Meta 567 milyon dollar cərimələnib

07.08.2026

Icma.az bildirir, Banco.az portalına istinadən.

Müəllif: Gülnar Əhmədli, Banco.az

ABŞ-nin Nyu-Meksiko ştatında məhkəmə Meta şirkətinin Facebook və Instagram platformalarının gənclərin rifahına mənfi təsir göstərdiyi qənaətinə gələrək şirkətə qarşı mühüm qərar qəbul edib.

Banco.az xəbər verir ki, qərar həm maliyyə sanksiyasını, həm də platformalarda təhlükəsizlik tədbirlərinin gücləndirilməsini nəzərdə tutur.

Məhkəmə Meta-nın platformalarının uşaqlarda asılılıq yaratdığını və onların cinsi istismardan qorunması sahəsində kifayət qədər tədbir görmədiyini əsas gətirib. Qərara əsasən, şirkət 567 milyon dolları gənclərin psixi sağlamlığı fonduna ödəyəcək.

Bundan başqa, Meta 5 il ərzində yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə aylıq məhdudiyyətlər tətbiq etməli, bildirişləri məhdudlaşdırmalı, böyüklərin azyaşlılarla əlaqəsini daha ciddi nəzarətdə saxlamalı, süni intellekt çat-botlarının uşaqlarla romantik və ya cinsi məzmunlu ünsiyyətinin qarşısını almalı, həmçinin uşaq istismarı ilə bağlı şikayətləri daha ciddi araşdırmalıdır.

Meta qərardan apellyasiya şikayəti verəcəyini açıqlayıb. Şirkət bəzi tələblərin texniki baxımdan mümkün olmadığını və qərarın faktları düzgün əks etdirmədiyini bildirib.

Nyu-Meksikonun baş prokuroru Raul Torrez isə bu qərarın təkcə Meta üçün deyil, bütün sosial media sektoru üçün presedent ola biləcəyini vurğulayıb. Onun sözlərinə görə, qərar digər ştatlar və ölkələr üçün də nümunə rolunu oynaya bilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью