Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Oktyabrın 21-də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının təşkilatçılığı ilə “Biznes və insan hüquqları sahəsində Milli Fəaliyyət Planının hazırlanması istiqamətində əməkdaşlığın gücləndirilməsi” mövzusunda dəyirmi masa keçirilib.
SİA xəbər verir ki, tədbirdə Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı çıxış edərək biznes fəaliyyətinin insan hüquqlarına təsirinin həm müsbət, həm də bəzi hallarda mənfi xarakter daşıya bildiyini söyləyib.
O qeyd edib ki, biznesin inkişafı və sahibkarlığın dəstəklənməsi hər bir inkişaf etmiş və inkişaf etməkdə olan dövlətin əsas prioritetlərindən biridir.
Azərbaycan dövləti tərəfindən bu istiqamətdə səmərəli qanunvericilik və institusional mexanizmlər formalaşdırılıb, biznes mühitinin daha da yaxşılaşdırılması üçün ardıcıl tədbirlər həyata keçirilir.
Aydın Səfixanlı vurğulayıb ki, dövlətin məqsədi yalnız iqtisadi inkişafı təmin etmək deyil, həm də insan hüquq və azadlıqlarının müdafiəsini təmin etməkdir.
Bu baxımdan, biznes strukturlarının da fəaliyyətləri zamanı insan hüquqlarının qorunmasına xüsusi diqqət yetirməsi vacibdir.
O əlavə edib ki, hazırda dünyanın aparıcı şirkətləri ictimaiyyətə təqdim etdikləri hesabatlarda insan hüquqlarının qorunması, əməkdaşlarının hüquqlarının təminatı, eləcə də ətraf mühitə təsirlərlə bağlı məlumatları açıqlayırlar.