Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Doğru deyiblər ki, Vətən sevgisi və insanlıq borcu millət tanımır. Bu həqiqəti Azərbaycanın müstəqilliyi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş, əslən azərbaycanlı olmayan yüzlərlə qəhrəmanımızın şərəfli ömür yolu dəfələrlə sübut edib.Sergey Senyuşkin Azərbaycan torpaqlarının müdafiəsində və Xocalı fəlakətində dinc insanların xilasında adını tariximizə qızıl hərflərlə yazdıran xalqımızın unudulmaz qəhrəmanıdır. Azərbaycanın Milli Qəhrəmanı Sergey Aleksandroviç Senyuşkin 1957-ci il sentyabrın 15-də Rusiyanın Samara vilayətinin Sızran şəhərində anadan olub. 1974-cü ildə Sızran şəhər orta məktəbini bitirdikdən sonra Politexnik İnstitutuna daxil olub. 1975–1979-cu illərdə Ali Hərbi Təyyarəçilər Məktəbində təhsil alaraq Mİ-8 və Mİ-24 vertolyotlarının uçuş proqramlarına yüksək səviyyədə yiyələnib. 1989-cu ildə Zaqafqaziya Hərbi Dairəsindəki hərbi hissələrdən birinə komandir müavini vəzifəsinə təyin edilib. Birinci dərəcəli təyyarəçi, paraşüt idmanı üzrə ustalığa namizəd idi. 1 fevral 1992-ci ildən başlayaraq xidmətini Azərbaycan Respublikası Silahlı Qüvvələrində davam etdirib. 843 saylı hərbi hissənin Təlim-Məşq Mərkəzinin təyyarəçi təlimatçısı vəzifəsinə təyin edilib. Mayor S.Senyuşkin Azərbaycanın Hərbi Hava Qüvvələrinin yaradılmasında yaxından iştirak edib. Təlim-Məşq Mərkəzində Mİ-24 döyüş vertolyotunun uçuşlarını həyata keçirmək üçün hərbi xidmətə gələn mülki təyyarəçiləri hazırlaşdırmaqla bərabər, erməni işğalçılarına qarşı Qarabağda aparılan döyüş əməliyyatlarında iştirak edib. Hərbi vertolyotla Xocalıya uçub, qoca, qadın və uşaqların təhlükəli zonadan çıxarılmasında böyük fədakarlıq göstərib. Yaralanmağına baxmayaraq, öz borcunu layiqincə yerinə yetirib. 29 fevral 1992-ci ildə qəhrəmancasına həlak olub. İki qızı yadigar qalıb. Öz vətənində – Samara vilayətinin Sızran şəhərində dəfn edilib. Bakının Xətai rayonunda adına küçə var.
Həyat yoldşı Marina Senyuşkinanın dediklərindən: “Sergey peşəkar hərbçi idi. O, Rusiyanın və MDB-nin digər yerlərində çalışmışdı. 1992 ildə ona Azərbaycanda iş təklif edildi. Mən o vaxt Azərbaycanı tanımırdım. Mənə bu barədə deyəndə açığı bir az tərəddüd etdim. Adətən hərbçilərin işinə qarışmaq olmazdı. O, ilin əvvəllərində Azərbaycana gəldi, təxminən 10 gündən sonra bizi gətirdi. Gələn gündən Qarabağa göndərildi. O zaman Azərbaycanda peşəkar zabit az idi. Hərbi helikopterlərdən istifadə edənlər isə demək olar ki, yox idi. Sergeyin Hərbi Hava Qüvvələrinin yaradılmasında böyük zəhməti oldu. Evə gələndə isə bizə bir kəlmə də olsun bir söz deməzdi. Xocalı faciəsi zamanı o bir neçə dəfə ora gedib, yaralı insanları təhlükəsiz yerlərə çatdırmışdı. Bunu sonradan onun yanında olanlardan eşitdim. Sergey həlak olandan sonra düzü, Azərbaycanda qalmaq istəmədik. Fikirləşdik ki, burda heç kimi tanımırıq, bizim üçün burada yaşamaq çətin olar. Sergeyi öz doğulduğu yerdə dəfn elədik. İndi mən Azərbaycanı sanki öz vətənim bilirəm. Buradan ayrılmağı heç ağlıma da gətirmirəm. İki övladım var, düzdür, yanımda yaşamasalar da, tez-tez mənə baş çəkirlər.”
Vətənpərvərlik ruhda daşınan ləyaqətlə ölçülür. Bu torpağın çörəyini halallıqla yeyib, onun darlığında sinəsini sipər edən hər bir insan – bu Vətənin öz doğma övladıdır.
Müşfiq MİRZƏ
XQ