Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.
6 noyabr 2026-cı il tarixində Avropa İttifaqı və Avropa Şurasının “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq” birgə proqramının üçüncü mərhələsi (PGG III) çərçivəsində həyata keçirilən “Azərbaycanda mediasiyanın təşviqi” layihəsi üzrə mediatorlar üçün təşkil olunan “Mediatorların peşə bacarıqlarının təkmilləşdirilməsi” mövzusunda ikigünlük seminar başa çatıb.
Newscenter.az-ın xəbərinə görə, Hilton Baku otelində keçirilən seminarın ikinci günündə mediatorların mübahisələrin həlli prosesində qarşılaşdıqları praktiki çətinliklər, tərəflərin maraq və ehtiyaclarının müəyyənləşdirilməsi, effektiv mediasiya strategiyalarının tətbiqi və uğurlu barışıq sazişinin əldə olunması məsələləri diqqət mərkəzində olub.
Təlimçilər Paşa Səfərov və Sadiq Bağırov tərəfindən aparılan sessiyalarda maraq və ehtiyacların təhlili zamanı yaranan çətinliklər, tərəflərin mövqeləri, maraqları və manipulyasiyalarının (bleflərin) fərqləndirilməsi, alternativ həll yollarının yaradılması, mediator təşəbbüsləri, emosional amillərin və qürur faktorunun mediasiya prosesində rolu, eləcə də kompromis imkanlarının müəyyənləşdirilməsi mövzuları ətraflı izah edilib.
Mövzuların praktiki mənimsənilməsi məqsədilə rol oyunları təşkil olunub, mediatorların müxtəlif mübahisə situasiyalarında qərarvermə və prosesin idarə olunması bacarıqları üzərində işlənilib.
Proqramın növbəti hissəsində mediasiya prosesində üçüncü şəxslərin və uşaqların maraqlarının nəzərə alınması, barışıq sazişinə aparan strategiyalar, barışığın əldə olunması və rəsmiləşdirilməsi, həmçinin barışıq şərtlərinin müəyyənləşdirilməsi və mümkün həll variantlarının qiymətləndirilməsi məsələləri müzakirə edilib.
Seminarın yekun sessiyasında mediasiya prosesinin düzgün sonlandırılması, prosesin psixoloji baxımdan bağlanması, mediasiyada “üzr” mexanizminin tənzimlənməsi və bağışlanma, mediatorun və üçüncü şəxslərin reputasiyasından istifadə taktikası, eləcə də keçmiş, cari və gələcək kontekstində zamana əsaslanan mübahisə həlli strategiyaları üzrə bilik və praktiki yanaşmalar iştirakçıların diqqətinə çatdırılıb.
İkigünlük seminarın sonunda iştirakçıların təlim proqramı üzrə qiymətləndirilməsi aparılıb və onlara sertifikatlar təqdim edilib.
Qeyd edək ki, seminarın keçirilməsində əsas məqsəd mediatorların peşəkar səriştələrinin artırılması, mediasiya prosesinin müxtəlif mərhələlərində tətbiq olunan metod və strategiyaların təkmilləşdirilməsi, habelə mübahisələrin daha effektiv və dayanıqlı həllinə nail olunması üçün praktiki bacarıqların inkişaf etdirilməsi olub.
Süleyman