525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan ədəbiyyatının parlaq simalarından biri olan Bəxtiyar Vahabzadə xalqımızın yaddaşında təkcə böyük şair kimi deyil, həm də düşünən, oyadan və yol göstərən bir fikir adamı kimi qalıb.
Onun poeziyası – istiqlal, vətən, ana dili, azadlıq və insanlıq ideyalarının səsidir.
Hər bir misrasında həm ağıl, həm ürək, həm də vicdan danışır. Vahabzadənin şeirləri sadəcə bədii söz yığını deyil, ruhun tərcüməsidir.
Oxucu onun misralarında həm düşünür, həm duyur, həm də ruhən saflaşır. Şair sanki sözə can verir, onu nəfəsli, duyğulu bir varlığa çevirir.
Bəxtiyar Vahabzadənin poeziyası Azərbaycan xalqının ağrılı tarixini, milli faciələrini və qəhrəman ruhunu özündə yaşadır.
Şairin “Gülüstan” poeması iki yerə bölünmüş Azərbaycanın dərdini təkcə tarixi fakt kimi yox, milli vicdanın yarası kimi göstərir.
Vahabzadə üçün vətən sadəcə torpaq deyil – dildir, mədəniyyətdir, tarixdir, insanın öz varlığıdır.