Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Millilik və dünyəviliyin ümumtəhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri kimi müəyyənləşdirilməsini strateji əhəmiyyət daşıyan və zamanın tələblərinə cavab verən qərar hesab edirəm. Müasir təhsil sistemi yalnız bilik ötürən mexanizm deyil, həm də milli kimliyi formalaşdıran, vətəndaş məsuliyyəti yaradan və qlobal çağırışlara uyğun düşüncə tərzi inkişaf etdirən sosial institutdur. Bu baxımdan millilik və dünyəvilik bir-birini istisna edən deyil, tamamlayan anlayışlardır".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Azərbaycan Dillər Universitettinin (ADU) professoru, filologiya elmləri doktoru Vüsalə Ağabəyli səsləndirdi.
Onun fikrincə, dünyəvi ümumi təhsil sisteminin inkişafı üçün ilk növbədə elmi əsaslara söykənən, tənqidi təfəkkürü, analitik düşüncəni və yaradıcı yanaşmanı təşviq edən təhsil mühiti formalaşdırılmalıdır:
"Tədris proqramları müasir elmi nailiyyətlər, rəqəmsal transformasiya və süni intellekt dövrünün tələbləri nəzərə alınmaqla davamlı yenilənməli, müəllim hazırlığında innovativ pedaqoji yanaşmalar prioritet olmalıdır. Bununla yanaşı, ana dilimizin, ədəbiyyatımızın, tariximizin və mədəni irsimizin tədrisi daha dərin məzmunda təqdim edilməli, şagirdlərdə milli kimlik hissi ilə yanaşı, fərqli mədəniyyətlərə hörmət, multikultural dəyərlər və qlobal vətəndaşlıq anlayışı da formalaşdırılmalıdır".
V.Ağabəyli hesab edir ki, dünyəvilik milli-mənəvi dəyərlərdən uzaqlaşmaq deyil, onları müasir elmi düşüncə ilə uzlaşdırmaqdır:
"Güclü təhsil modeli məhz milli köklərinə bağlı, lakin dünyaya açıq, yüksək intellektual potensiala, rəqabətqabiliyyətli bilik və bacarıqlara malik şəxsiyyətlərin yetişdirilməsinə xidmət etməlidir. Məhz belə bir yanaşma Azərbaycanın gələcək inkişaf strategiyasına və insan kapitalının gücləndirilməsinə mühüm töhfə verə bilər".
Aytəkin TOFİQQIZI