Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 21 may, AZƏRTAC Sumqayıt Dövlət Dram Teatrında 1-ci Qarabağ müharibəsinin əfsanəvi iştirakçısı, Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş “Ölməz” adlı tamaşa hazırlanır.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səhnə əsəri Elşən Sərxanoğlunun eyniadlı əsəri əsasında hazırlanan qəhrəmanlıq dramıdır.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rejissoru Ümid Abbaszadədir.
Monotamaşada gənc aktyor Elay Xasıyev çıxış edəcək.Tamaşanın premyerası yaxın vaxtlarda nəzərdə tutulub.Tamaşada Natiq Qasımovun qəhrəmanlığından geniş bəhs edilir.
Natiq Qasımov hərbi əməliyyatlar zamanı altı döyüş yoldaşını itirdikdən sonra beş gün ərzində təkbaşına müdafiə etdiyi Alban kilsəsində mühasirədə qalır, ermənilərə müqavimət göstərərək təslim olmur.
Ermənilər Natiqi Xocalıda girov götürülən 22 sakini öldürəcəkləri ilə təhdid etdikdən sonra cəsur döyüşçümüz təslim olmağa razılaşır.
O, hətta təslim olduqda belə Azərbaycan bayrağını düşmənə vermir.