Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Şəki, 6 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC Şəki respublikanın ən böyük taxılçılıq rayonlarındandır.
Hər il respublikada istehsal olunan taxılın təxminən 15 faizə qədəri Şəki rayonunun payına düşür.
Bu il rayonda 2026-cı ilin məhsulu üçün 60 min hektardan çox sahədə taxıl əkilməsi planlaşdırılır.
Payız mövsüminin yaxınlaşması ilə əlaqədar hazırda dövlət və fermer təsərrüfatlarında taxıl toxumlarının təmizlənməsi, kondinsiyaya çatdırılması və dərmanlanması prosesi həyata keçirilir.
Bu günədək rayonun fermerləri tərəfindən 1470 ton taxıl toxumu dərmanlanıb və proses davam etdirilir.
Qlobal iqlim dəyişkənliyi şəraitində səpinqabağı toxumların genişspektrli insekto-fungisidlərlə dərmanlanması yüksək məhsuldarlığa zəmanət verir.Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Şəki rayon Mərkəzinin rəisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Tələt Mehdiyev deyib.Mərkəzin rəisi bildirib ki, toxumların genişspektrli preparatlarla dərmanlanmasının yüksək məhsul əldə edilməsində rolunu fermerlərə izah etmək üçün Mərkəz tərəfindən Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Şəki Dayaq Məntəqəsində məhsul istehsalçılarına elmi-praktiki təlim keçirilib.
Təlim prosesində fermerlərə izah edilib ki, toxumun dərmanlanmasında insekto-fungisidlərdən istifadə edilməsi, yəni xəstəlik və zərərvericilərə qarşı olan preparatların tətbiqi nəticəsində vegetasiya ərzində kimyəvi çiləmələrin sayı xeyli azalır.