Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Mirzə Fətəli Axundzadənin milli ideya düşüncələrini dərindən əxz etmiş Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Firudin bəy Köçərli, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Üzeyir bəy Hacıbəyov, Məhəmməd Əmin Rəsulzadə, Sultan Məcid Qənizadə, Yusif Vəzir Çəmənzəminli, Abbas Səhhət, Abdulla Şaiq kimi görkəmli maarifçilər öz fədakar fəaliyyətləri ilə milli ideologiyanın təməl cığırlarını açmağa başladılar.
Milli özünüdərkin ilk faktlarından biri və bəlkə də ilk təsdiqi 22 iyul 1875-ci ildə Həsən bəy Zərdabinin “Əkinçi”si ilə cücərdi və daha geniş ziyalılar zümrəsini millətin gələcəyini hazırlamaq istiqamətində səfərbər edərək milli ideologiyanın geniş və labüd yoluna çıxardı.
“Əkinçi” qəzetində Moskvadan Nəcəf bəy Vəzirov və Əsgər ağa Gorani, Şamaxıdan Seyid Əzim Şirvani və Məhəmmədtağı Əlizadə Şirvani, Dərbənddən Heydəri və Tiflisdən Mirzə Fətəli Axundovun məqalələri və digər yazıları dərc olunurdu.
Cəmi 56 sayı işıq üzü görmüş “Əkinçi” mövcud olduğu cəmi iki il ərzində milli dünyagörüşü anlayışının millətin şüuruna gətirilməsi kimi vacib işin başlanğıcını qoya bildi.
“Əkinçi” ilə səpilən toxumlardan boy atmış “Ziya”, “Kəşkül”, “Kaspi” kimi milli şüurumuzu yetişdirən və möhkəmləndirən mətbuat orqanları azadlıq ruhunun coşqun burulğanını yaradan dalğalar kimi ictimai- siyasi hadisələrin ildən-ilə güclənən fırtınasına qoşuldular.
Əsrin sonuna doğru milli mətbuatımız artıq soydaşlarımızın şüurunda “Azərbaycan milləti” məfhumunun formalaşmasına, geniş kütlələr tərəfindən “müsəlman” olmaqla “Azərbaycanlı” olmaq arasındakı fərqin anlaşılmasına nail oldu və bununla da ictimai-siyasi şüurun inkişafına əhəmiyyətli bir təkan verdi.
Bünövrəsi “Əkinçi” ilə qoyulmuş milli mətbuatımız milli oyanışa, milli özünüdərkin şüurlarda daha da möhkəmlənməsi işinə əvəzsiz töhfələr verdi, lakin milli mübarizənin o zaman hələ sonu aydın görünməyən dolanbaclarında imperiya tərəfindən susduruldu.