Icma.az xəbər verir, Banco.az saytına əsaslanaraq.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Məktəbə hazırlıq dövründə valideynlərin əsas xərclərindən biri məktəb ləvazimatlarının alınmasına düşür. Çanta, dəftərxana məhsulları, yazı vasitələri, geyim və digər zəruri məhsulların qiyməti isə hər il ailələrin büdcəsinə daha çox təsir göstərir. Bu il qiymətlərdə ötən illə müqayisədə az da olsa, artım müşahidə edilir. Bəs Azərbaycanda məktəb ləvazimatlarının bahalaşmasının əsas səbəbləri nələrdir?
İqtisadçı ekspert Asif İbrahimov Banco.az-a açıqlamasında bildirib ki, Azərbaycana bir çox digər məhsullar kimi məktəb ləvazimatlarının böyük hissəsi də idxaldan gəlir, xüsusilə Çindən və Türkiyədən:
"Məktəbli çantaları, dəftərxana məhsulları, yazı və rəsm məhsulları, ləvazimatları, eləcə də bir sıra geyim və ayaqqabı məhsulları xaricdən gətirilir. Hətta yerli istehsal olunan məktəbli geyimlərinin belə parçaları, aksessuarları və digər xammallarının böyük bir hissəsi xaricdən idxal hesabına formalaşır.
Bu səbəbdən dünya bazarındakı xammal istehsalı, logistika xərclərində baş verən dəyişikliklər, eyni zamanda Azərbaycanda baş verən xərclərlə bağlı istehsalçının, sahibkarın vergi yükünün artması, icarə yükünün artması, kommunal xidmətlərin qiymətinin bahalaşması da yekun məhsulun qiymətinə öz təsirini göstərir".
İqtisadçı bildirib ki, bildiyiniz kimi, gömrük rüsumunun təyin olunması ilə bağlı qanunda altı növ üsul müəyyənləşdirilib: "Bunlardan altıncısı ehtiyat üsuludur ki, hər hansı bir formada qiyməti müəyyən etmək mümkün olmayanda o üsuldan istifadə edirsən. Bizdə də birbaşa olaraq altıncı üsulla qiymət müəyyən edilir. Belə olduğu üçün sahibkar gömrükdə ödəməli olduğu qiymətdən 2 dəfə, 3 dəfə baha qiymət ödəyir.
Və bu səbələ yaranan bahlaşmanı bütün məhsullarda hiss etmək olar, o cümlədən də məktəb ləvazimatlarında".
Bizi sosial şəbəkələrdən izləyin!!