Meşələr həyat beşiyi, tarixin xalqımıza əmanətidir
Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bu zənginliyi qorumaq isə sağlam gələcək uğrunda savaşdır
Şəhərlərin, xüsusilə meqapolislərin sakinləri yaşadıqları məkandan ayrılıb ecazkar təbiətin, xüsusilə də zümrüd meşələrin, axar çayların əhatəsinə düşəndə, sanki, başqa bir planetə gedibmiş kimi heyrətamiz hisslər yaşayırlar. Belə məqamlarda anlamağa başlayırlar ki, Yer kürəsi təkcə insan zehninin və əməlinin yaratdıqları ilə deyil, Tanrının bəxş etdiyi əsrarəngiz təbiəti ilə daha gözəl, cazibədar, maraqlı və səxavətlidir.
Bu hissləri payızın ilk günlərində qısa səfərə çıxdığım doğma yerlərin, Talış dağlarının ətəklərinə səpələnmiş zümrüd meşələrin sehrinə düşəndə daha dərindən duydum. Bir tərəfdən dağlara, bir yandan sıx meşələrə, o biri səmtdən də göyə bülənd olmuş ağaclara həzin zümzüməsi ilə laylay çalan çayların yaratdığı gözəlliyin harmoniyasından bir gerçəyi anladım ki, biz təbiətdən uzaqlaşdıqca, onunla amansız davrandıqca, çox şey itiririk.
Bu səfərimdən sonra xüsusilə, meşələrin bəşəriyyətin və insanlığın həyatında oynadığı rol haqqında materiallarla da tanış oldum. İlk qənaətim belə oldu: insanların əksəriyyəti meşələrin yerin tarazlığı və daimi mövcudluğu üçün nə qədər əhəmiyyətli olduğunu unudurlar. Ən azından onu yaddan çıxarırlar ki, planetimizdə canlı həyatın dəstəklənməsində meşələr xüsusi rol oynayır. “Planetin ağciyərləri” hesab edilən meşələr biomüxtəlifliyin yuvası sayılır, iqlim və su dövranının tənzimlənməsi, torpağın qorunması və insanlar üçün resursların təmin edilməsində əsas rol oynayır.
Meşələr şəhərlərin birbaşa və ya dolayı yolla istehlak etdikləri çay sularının keyfiyyəti və su dövranının tənzimlənməsində son dərəcə əhəmiyyətli bir funksiya daşıyırlar. Unudurlar ki, ağac kökləri torpağı gücləndirir və eroziyaya nəzarət edir, bununla da fırtına və daşqınların təsirlərini minimuma endirir. İnsanların meşələrə illərlə davam edən amansız münasibəti indi dünyada bir çox kataklizmlərə, xüsusilə yüzlərlə yaşayış məntəqəsini cənginə alıb dağıdan daşqınlara gətirib çıxarıb.
Alimlər qeyd edirlər ki, dünyadakı biomüxtəlifliyin 100-də 80-ni meşələrdədir. Bir qismini söylədiyim bu amillər meşələrə münasibətin dəyişməsini, onların qorunmasının mühüm əhəmiyyət daşıdığını göstərmirmi?
Elə haqqında bəhs edəcəyim dəniz səviyyəsindən 2 min 200 metr yüksəklikdə bütöv bir bölgənin yaşıl libasına çevrilmiş Talış meşələrini götürək. Yurdumuzun 150 min hektar sahəsini əhatə edən və zənginliyi ilə seçilən bu meşələrin son dərəcə böyük əhəmiyyət daşıdığını göstərən arqumentlərdən biri odur ki, bu yaşıl zolaq 3-cü buzlaşma dövründən dövrümüzə gəlib çatan, dünyada çox az rast gəlinən müxtəlif növ bitki və ağaclardan ibarətdir. Buzlaşmaya məruz qalmadıqları üçün bu bitkilər planetimizin keçmişinin tədqiqində çox dəyərli mənbə hesab edilir.
Səfər günlərində təsadüfən ekoloq-jurnalist, regionumuzun təbiətinin son dərəcə cəfakeş müdafiəçilərindən olan, tələbə dostum Bəxtiyar Hüseynovla qarşılaşanda təəssüratımı bölüşdüm. Sanki söylədiklərimi gözləyirmiş kimi söhbətə başladı:
– Meşələr, xüsusilə Talış meşələri müstəqil Azərbaycanımızın ən dəyərli sərvətlərindən biridir. Nə yaxşı ki, bunu hələ sovet dönəmində böyük ekoloq-alimimiz, mənim mənəvi müəllimim, akademik Həsən Əliyev əsərlərində dönə-dönə qeyd edib. Yurdsevər alim ölkə mətbuatında təbiətimizə, xüsusilə meşələrimizə qarşı amansızlığı dayandırmaq haqqında həyəcan təbili çalıb.
Elə bu səbəbdən də respublikaya rəhbərlik etdiyi bütün dönəmlərdə ulu öndər Heydər Əliyev təbiət vurğunu olan alimimizin gələcəyə ünvanlanan bu çağırışını əsas götürərək Azərbaycanda meşələrin qorunması haqqında mühüm sənədlər imzalamış və təsirli qərarlar qəbul etmişdir. Məni bir ekoloq kimi ümidləndirən artıq 22 ildən bəri bu siyasəti möhtərəm Prezidentimiz İlham Əliyevin qətiyyətlə, yüksək prinsipiallıqla davam etdirməsidir.
Mən konkret olaraq Cənub regionunun zümrüd meşələri haqqında bir neçə faktı diqqətinizə çatdırım. Növ zənginliyinə görə Talış meşələri Qafqazın 18 flora əyaləti içərisində birinci yerdədir. Bizim meşələrdə 1000 hektara 32 bitki növü düşür. Bu da Qafqazda ən yüksək rəqəmdir. Meşələrimizdə mövcud olan 174 növ ağac və kolun 36 növü endemdir. Hirkan meşələrində Xəzər lələyi, Hirkan armudu və ipək akasiyasının mövcudluğu bu meşələrin vaxtilə Şərqi Asiya və Himalay florası ilə genetik əlaqəsi olduğunu göstərir.
Cənub regionunda, eyni zamanda, Hirkan tipli subtropik meşələr də mövcuddur. Diabar müstəsna olmaqla, Talış meşələrində 36 min 900 hektarlıq sahədə 1167 növ bitki qeydə alınmışdır. Burada 1 kvadratkilometr ərazidə 35 növə yaxın ağac və kol növlərinə rast gəlinir. Onların arasında əsasən şabalıdyarpaq palıd, fıstıq, vələs, dəmirağac, qızılağac, azat ağacı, Qafqaz xurması və s. ağac növləri xüsusi yer tutur. Bu ağacların orta yaşı 120-150 ildir.
Talış meşələrində ayıdöşəyi, dəmirağacı, azat, vələs, cökə, Lənkəran akasiyası, Hirkan bigəvəri, şümşadı və ənciri, adi qoz, şabalıdyarpaq palıd, ipək akasiya, ağcaqayın, Xəzər lələyi, Hirkan ənciri, Qafqaz xirniyi, pırkal və müxtəlif lianlar (sarmaşıq bitki növləri) geniş yayılmışdır. Eyni zamanda, ərazidə Azərbaycan Respublikasının “Qırmızı kitab”ına daxil edilmiş endemik ağaclar, müxtəlif bitkilər də geniş yayılmışdır.
Ekoloq dostumdan bu məlumatları dinlədikcə, fərəhdən köksüm qabarırdı. Əlbəttə, Vətənimiz Azərbaycanın təbiəti zəngin, torpağı bərəkətli və məhsuldardır. Amma bu sərvətlərimizlə öyünmək azdır, onları qorumaq, tamahları naminə biomüxtəlifliyə qənim kəsilənlərə qarşı mübarizə aparmaq, bu qiymətsiz varlığımızı gələcək nəsillərə sağlam ötürmək hər birimizin borcudur. Nə yaxşı ki, bu çətin və şərəfli işin önündə gedən, yaşıllıqlarımızı, meşələrimizi qoruyan fədakar meşəçilərimiz var.
Ekoloq-jurnalisti narahat edən və qayğılandıran da elə budur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Lənkəran Regional İdarəsində çalışdığı dönəmdə fəaliyyətinin ana xətti də məhz bu olub. İndi dövlət qulluqçusu kimi təqaüdə çıxsa da, bu sahədə fəaliyyətini əsla dayandırmayıb. Meşələrin qorunmasının hazırkı vəziyyəti ilə maraqlananda əvvəlki dönəmlərdən fərqli olaraq bir qədər ümidli danışdı:
– Etiraf edim ki, nazirliyin son kadr təyinatı məni çox ümidləndirir. Bilirsiniz ki, kollektivin fəaliyyətinin səmərəliliyi rəhbər kadrın işə münasibətilə birbaşa bağlıdır. Bu mənada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir müddət əvvəl Meşələrin İnkişafı Xidmətinin 1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinə direktor təyin etdiyi Habil Əliyevin fəaliyyəti ilk gündən diqqətimi çəkdi və məni razı saldı. Görürəm ki, Habil Əliyev kollektivi ilə birlikdə meşələrin mühafizəsində, zənginləşməsində xüsusi əzmkarlıq göstərir. Ən əhəmiyyətli məqam ondan ibarətdir ki, o, daşıdığı vəzifənin məsuliyyətini həm bir məmur, həm də mütəxəssis olaraq gözəl dərk edir.
Bəxtiyar müəllimin bu qeydlərindən sonra görülən işlərlə maraqlandım. Öyrəndim ki, ötən illərdə Talış meşələrinə dəyən ziyanı, qanunsuz kəsilmiş əraziləri bərpa etmək üçün yeni rəhbərliyin təşəbbüsü ilə ciddi işlər görülür. Meşələrin inkişafı xidmətinin 1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi təkcə bu ilin payız mövsumu üzrə 48 hektar ərazidə yeni meşələrin salınması üçün aqrotexniki tədbirlər həyata keçirib. Ərazi tam çəpərlənib, torpaq işləri və digər zəruri aqrotexniki işlər görülüb.
Əlbəttə, bu gün Azərbaycanın bir çox yerlərində olduğu kimi, Lənkəran, Lerik, Astara meşə sahələrinin genişləndirilməsi ilə bağlı bilavasitə dövlət başçısının tapşırığı ilə çox genişmiqyaslı layihələr həyata keçirilir. Minlərlə ting torpağa qovuşur, yeni yaşıllıq zolaqları salınır, qanunsuz kəsilmiş və yaxud qurumuş, seyrəkləşmiş sahələr bərpa edilir. Ən əsası da odur ki, bu işi Habil Əliyevin rəhbərlik etdiyi kollektiv əzmlə həyata keçirir. Onları belə cani-dildən işləməyə sövq edən bir yandan Azərbaycan Prezidenti İlham Əliyevin bu işə xüsusi diqqət və qayğısıdırsa, başqa səbəb meşələrə olan hədsiz sevgidir.
Amma bir gerçəyi də unutmaq olmaz ki, bir tingin, ağacın, sadəcə, torpağa əkilməsi kifayət deyil. Onun böyüməsi, kök atması, nəhəng ağaca çevrilməsi böyük zəhmət, fədakarlıq və səbir tələb edir. Hər tingin arxasında meşəçinin zəhməti, alın təri var.
Bəxtiyar Hüseynov söhbət əsnasında bir məsələyə xüsusi diqqət çəkdi: “Atalar deyib: “Kənardan döyüş asan görünür”. Bəzən kənardan baxan elə bilir ki, ağac əkib böyütmək, yaşıllıq salmaq çox sadədir. Amma əsla belə deyil. Bir ağacı qorumaq, bir meşəni yetişdirib boya-başa çatdırmaq, bəlkə də ən çətin mübarizələrdən keçir”.
Dostum “mübarizə” deyəndə, bir anlıq fikrim dolaşdı. Sonra özü bu məsələyə aydınlıq gətirdi və bildirdi ki, son illərə qədər bizim meşələrə qənim kəsilən bəzi məmurların adı meşəçi olsa da, özləri meşələrə qənim kəsilənlər idilər. Onlar meşələrin qanunsuz qırılmasına həm şərait yaradır, həm də öz tamahlarını doyururdular. Çünki rəhbər yerində olmayanda, meşəçi olmayanda, bu ağaclara öz övladı kimi qayğı göstərməyəndə, əlbəttə, meşə kütləvi məhvə məruz qalır. Onlara elə gəlir ki, meşə 4-5 ağac kəsilməklə qurtaran deyil. Amma anlamırlar ki, həmin 4-5 ağacı yetişdirmək, böyütmək üçün 15-20, bəzən 30-40 il lazım gəlir.
Sağ olsun, direktor Habil Əliyev ilk gündən prinsipiallığı ilə seçilir və qanunsuzluqlara qarşı çox sərt tədbirlər görür. Artıq qanunsuz ağac kəsimlərinə son qoyulub, meşələrimiz rahat nəfəs alır. Onun təşkilatçılığı sayəsində meşələrimiz yeni həyatını yaşayır desəm, səmimiyyətimə inanın. Ən əsası budur ki, onun idarəçiliyi və işə vicdanlı münasibəti sayəsində işgüzar, qayğıkeş, səmimi, mehriban bir kollektiv formalaşıb.
Bəxtiyar müəllim qeyd edir ki, Habil Əliyevin prinsiplərinin ən mühümü işi peşəkarlara və vicdanlı kadrlara etibar etməsidir. Bu mütəxəssislərdən biri də Sərraf Quliyevdir. Eşidəndə ki, Sərraf yanğından mühafizə üzrə əməkdaşdır bir qədər təəccübləndim. Amma son illər bütün dünyada olduğu kimi, Azərbaycanda da meşə yanğınlarının mütəmadi hal aldığını xatırlayanda təəccüblənmədim. İş yoldaşları deyirlər ki, Sərraf çox məsuliyyətli, peşəkar meşəçidir. Rəhbərlik tərəfindən tapşırılan işlərin öhdəsindən layiqincə gəlməklə yanaşı, özü də meşələrin yanğından qorunması sahəsində şəxsi təşəbbüskarlıq göstərir.
Sərrafla bir qədər yaxından tanış olduq. Öyrəndik ki, Lənkəranın Gəgiran kənd orta məktəbini əla qiymətlərlə bitirmiş Sərraf meşəçi ailəsində böyüyüb. Babası Musa Quliyev, atası Mürsəl kişi də bütün ömürlərini bu meşələrə xidmətdə keçiriblər. Ömrünün sonuna qədər Lənkəran Meşə İdarəsində müxtəlif vəzifələrdə çalışan atası Mürsəl Quliyev dünyasını dəyişəndən sonra, Sərraf Belarusun Brest şəhər İnşaat Mühəndisləri İnstitutundakı təhsilini yarımçıq qoyaraq Vətənə dönüb və atasının şərəfli yolunu davam etdirib.
Hazırda Lənkəranın, Astaranın, Lerikin meşələrini qoruyan 1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Habil Əliyev vəzifəsinə başlayandan az sonra Sərrafa ən çətin bir vəzifəni - Lerik rayonunun Kürdəsər meşəbəyliyini həvalə edib. Bu meşə sahəsində son illər daha çox ağac kəsilməsi faktları qeydə alınırdı. Habil müəllim indi bu ərazidən arxayındır. Lakin işin təkcə mühafizə ilə bitmədiyini bildiyindən meşələrin bərpası üçün qarşıda ciddi vəzifələr qoyub.
Ekoloq dostum deyir ki, bu torpağı, onun üstündəki nemətləri, xüsusilə bu yerlərə əsrarəngiz gözəllik verən meşələri sevmədən, onlar üçün məsuliyyət daşıdığını dərk etmədən ümumi işə fayda verə bilməzsən. Habil müəllim kollektivdə çalışanlara bu keyfiyyətlərə görə dəyər verir və etibar edir. Meşələrin qorunmasında isə etibar hər şeydən vacibdir.
Bəxtiyar müəllim bir qədər də qayğılanaraq əlavə etdi ki, indi meşəyə uzanan əllər “kəsildiyi” üçün orda-burda dedi-qodu yayırlar. Bu, təbiidir. Amma bu nə 1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Habil Əliyevi, nə də onun rəhbərlik etdiyi kollektivi narahat edir. Yaxşı deyiblər ki, vicdan təmizdirsə, ləkə götürməz. Meşəçi ona görə çətin peşədir ki, ağaclara uzanan əlləri kəsməyəndə onun sahibləri sənə çirkab atır, mane olanları yollarından təmizləmək istəyirlər. Gərək belə təzyiqlərə də sinə gərib mübarizədən geri çəkilməyəsən. Çünki meşəni qorumaq da bir döyüşdür. Qalib gəlmək istəyirsənsə, gərək təmiz olasan və geri çəkilməyəsən.
Xanbulançay dəryaçasının sahilində durub göz işlədikcə uzanan, payızın gəlişi ilə min bir rəngə boyanan canlı tabloya, əsrarəngiz Talış meşələrinə nəzər salıram. Nəfəs aldıqca ruhum təzələnir və özümdən ixtiyarsız deyirəm: “Allahım, axı bu gözəlliyə, bu ilahi varlığa necə qıymaq olar?! Biz bunu qorumasaq, gələcək nəsillərə nəyi miras qoyub gedəcəyik?! Nə yaxşı siz varsınız, əziz meşəçilər. Allah sizi qorusun ki, siz də meşələrimizi, bu ilahi gözəlliyi qoruyasınız!”.
İlqar RÜSTƏMOV,
Əməkdar jurnalist


