Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 20 noyabr, AZƏRTAC
Məktəb uşaqların yalnız bilik və bacarıqlar qazandığı deyil, həm də şəxsiyyət kimi formalaşdığı, sosial münasibətlər qurmağı öyrəndiyi mühitdir. Lakin bəzən bu mühitdə şagirdlər arasında lağetmə, təhqir, alçaltma, təcridetmə və fiziki təzyiq kimi bullinq halları ilə qarşılaşılır. Belə davranışlar uşağın yalnız məktəb həyatına deyil, onun psixoloji vəziyyətinə, özünəinamına və gələcək sosial münasibətlərinə ciddi təsir göstərə bilər. Bəzi hallarda uşaqlar yaşadıqlarını bölüşməkdən çəkinir, bəzən isə aqressiv davranış nümayiş etdirən şagirdlərin özləri də müəyyən psixoloji və sosial problemlərin təsiri altında olurlar. Bu baxımdan bullinqin əlamətlərinin vaxtında müəyyənləşdirilməsi, həm zərərçəkən, həm də aqressiv davranış göstərən uşaqlarla düzgün psixoloji işin aparılması xüsusi əhəmiyyət daşıyır. Bəs məktəblərdə bullinqə məruz qalan şagirdləri hansı davranış dəyişikliklərindən tanımaq olar? Bullinq edən uşaqların bu davranışlarının arxasında hansı səbəblər dayanır və məktəb psixoloqları problemin həlli istiqamətində hansı addımları atırlar?
Mövzu ilə bağlı Bakı şəhəri 83 nömrəli məktəb-liseyin psixoloqu Aynur Məmmədova AZƏRTAC-a açıqlamasında bildirib ki, bullinqə məruz qalan şagirdlərdə əsasən emosional və davranış dəyişiklikləri, məktəbə və təlim prosesinə marağın azalması, ünsiyyətdən qaçma və özünəqapanma halları müşahidə olunur.
Onun sözlərinə görə, belə uşaqlarda özünəinamın zəifləməsi, qorxu hissi, habelə fiziki əlamətlər meydana çıxa bilər. Ürəkbulanma, mədə ağrıları, iştahasızlıq və ya həddindən artıq iştaha da bullinqin yaratdığı psixoloji gərginliyin təzahürləri sırasındadır. Bu dəyişikliklər şagirdlərin təlim nəticələrinə də mənfi təsir göstərə bilər. Bullinq hallarının müəyyənləşdirilməsi üçün məktəb psixoloqu müxtəlif üsullardan istifadə edir. Buraya sinif mühitində və tənəffüs zamanı müşahidələrin aparılması, sinif rəhbərləri və fənn müəllimləri ilə əməkdaşlıq, şagirdlər arasında sorğuların təşkili, fərdi söhbətlər və valideynlərdən daxil olan məlumatların təhlili daxildir.
Psixoloq vurğulayıb ki, bullinqə məruz qalan şagirdlərlə psixoloji işin ilk mərhələsində etibarlı və təhlükəsiz ünsiyyət mühitinin yaradılması vacibdir. Uşaq başa düşməlidir ki, onun yaşadıqları diqqətlə dinlənilir, hissləri və fikirləri ciddiyə alınır, baş verənlərə görə günahlandırılmır. Şagirdlərin özünəinamını bərpa etmək, yaşadıqları psixoloji sarsıntının təsirlərini azaltmaq və sosial bacarıqlarını inkişaf etdirmək məqsədilə psixokorrektiv və inkişafetdirici məşğələlər keçirilir. Bu zaman müxtəlif rahatlama və nəfəs texnikalarından, eləcə də proyektiv üsullardan istifadə olunur.
Bullinq edən şagirdlərlə aparılan psixoloji işə də toxunan Aynurə Məmmədova bildirib ki, ilk növbədə, həmin uşaqlarla fərdi söhbətlər aparılmalı, aqressiv davranışın yaranma səbəbləri araşdırılmalıdır. Eyni zamanda, onlarda empatiya, məsuliyyət, emosional özünənəzarət və münaqişələri dinc yolla həll etmək bacarıqlarının inkişafına yönəlmiş məşğələlər təşkil edilməlidir. Aqressiv davranışın arxasında müxtəlif sosial və psixoloji amillər dayana bilər. Bunlara ailədə aqressiv ünsiyyət və zorakılıq nümunələri, valideyn nəzarətinin və emosional dəstəyin çatışmazlığı, diqqət və qəbul olunma ehtiyacı, özünü yaşıdlarından üstün göstərmək və qrup daxilində nüfuz qazanmaq istəyi daxildir. Həmçinin empatiya və emosiyaları idarəetmə bacarıqlarının zəifliyi, mənfi sosial mühit və yaşıdların mənfi təsiri də bu davranışlara səbəb ola bilər.
“Bullinqin təkrarlanmaması üçün yalnız hadisənin birbaşa iştirakçıları ilə deyil, digər şagirdlər, müəllimlər və valideynlərlə də profilaktik və maarifləndirici işlər aparılmalıdır. Bullinq sadəcə şagirdlər arasında baş verən münaqişə deyil. Bu, uşağın psixoloji təhlükəsizliyinə, özünəinamına və sosial inkişafına mənfi təsir göstərən ciddi problemdir. Buna qarşı mübarizədə əsas məqsədimiz yalnız baş vermiş hadisəyə reaksiya vermək deyil, onun qarşısını almaqdır. Bunun üçün şagird, müəllim, valideyn və məktəb psixoloqu arasında davamlı əməkdaşlıq olmalıdır. Hər bir şagird özünü təhlükəsiz, dəyərli və qəbul olunmuş hiss etməlidir. Bullinqin qarşısının alınması yalnız cəza tədbirləri ilə deyil, təhlükəsiz mühitin yaradılması, düzgün müdaxilə və davranışın dəyişdirilməsi ilə mümkündür”, - deyə psixoloq fikrini yekunlaşdırıb.
Müxbir - Nərmin Muradzadə