Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Naxçıvan Ağsaqqallar Şurasının sədri Məmməd Məmmədov ömrünün hər səhifəsini böyük məhəbbət və ləyaqətlə vərəqlədiyimiz ziyalılardandır. Onunla söhbətimiz zamanı keçdiyi həyat yolundan danışarkən səsində qürur, bir az da kövrəklik duyulurdu. El arasında onu daha çox “Mamed müəllim” kimi tanıyırlar. Sadəliyi, insanlarla ünsiyyəti, mehribanlığı ilə hər zaman hörmət qazanıb. İndi təqaüddə olsa da, Naxçıvan Ağsaqqallar Şurasında ictimai əsaslarla fəaliyyətini davam etdirir.
Məmməd müəllim hazırda 4-cü kitabını nəşrə hazırlayır. Uzun illərin mütaliəsi və araşdırmaları nəticəsində topladığı bilikləri kitablaşdıraraq gələcək nəsillərə çatdırmağa çalışır. 2011-ci ildə nəşr olunan “1001 suala 1001 cavab” kitabı həmin dövr üçün böyük maraq doğurmuşdu. O illərdə texnologiya bugünkü qədər inkişaf etməmişdi, məktəblərdə əsas bilik mənbəyi kitablar idi. Min nüsxə tirajla çap olunan kitab müəllimlər və məktəblər tərəfindən böyük maraqla qarşılanmışdı.
Müxtəlif dövrlərdə yaşamış mütəfəkkirlərin hikmətli fikirlərini bir topluda cəmləşdirən “Dünya mütəfəkkirlərinin hikmətli kəlamları” kitabı, rus dilindən tərcümə etdiyi “Təbiət müalicə edir” kitabları da oxucuların marağına səbəb olub.
Orta məktəbi 16 yaşında əla qiymətlərlə bitirən Məmməd müəllim 8 yaşından rus dilində sərbəst danışırdı. 12 yaşından isə əməyin və zəhmətin nə olduğunu anlayaraq həyatın məsuliyyətini erkən yaşlarından çiyinlərinə götürmüşdü.
Hüquq fakültəsində oxumaq arzusu olsa da, həmin dövrdə tələb olunan üçillik əmək stajı olmadığı üçün bu arzusunu reallaşdıra bilmir. Az sonra hərbi xidmətə yollanır. Dördillik hərbi xidmət dövründə birillik hərbi məktəbi fərqlənmə diplomu ilə bitirir, leytenant hərbi rütbəsi alır.
Ali təhsil aldığı ilk illərdən pedaqoji fəaliyyətə başlayır. 4-cü kursu bitirəndə direktor müavini, 5-ci kursu başa vuranda isə artıq məktəb direktoru idi. Həyat qarşısına nə qədər çətinliklər çıxarsa da, hər sınaqda daha da möhkəmlənirdi. 1985-1987-ci illərdə Naxçıvan Müəllimlər Təkmilləşdirmə İnstitutunda İbtidai Hərbi Hazırlıq kabinetinin müdiri işləyir, eyni zamanda, tarix fənnini tədris edir. 1987-ci ildən 2001-ci ilədək Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərini əhatə edən Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsində illər insanlara xidmət göstərir.
Məmməd müəllim Ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini böyük ehtiram və qürur hissi ilə xatırlayır. 1990-cı ildə Ulu Öndər Naxçıvana qayıtdıqda ölkədə vəziyyət çətin idi. Həmin günlərdə bir çoxları məsuliyyətdən çəkinir, baş verən hadisələrə ehtiyatla yanaşırdı. Məmməd Məmmədov isə tərəddüd etmədən 340 nömrəli seçki dairəsindən Ulu Öndərin deputatlığa namizədliyinin irəli sürülməsi prosesində onun vəkili kimi fəaliyyət göstərir.
Bu barədə danışarkən həmin günləri belə xatırlayır:
–Rayona gələnlər sənədlərə baxdılar. Gördülər ki, icra nümayəndələrinin əksəriyyəti müxtəlif peşə sahibləridir, ali təhsilləri yoxdur. Bir qədər sonra mənə zəng etdilər. Dedilər ki, səni Ulu Öndərin vəkili kimi məsləhət görürük. Sən həm ali təhsillisən, həm də bu işi bacararsan. 47 yaşım var idi. Bu, həyatımın ən məsuliyyətli dövrü idi. 1990-cı il sentyabrın 26-da Ulu Öndərin bacısının evində, səmimi və mehriban bir mühitdə ilk görüş keçirildi. O qədər sual hazırlamışdım ki… Amma onun qarşısında əyləşəndə hazırladıqlarımın hamısını unutdum. Söhbəti, düşüncələri, hadisələrə yanaşması məni valeh etmişdi.
İlk söhbət zamanı hansı kənddən olduğumu soruşdu:
– Qaraxanbəyli kəndindənəm.
– Dəmir yolunun altından? Bu, kəndimizdə işlədilən köhnə bir ifadə idi. Düşündüm ki, bu insan bizim kəndin hər daşını, hər yolunu tanıyır. Onun yaddaşı və məlumatlılığına heyran qalmışdım.
Bir neçə gün sonra isə Cavidabad sakinləri ilə böyük görüş oldu. Ulu Öndərin həyat və fəaliyyət yolu haqqında ilk çıxışı etmək şərəfi mənə nəsib oldu. Bu, həyatımın ən unudulmaz günlərindən biridir. Bu etimadı doğrultmaq mənim üçün böyük məsuliyyət idi. Onunla söhbət edən hər kəs anlayardı ki, qarşısında son dərəcə zəngin biliyə, güclü yaddaşa və dərin təfəkkürə malik böyük şəxsiyyət dayanır.
Məmməd Məmmədovun “Şərq qapısı” qəzetində publisistik yazıları, araşdırmaları və tarixi mövzulara həsr olunmuş məqalələri dərc olunub.
2023-cü il sentyabrın 13-də Azərbaycan Ağsaqqallar Şurasının “Fəxri Ağsaqqal” medalı ilə təltif olunması, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanına layiq görülməsi, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə mükafatlandırılması onun uzun illər ərzində göstərdiyi səmərəli fəaliyyətə verilən dəyərin ifadəsidir. Ancaq Məmməd müəllimin qazandığı ən böyük mükafat, heç şübhəsiz ki, insanların ona bəslədiyi hörmət və etimaddır.
Məmməd Məmmədovun ömür yolu dövlətə sədaqətin, xalqa xidmətin, müəllim nüfuzunun və vətəndaş məsuliyyətinin vəhdətini özündə yaşadan həyat məktəbidir.
Rafiq TƏHMƏZ,
"Şərq qapısı" qəzetinin müxbiri