Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Əli Cabbarov, Naxçıvan Dövlət Universitetinin dosenti *** Hələ süni intellektin, yaxud internetin deyil, heç radio və televiziyanın da olmadığı bir dövrdə adamların oxumaq, dünyada və məmləkətdə olub-bitənlərdən xəbərdar olmaq marağı edə bir həddə çatmışdı ki, bu zaman baş verən hər hansı siyasi hadisə, yaranan texnoloji yenilik və ya keçirilən mədəni tədbir dövrün qəzetlərini sanki cəmiyyəin orqanik bir parçası halına gətirmiş, qəzet çıxarmaq və oxumaq maarifçilik və yenilik qaynağı kimi elit bir məşğuliyyətə dönmüşdü.
Belə bir dövrdə XIX əsrin ikinci yarısından başlayaraq dünyada sənaye, nəqliyyat, texnologiya və təhsil sahələrində baş verən inkişaf o zamankı Azərbaycan cəmiyyətini, onun aydınlarını da dərindən düşündürürdü.
Belə bir şəraitdə 150 il əvvəl, 1875-ci ildə yaranan “Əkinçi” qəzeti hələ Azərbaycan dilində heç bir qəzetin olmadığı dövr üçün milli mətbuatın flaqmanı kimi yaranıb, özündən sonrakı anadilli nəşrlər üçün də məktəb rolunu oynadı.
Bu məktəbi görə bilmək, oradakı dərsləri dinləyə bilmək üçün dövlət başçımız Prezident cənab İlham Əliyevin Sərəncamı ilə böyük təntənə ilə qeyd olunan Milli Mətbuatın 150 illik yubileyi ərəfəsində “Əkinçi”nin naşiri Həsən bəy Zərdabi ilə kiçik bir virtual söhbətlə gəlin keçmişə qayıdıq.
Şübhəsiz, Həsən müəllim bir ziyalı kimi XIX əsrin ikinci yarısındakı elmi-mədəni mühiti yaxşı bilən bir maarfçi baxışı ilə o dövrdə Rusiya imperiyasının tərkib hissəsi olan Azərbaycan cəmiyyətindəki problemləri, sadə insanlar arasındakı kütləvi savadsızlığı, orta əsrlərdən qalma feodal qayda-qanunlara, mövhumata və fanatizmə meyli yaxşı görürdü.
Cəmiyyətdəki təbəqələşmə, təhsilin rus dilində aparılması və bundan da yalnız varlı təbəqənin nümayəndələrinin bəhrələnməsi o dövrdəki Azərbaycanın tərəqqipərvər ziyalıların dərindən düşündürürdü.
Həsən bəy Zərdabi də bu qaranlıq mühitdən çıxış yolunu milli dilimizdəki kütləvi yazıb-oxumaqda görürdü ki, bunun da açarı ana dilmizdə nəşr olunacaq ilk qəzet nəşrindən keçirdi.