Media: Pentaqon İranın nüvə obyektlərinin məhv edildiyinə əmin deyil | Icma.az
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 11 iyul, AZƏRTAC ABŞ Müdafiə Nazirliyinin hərbi təhlükələrin azaldılması agentliyi iyunun 22-də GBU-57 tipli bunker əleyhinə bombaların İranın nüvə obyektlərini tam məhv etməsi ilə bağlı dəqiq sübutlara malik deyil.
AZƏRTAC xəbər verir ki, “Associated Press” agentliyi bu barədə qurumun iki yüksəkvəzifəli əməkdaşına istinadla məlumat yayıb.
Bildirilir ki, iyunun 22-də ABŞ Hərbi Hava Qüvvələrinin zərbələrindən sonra bombaların nüvə obyektlərinin yerləşdiyi dərinliyə tam nüfuz edib-etmədiyi ilə bağlı agentlikdə qəti əminlik yoxdur.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, əməliyyatın uğurla nəticələndiyini sübut edən etibarlı məlumatlar hələlik əldə olunmayıb.
Qeyd edək ki, bir müddət öncə, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş direktoru Rafael Qrossi CBS telekanalına müsahibəsində İranın nüvə proqramının bir sıra komponentlərini qoruduğunu və bir neçə ay ərzində uranın zənginləşdirilməsinə yenidən başlaya biləcəyini deyib.
O, həmçinin “Fordo”, “Natanz” və İsfahandakı müəssisələrdə uranın emalı və zənginləşdirilməsi imkanlarının qismən məhv edildiyinə baxmayaraq, tamamilə sıradan çıxarılmadığını vurğulayıb.
Eyni zamanda, CNN telekanalı iyunun 24-də ABŞ kəşfiyyat xidmətlərinə istinad edərək hava zərbələri nəticəsində İranın nüvə proqramının əsas elementlərinin məhv edilmədiyi barədə məlumat yayıb.
Tam oxu
Xəbəri oxu