bu gün pis təhsil alırsa, biz bunu 2036-cı ildə, o, işə girəndə hiss edəcəyik. Ona görə təhsil böhranı ən təhlükəli böhrandır: gec aşkarlanır…

3. Rektorların sükutu: Akademik azadlıq yoxdur, yoxsa cəsarət yoxdur?..

Fərhad müəllimin etirafı qarşısında ən vacib sual budur: Niyə rektorlarımızın arasında onun kimi danışan yoxdur?

Universitetlər elm və təhsilin, intellektual inkişafın mərkəzi olmalıdır. Rektor isə sadəcə inzibatçı deyil, intellektual lider olmalıdır. O, cəmiyyətə həqiqəti deməlidir: təhsildə nə səhvdir, elm niyə inkişaf etmir, gənclər niyə ölkədən gedir, vəziyyəti necə düzəldə bilərik?..

Amma rektorlar susur. Niyə? İki ehtimal var…

Birinci ehtimal: "Akademik azadlıqları azdır." 

Universitetlər həqiqətən muxtar deyil. Rektor təyinatla gəlir, büdcə yuxarıdan verilir, proqram yuxarıdan təsdiqlənir, qərar yuxarıdan gəlir. Belə sistemdə rektor risk edə bilmir. Danışmaq karyera riski deməkdir. O zaman universitet idarəetmə obyekti olur, intellektual mərkəz olmur...

İkinci ehtimal: "Bu durum onları qane edir…"  

Yəni susmaq daha rahatdır. Problemləri deməmək, hesabatlarda hər şeyin yaxşı olduğunu göstərmək, reytinq yarışında kağız üzərində uğur qazanmaq daha asandır. Həqiqəti demək isə məsuliyyət yaradır.

Hansı ehtimal doğrudur? Həqiqət yəqin ki, ikisinin qarışığıdır. Amma nəticə eynidir: Universitetlər real problemlərdən danışmır. Problemlər yoxdur yəni? Əlbəttə var.

4. Universitetlər qlobal inkişafdan 15 il geridədir…

Analitik qiymətləndirməyə görə, Azərbaycan universitetləri bu gün qlobal inkişafdan orta hesabla 15 il geridədir. Bu, təkcə texnika və bina fərqi deyil. Bu, düşüncə fərqidir.

Dünya universitetləri artıq nə edir?..

Onlar fənn yox, problem öyrədir. Tələbə mühazirə dinləmir, layihə edir. Professor bilik ötürmür, bələdçilik edir. Universitet divarları yoxdur, sənaye ilə, startaplarla, beynəlxalq laboratoriyalarla birgə işləyir. Süni intellekt, biotexnologiya, yaşıl enerji, məlumat elmi kimi sahələr kurikulumun mərkəzindədir.

Bizdə isə nə var? Hələ də 30 il əvvəlki mühazirə - seminar modeli. Hələ də əzbərə əsaslanan imtahan. Hələ də müəllimin diktə etdiyi, tələbənin köçürdüyü konspekt. Hələ də elmi məqalə sayına görə qiymətləndirmə, amma real elmi nəticə yoxdur...

15 illik geriləmə o deməkdir ki, bizim məzunumuz dünya əmək bazarına girəndə rəqibi ilə eyni yarışda deyil. O, artıq 15 il geridə başlayır. Bu, fərdin yox, millətin gələcəyi məsələsidir...

Dosent İlham Əhmədov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://moderator.az
archiveBu xəbər 20 Noyabr 2026 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see333

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see314

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see305

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see302

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see293

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see284

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see264

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see260

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see253

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see250

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see247

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see244

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see238

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see237

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see230

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see217

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see211

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see202

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see202

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri