Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bu zənginliyi qorumaq isə sağlam gələcək uğrunda savaşdır Şəhərlərin, xüsusilə meqapolislərin sakinləri yaşadıqları məkandan ayrılıb ecazkar təbiətin, xüsusilə də zümrüd meşələrin, axar çayların əhatəsinə düşəndə, sanki, başqa bir planetə gedibmiş kimi heyrətamiz hisslər yaşayırlar.
Belə məqamlarda anlamağa başlayırlar ki, Yer kürəsi təkcə insan zehninin və əməlinin yaratdıqları ilə deyil, Tanrının bəxş etdiyi əsrarəngiz təbiəti ilə daha gözəl, cazibədar, maraqlı və səxavətlidir.
Bu hissləri payızın ilk günlərində qısa səfərə çıxdığım doğma yerlərin, Talış dağlarının ətəklərinə səpələnmiş zümrüd meşələrin sehrinə düşəndə daha dərindən duydum.
Bir tərəfdən dağlara, bir yandan sıx meşələrə, o biri səmtdən də göyə bülənd olmuş ağaclara həzin zümzüməsi ilə laylay çalan çayların yaratdığı gözəlliyin harmoniyasından bir gerçəyi anladım ki, biz təbiətdən uzaqlaşdıqca, onunla amansız davrandıqca, çox şey itiririk.
Bu səfərimdən sonra xüsusilə, meşələrin bəşəriyyətin və insanlığın həyatında oynadığı rol haqqında materiallarla da tanış oldum.
İlk qənaətim belə oldu: insanların əksəriyyəti meşələrin yerin tarazlığı və daimi mövcudluğu üçün nə qədər əhəmiyyətli olduğunu unudurlar.
Ən azından onu yaddan çıxarırlar ki, planetimizdə canlı həyatın dəstəklənməsində meşələr xüsusi rol oynayır.