Milli albanşünaslığın fədakar araşdırıcısı
Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Fəridə Məmmədova – 90
Dünən AMEA-nın Tarix və Etnologiya İnstitutunda “Yaxın Şərq sivilizasiyası kontekstində Qafqaz Albaniyasının xristian kilsəsi” mövzusunda XIII beynəlxalq elmi konfrans keçirilib. Ənənəvi olaraq hər il təşkil olunan toplantı bu dəfə görkəmli albanşünas alim, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Fəridə Məmmədovanın anadan olmasının 90 illiyinə həsr olunub. Konfransın təşkilatçısı AMEA-nın Tarix və Etnologiya İnstitutudur.
İnstitutun direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov konfransı açaraq qonaqları və iştirakçıları ürəkdən salamladı:
– Bir əsrlik yubileyi ötən il təntənəli şəkildə qeyd edilən institutumuzun həyatında bu gün çox əlamətdar gündür. Məlumdur ki, Qafqaz Albaniyası tarixinin dərindən öyrənilməsi kollektivimizin qarşısında duran ən mühüm vəzifələrdən biridir. Bu istiqamətdə dünyaşöhrətli albanşünas alim, professor Fəridə Məmmədovanın danılmaz xidmətləri olmuşdur. Ümid edirəm ki, konfransda aparılan geniş elmi müzakirələr, irəli sürülən fikir və mülahizələr, əldə edilən dəyərli nəticələr elmi yaradıcılığına və əziz xatirəsinə dərin hörmət bəslədiyimiz böyük alimin ruhunu sevindirməklə bərabər, milli tarix elmimizi yeni nailiyyətlərlə daha da zənginləşdirəcək.
Kərim Şükürovun sözlərinə görə, konfransın “Yaxın Şərq sivilizasiyası kontekstində Qafqaz Albaniyasının xristian kilsəsi” mövzusuna həsr olunması Qafqaz Albaniyasının xristian irsinin regionun və Yaxın Şərqin tarixi məkanında xüsusi əhəmiyyət daşıması ilə şərtlənir. Belə ki, Alban Apostol Avtokefal Kilsəsinin tarixi, onun təşəkkülü, digər xristian mərkəzləri ilə qarşılıqlı münasibətləri, eləcə də Qafqazın siyasi, ictimai və mədəni həyatındakı rolu müasir tarixi, ilahiyyat və fənlərarası tədqiqatlar baxımından bu gün də böyük maraq doğurur.
Konfrans iştirakçılarını, qonaqları hərarətlə salamlayan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirdi ki, konfrans 2 cəhətdən xüsusilə əhəmiyyətlidir. Birinci cəhət ondan ibarətdir ki, Azərbaycanın son illərdə qazandığı hərtərəfli uğurlara qısqanc yanaşan bir çox əcnəbi elmi və siyasi dairələrdə Qafqaz Albaniyası dövlətinin tarixi ərazisi, əhalisi, dili, dini və etnik mənşəyi barədə müzakirələr səngimir. Xüsusilə erməni alimləri bu istiqamətdə saxtakar əməllərindən əl çəkmirlər. Buna görə də bu sahədə obyektiv həqiqətlərin üzə çıxarılaraq dünya ictimaiyyətinin diqqətinə çatdırılması son dərəcə vacibdir.
Akademikin fikrincə, konfransın keçirilməsini zəruri edən ikinci cəhət isə budur ki, 6 ildir ki, müstəqil Azərbaycan dövləti və xalqımız Ermənistan silahlı qüvvələrinin işğalı altında olan əraziləri düşməndən azad etmişdir. Həmin ərazilərdəki Qafqaz Albaniyasına məxsus tarixi-mədəni abidələr artıq alim və tədqiqatçılarımız üçün tamamilə əlçatandır. Bir müddət əvvəl Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərliyi ilə ölkəmizdə fəaliyyət göstərən bir qrup diplomat Qarabağda işğaldan azad edilmiş ərazilərə səfər etmişdir. Xarici diplomatlar erməni vandallarının xalqımıza məxsus tarixi-mədəniyyət abidələrinə qarşı necə vəhşicəsinə davrandıqlarının şahidi olmuşlar. Akademik İsa Həbibbəyli hesab edir ki, AMEA-nın müvafiq institutlarının əməkdaşları işğaldan azad edilmiş ərazilərdəki tarix-mədəniyyət abidələrimizin pasportlaşdırılması ilə bağlı fəaliyyətlərini genişləndirməlidirlər.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Strateji araşdırmalar sektorunun müdiri Fuad Axundov belə bir nüfuzlu toplantıda iştirakın böyük şərəf olduğunu bildirdi və mərhum professor Fəridə Məmmədova ilə bağlı kövrək xatirələrini dilə gətirdi. Fuad müəllim dərin məmnunluq hissi ilə vurğuladı ki, görkəmli vətənpərvər alim ölkəmizdə tarix elminin inkişafına, xüsusilə də albanşünaslığın müstəqil tədqiqat istiqaməti kimi formalaşmasına mühüm töhfələr vermişdir.
AMEA-nın Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Ülviyyə Hacıyeva qeyd etdi ki, professor Fəridə Məmmədova Qafqaz Albaniyasının ərazisini uzun bir tarixi dövr ərzində – eramızdan əvvəl III əsrdən VIII əsrinədək dərindən öyrənmiş, bu araşdırmaların nəticəsi olaraq dəyərli elmi əsərlər ortaya qoymuşdur. Bu əsərlər bugünkü və gələcək nəsil tarixçi alimlərimiz üçün hər zaman mötəbər mənbə rolunu oynayacaq.
Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycanşünaslıq və Multikulturalizm Mərkəzinin direktoru Rəvan Həsənov bildirdi ki, professor Fəridə Məmmədova sanballı elmi əsərlərində Qafqaz Albaniyasının etnik tarixinə, alban etnosunun formalaşmasına, onun tarixi taleyinə və alban etnomədəni komponentinin Azərbaycan xalqının formalaşmasında iştirakına xüsusi diqqət yetirmişdir. O, Qafqaz Albaniyasının tarixi coğrafiyası, albanların etnogenezi, əhalinin formalaşması və dil mühiti, kilsə təşkilatının tarixi, Qafqaz-alban dili və yazısı, habelə maddi və mənəvi irsin qorunması, öyrənilməsi məsələləri ilə bağlı dəyərli fikir və mülahizələrini səsləndirdi.
Görkəmli din xadimi, teoloq Andrey Valerianoviç Nikonorov (Arximandrit Aleksiy) professor Fəridə Məmmədovanın Alban Apostol Avtokefal Kilsəsinin kanonik statusu, yeparxiya quruluşu, beynəlxalq əlaqələri və Qafqaz Albaniyasının həyatında tarixi rolu barədə dəyərli elmi mülahizələrini yüksək qiymətləndirdi.
Konfrans 4 bölmə iclası ilə davam etdirildi. Birinci bölmədə səslənən çıxışlarda əsasən bildirildi ki, Alban kilsəsinə yalnız dini təşkilat kimi deyil, həm də Qafqaz Albaniyasının tarixi, siyasi və mədəni həyatının mühüm institutu kimi nəzər salınmalıdır. Bu mənada, xüsusilə Gəncəsar katolikosluğunun, onun müstəqilliyinin və regionun xristian kilsə strukturları sistemindəki yerinin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir.
İkinci bölmə Qafqaz Albaniyasının etnik tarixi, dil müxtəlifliyi, alban əhalisinin tarixi kimliyinin öyrənilməsi məsələlərinə həsr olundu. Müzakirələr çərçivəsində Xınalıq dilinin qohum dillər arasında yeri, hinux, didoy və bejta dillərində xristian leksikası, udin etnik qrupunun mövcudluğunun tarixi-antropoloji və hüquqi əsasları, eləcə də udin dilinin qədim dil ənənəsinin canlı varisi və Qafqaz-alban palimpsestlərinin anlaşılmasının açarı olduğu vurğulandı.
Üçüncü bölmə Qafqaz Albaniyasının arxeoloji, memarlıq və tarixi-mədəni irsinə həsr olundu. Buradakı müzakirələrdə regionun tarixində alban dövrü ilə bağlı xristian abidələrinin, arxeoloji komplekslərin və tarixi obyektlərin yeni tədqiqat nəticələri diqqət mərkəzində oldu.
Dördüncü bölmədə Qafqaz Albaniyasının siyasi tarixi, dövlət quruluşu, dini prosesləri, sosial-iqtisadi inkişafı və mədəni transformasiyası məsələləri ətrafında fikir mübadiləsi aparıldı. Müzakirələr zamanı erkən orta əsrlərdə Qəbələnin dini həyatı, Qafqaz Albaniyasının qədim rəsmi adı Ardanın mənşəyi, Urartu mixi yazılı mənbələrində Alban dövləti haqqında ilk məlumatlar, III Mömin Vaçaqanın dini islahatlarının Albaniyanın sosial və siyasi həyatına təsiri, Zəngəzurun (Sünikin) Qafqaz Albaniyası tarixində yeri, ellinizmin Qafqaz Albaniyasına təsiri, Çolanın Albaniya tarixində yeri və rolu və digər elmi problemlər araşdırıldı.
Konfransdan sonra AMEA-nın Tarix və Etnologiya İnstitutunun Qədim dövr tarixi şöbəsinin müdiri Ramin Əlizadədən XQ üçün toplantı barədə eksklüziv təəssüratlarını bildirməsini xahiş etdik. Ramin müəllim dedi ki, şəxsən özü toplantının dördüncü bölməsində “Urartu dövlətinin Etiu və Alban dövlətləri haqqında ilk məlumatları” mövzusunda çıxış edib. Hesab edir ki, bu nüfuzlu elmi platforma, faktiki olaraq, Qafqaz Albaniyasının tarixi və mədəniyyətinin aktual məsələlərinin müzakirəsi, elmi tədqiqatların nəticələrinin mübadiləsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi üçün mühüm platformaya çevrilib.
Sonda bildirək ki, görkəmli albanşünas alim, professor Fəridə Məmmədovanın elmi fəaliyyətinin dövlətimiz yüksək qiymətləndirmişdir. O, “Əməkdar elm xadimi” adına (1990), Dövlət mükafatına (1990) layiq görülmüş, “Şöhrət” ordeni (2004), “Y. Məmmədəliyev”, “Nizami”, “Patriarx Moskovskiy i vsey Russi Aleksiy II” adına medallarla, o cümlədən “Qızıl qələm” mükafatı ilə təltif edilmişdir.
Məsaim ABDULLAYEV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 28 Noyabr 2026 13:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















