Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb".
SİA-nın verdiyi məlumata görə, faiz dəhlizi ilə bağlı qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəflə (4±2%) müqayisəsi, qlobal iqtisadiyyatda və maliyyə bazarlarındakı vəziyyət, ölkədaxili makroiqtisadi meyillərin təhlili və pul siyasəti qərarlarının real sektora ötürücülüyü nəzərə alınmaqla qəbul olunub.
Ötən iclasdan bəri illik inflyasiya hədəf diapazonu (4±2%) daxilində qalmaqda davam edib.
Belə ki, 2025-ci ilin mart ayında 12 aylıq inflyasiya 5.9% olub ki, bu da inflyasiya proqnozuna uyğun dinamikadır.
Bu dövrdə illik qiymət artımı ərzaq malları üzrə 6.5%, qeyri-ərzaq malları üzrə 2.8%, xidmətlər üzrə isə 7.5% təşkil edib.
İllik baza inflyasiya isə 4.5% olub. Son aylarda inflyasiyaya təsir edən xarici amillərdə dəyişkənlik artıb.
Beynəlxalq Valyuta Fondunun məlumatına görə 2025-ci ilin martında əmtəə qiymətləri indeksi aylıq 2.7% azalıb, illik isə 2.6% artıb.