Milli albanşünaslığın fədakar araşdırıcısı

28.11.2026

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Fəridə Məmmədova – 90

Dünən AMEA-nın Tarix və Etnologiya İnstitutunda “Yaxın Şərq sivilizasiya­sı kontekstində Qafqaz Albaniyasının xristian kilsəsi” mövzusunda XIII beynəlxalq elmi konfrans keçirilib. Ənənəvi olaraq hər il təşkil olunan toplantı bu dəfə görkəm­li albanşünas alim, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Fəri­də Məmmədovanın anadan olmasının 90 illiyinə həsr olunub. Konfransın təşkilatçısı AMEA-nın Tarix və Etnologiya İnstitutudur.

İnstitutun direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov konfransı açaraq qo­naqları və iştirakçıları ürəkdən salamladı:

– Bir əsrlik yubileyi ötən il təntənəli şəkildə qeyd edilən institutumuzun həyatında bu gün çox əlamətdar gündür. Məlumdur ki, Qafqaz Albaniyası tarixinin dərindən öyrənilməsi kollektivimizin qar­şısında duran ən mühüm vəzifələrdən biridir. Bu is­tiqamətdə dünyaşöhrətli albanşünas alim, professor Fəridə Məmmədovanın danılmaz xidmətləri olmuş­dur. Ümid edirəm ki, konfransda aparılan geniş elmi müzakirələr, irəli sürülən fikir və mülahizələr, əldə edilən dəyərli nəticələr elmi yaradıcılığına və əziz xatirəsinə dərin hörmət bəslədiyimiz böyük alimin ruhunu sevindirməklə bərabər, milli tarix elmimizi yeni nailiyyətlərlə daha da zənginləşdirəcək.

Kərim Şükürovun sözlərinə görə, konfransın “Yaxın Şərq sivilizasiyası kontekstində Qafqaz Al­baniyasının xristian kilsəsi” mövzusuna həsr olun­ması Qafqaz Albaniyasının xristian irsinin regionun və Yaxın Şərqin tarixi məkanında xüsusi əhəmiyyət daşıması ilə şərtlənir. Belə ki, Alban Apostol Avto­kefal Kilsəsinin tarixi, onun təşəkkülü, digər xristi­an mərkəzləri ilə qarşılıqlı münasibətləri, eləcə də Qafqazın siyasi, ictimai və mədəni həyatındakı rolu müasir tarixi, ilahiyyat və fənlərarası tədqiqatlar baxımından bu gün də böyük maraq doğurur.

Konfrans iştirakçılarını, qonaqları hərarətlə salamlayan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirdi ki, konfrans 2 cəhətdən xüsu­silə əhəmiyyətlidir. Birinci cəhət ondan ibarətdir ki, Azərbaycanın son illərdə qazandığı hərtərəfli uğurlara qısqanc yanaşan bir çox əcnəbi elmi və si­yasi dairələrdə Qafqaz Albaniyası dövlətinin tarixi ərazisi, əhalisi, dili, dini və etnik mənşəyi barədə müzakirələr səngimir. Xüsusilə erməni alimləri bu istiqamətdə saxtakar əməllərindən əl çəkmirlər. Buna görə də bu sahədə obyektiv həqiqətlərin üzə çıxarılaraq dünya ictimaiyyətinin diqqətinə çatdırıl­ması son dərəcə vacibdir.

Akademikin fikrincə, konfransın keçirilməsi­ni zəruri edən ikinci cəhət isə budur ki, 6 ildir ki, müstəqil Azərbaycan dövləti və xalqımız Ermənis­tan silahlı qüvvələrinin işğalı altında olan ərazilə­ri düşməndən azad etmişdir. Həmin ərazilərdəki Qafqaz Albaniyasına məxsus tarixi-mədəni abidələr artıq alim və tədqiqatçılarımız üçün tamamilə əlça­tandır. Bir müddət əvvəl Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasi­yasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərliyi ilə ölkəmizdə fəaliyyət göstərən bir qrup diplomat Qarabağda işğaldan azad edilmiş ərazilərə səfər etmişdir. Xarici diplomatlar erməni vandallarının xalqımıza məxsus tarixi-mə­dəniyyət abidələrinə qarşı necə vəhşicəsinə davran­dıqlarının şahidi olmuşlar. Akademik İsa Həbibbəy­li hesab edir ki, AMEA-nın müvafiq institutlarının əməkdaşları işğaldan azad edilmiş ərazilərdəki ta­rix-mədəniyyət abidələrimizin pasportlaşdırılması ilə bağlı fəaliyyətlərini genişləndirməlidirlər.

Azərbaycan Respublikası Prezidentinin Ad­ministrasiyasının Strateji araşdırmalar sektorunun müdiri Fuad Axundov belə bir nüfuzlu toplantıda iştirakın böyük şərəf olduğunu bildirdi və mərhum professor Fəridə Məmmədova ilə bağlı kövrək xatirələrini dilə gətirdi. Fuad müəllim dərin məm­nunluq hissi ilə vurğuladı ki, görkəmli vətənpərvər alim ölkəmizdə tarix elminin inkişafına, xüsusilə də albanşünaslığın müstəqil tədqiqat istiqaməti kimi formalaşmasına mühüm töhfələr vermişdir.

AMEA-nın Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Ülviy­yə Hacıyeva qeyd etdi ki, professor Fəridə Məm­mədova Qafqaz Albaniyasının ərazisini uzun bir tarixi dövr ərzində – eramızdan əvvəl III əsrdən VIII əsrinədək dərindən öyrənmiş, bu araşdırmala­rın nəticəsi olaraq dəyərli elmi əsərlər ortaya qoy­muşdur. Bu əsərlər bugünkü və gələcək nəsil tarixçi alimlərimiz üçün hər zaman mötəbər mənbə rolunu oynayacaq.

Azərbaycan Dillər Universiteti nəzdində fəaliy­yət göstərən Azərbaycanşünaslıq və Multikultura­lizm Mərkəzinin direktoru Rəvan Həsənov bildirdi ki, professor Fəridə Məmmədova sanballı elmi əsər­lərində Qafqaz Albaniyasının etnik tarixinə, alban etnosunun formalaşmasına, onun tarixi taleyinə və alban etnomədəni komponentinin Azərbaycan xalqının formalaşmasında iştirakına xüsusi diqqət yetirmişdir. O, Qafqaz Albaniyasının tarixi coğrafi­yası, albanların etnogenezi, əhalinin formalaşması və dil mühiti, kilsə təşkilatının tarixi, Qafqaz-alban dili və yazısı, habelə maddi və mənəvi irsin qorun­ması, öyrənilməsi məsələləri ilə bağlı dəyərli fikir və mülahizələrini səsləndirdi.

Görkəmli din xadimi, teoloq Andrey Valeria­noviç Nikonorov (Arximandrit Aleksiy) professor Fəridə Məmmədovanın Alban Apostol Avtokefal Kilsəsinin kanonik statusu, yeparxiya quruluşu, beynəlxalq əlaqələri və Qafqaz Albaniyasının həya­tında tarixi rolu barədə dəyərli elmi mülahizələrini yüksək qiymətləndirdi.

Konfrans 4 bölmə iclası ilə davam etdirildi. Bi­rinci bölmədə səslənən çıxışlarda əsasən bildirildi ki, Alban kilsəsinə yalnız dini təşkilat kimi deyil, həm də Qafqaz Albaniyasının tarixi, siyasi və mə­dəni həyatının mühüm institutu kimi nəzər salınma­lıdır. Bu mənada, xüsusilə Gəncəsar katolikosluğu­nun, onun müstəqilliyinin və regionun xristian kilsə strukturları sistemindəki yerinin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir.

İkinci bölmə Qafqaz Albaniyasının etnik ta­rixi, dil müxtəlifliyi, alban əhalisinin tarixi kim­liyinin öyrənilməsi məsələlərinə həsr olundu. Müzakirələr çərçivəsində Xınalıq dilinin qohum dillər arasında yeri, hinux, didoy və bejta dillərində xristian leksikası, udin etnik qrupunun mövcudlu­ğunun tarixi-antropoloji və hüquqi əsasları, eləcə də udin dilinin qədim dil ənənəsinin canlı varisi və Qafqaz-alban palimpsestlərinin anlaşılmasının açarı olduğu vurğulandı.

Üçüncü bölmə Qafqaz Albaniyasının arxeolo­ji, memarlıq və tarixi-mədəni irsinə həsr olundu. Buradakı müzakirələrdə regionun tarixində alban dövrü ilə bağlı xristian abidələrinin, arxeoloji komplekslərin və tarixi obyektlərin yeni tədqiqat nəticələri diqqət mərkəzində oldu.

Dördüncü bölmədə Qafqaz Albaniyasının siyasi tarixi, dövlət quruluşu, dini prosesləri, so­sial-iqtisadi inkişafı və mədəni transformasiya­sı məsələləri ətrafında fikir mübadiləsi aparıldı. Müzakirələr zamanı erkən orta əsrlərdə Qəbələnin dini həyatı, Qafqaz Albaniyasının qədim rəsmi adı Ardanın mənşəyi, Urartu mixi yazılı mənbələ­rində Alban dövləti haqqında ilk məlumatlar, III Mömin Vaçaqanın dini islahatlarının Albaniyanın sosial və siyasi həyatına təsiri, Zəngəzurun (Süni­kin) Qafqaz Albaniyası tarixində yeri, ellinizmin Qafqaz Albaniyasına təsiri, Çolanın Albaniya ta­rixində yeri və rolu və digər elmi problemlər araş­dırıldı.

Konfransdan sonra AMEA-nın Tarix və Et­nologiya İnstitutunun Qədim dövr tarixi şöbəsi­nin müdiri Ramin Əlizadədən XQ üçün toplantı barədə eksklüziv təəssüratlarını bildirməsini xahiş etdik. Ramin müəllim dedi ki, şəxsən özü toplantı­nın dördüncü bölməsində “Urartu dövlətinin Etiu və Alban dövlətləri haqqında ilk məlumatları” mövzusunda çıxış edib. Hesab edir ki, bu nüfuzlu elmi platforma, faktiki olaraq, Qafqaz Albaniyası­nın tarixi və mədəniyyətinin aktual məsələlərinin müzakirəsi, elmi tədqiqatların nəticələrinin müba­diləsi və beynəlxalq əməkdaşlığın genişləndiril­məsi üçün mühüm platformaya çevrilib.

Sonda bildirək ki, görkəmli albanşünas alim, professor Fəridə Məmmədovanın elmi fəaliyyə­tinin dövlətimiz yüksək qiymətləndirmişdir. O, “Əməkdar elm xadimi” adına (1990), Dövlət mü­kafatına (1990) layiq görülmüş, “Şöhrət” ordeni (2004), “Y. Məmmədəliyev”, “Nizami”, “Patriarx Moskovskiy i vsey Russi Aleksiy II” adına medal­larla, o cümlədən “Qızıl qələm” mükafatı ilə təltif edilmişdir. 

Məsaim ABDULLAYEV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью