Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Astana, 17 dekabr, AZƏRTAC“Mərhəba, Qazaxıstandan azərbaycanlılara çoxlu salamlar!” - bu sözlər Astananın ticarət mərkəzində səsləndi və bir anlıq mənə onun divarlarından kənardakı sərt soyuğu unutdurdu.Qazaxıstanın Müstəqillik Günündə bu ölkənin paytaxtının tam mərkəzinə necə gəlib çıxdığımı və belə bir səmimi müraciət eşitdiyimi başa düşmək üçün lap əvvələ - bayram ab-havasının hökm sürdüyü dekabrın 16-nın səhərinə qayıtmaq lazımdır.Yuxudan oyanıb əlimi telefonuma uzadan an çoxlu mesajlar gördüm.
Qazaxıstanın Müstəqillik Gününün əhəmiyyətini mənə xatırladan ilk şəxs bir dəfə müsahibə aldığım tanışım, məşhur kartoqraf Muxit-Ardager Sıdıqnazarov oldu.
Onun ardınca oğlumun müəllimi məktəb “çat”ında bu bayramın qazax xalqı üçün xüsusi əhəmiyyətini vurğulayan ətraflı mesaj yazdı.Müstəqillik günü rəsmi səviyyədə də qeyd olundu: Azərbaycanın Xarici İşlər Nazirliyi, eləcə də ölkəmizin səfirliyi X şəbəkəsində öz təbriklərini dərc etdi.
Beləliklə, başqa ölkənin vətəndaşı olaraq, lakin Astanada yaşayan ailəmiz Qazaxıstan üçün bu günün əhəmiyyətini hiss etdi.
Bayram əhvali-ruhiyyəsindən ilhamlanaraq, gəzintiyə çıxmaq qərarına gəldik. Şiddətli şaxtaya baxmayaraq bütün ailə hazırlaşıb evi tərk etdi.
Bilirdim ki, bayram münasibətilə şəhərdə müxtəlif tədbirlər keçirilir, amma dəqiq marşrutum yox idi - kortəbii hərəkət etmək qərarına gəldik.İlkin plan – piyada gəzintiyə çıxmaq - ləğv edilməli oldu: çöldə o qədər soyuq idi ki, uzun müddət gəzmək qeyri-real görünürdü.
Qarşımıza çıxan ilk avtobusa minmək və gedərkən səfərin məqsədini müəyyən etmək qərarına gəldik.Maraqlı hadisələr axtarışında Mərkəzi Asiyanın ən hündür binalarından birinin - “Abu Dabi Plaza” ticarət mərkəzinin yerləşdiyi əraziyə yollandıq.